29 mart 2020 17:28
3110

Ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır

Dünyada sürətlə yayılan koronavirus (COVID-19) infeksiyası insan cəmiyyətini cənginə alıb. Bir tərəfdən insanların sağlamlığını qorumaq, digər tərəfdən ortaya çıxan sosial-iqtisadi fəlakətlərdən qorunmaq dövlətlərin başlıca probleminə çevrilib. Koronavirusdan qorunmaq üçün kütləvi məlumatlandırma, dəqiq maarifləndirmə kampaniyalarının həyata keçirilməsinə baxmayaraq, virus sürətlə yayılır, yeni yoluxma və itkilər çoxalmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya adlandırdığı koronavirusu sadə dillə beynəlxalq böhran adlandıra bilərik.

Azərbaycanda koronavirusun yayılmaması üçün görülən işlər göstərdi ki, istənilən böhran halından çıxmaq üçün ənənələr və dəyərlər əvəzolunmaz nemətdir. Başqa sözlə, ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır. Fikirlərimi əsaslandırmaq üçün “Azərbaycan böhranı necə qarşıladı” sualı ətrafında faktlara müraciət etmək əhəmiyyət daşıyır. Əvvəla, qeyd etməliyəm ki, keçmiş SSRİ-nin süqutu illərində ermənilərin əsassız iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsi, bunun müharibəyə çevrilməsi, 1988-ci ildə təxminən 340 min azərbaycanlının Ermənistandakı öz yurdlarından vəhşicəsinə qovulması, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və nəhayət, bir milyondan çox soydaşımızın öz yurd-yuvasından didərgin düşməsi ölkəmizin və xalqımızın yaxın tariximizdə mərdliklə qarşıladığı ağır faciələr və böhranlı hadisələrdir. Bu hadisələrin hər birinin arxasında düşmən faktoru dururdu. Məqsəd ölkədə xaos yaratmaq, Azərbaycan dövlətçiliyinə son qoymaq idi. Lakin böyük çətinliklərlə də olsa xalqımız bu ağır sınaqlardan mərdliklə çıxdı. Koronovirus infeksiyası yuxarıda sadaladığım böhranlı hadisələrlə müqayisədə dəf olunması o qədər də ağır olmayan prosesdir. Burada iki mühüm amil var: əhalini kütləvi yoluxmadan qorumaq, sosial-iqtisadi fəsadlara davam gətirmək. Bu yerdə Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikindən mühüm bir məqamı xatırlatmaq əhəmiyyətlidir: “...Yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət göstərilir. Mən bu mövzu ilə bağlı fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişdim və bir daha demək istəyirəm ki, bu, bizim cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox, əməldə göstərilməlidir”. Bəli, yeni növ koronavirusa yoluxmalardan dünyasını dəyişənlərin ümumi statistikasına nəzər yetirsək görürük ki, gözəgörünməz düşmən sanki yaşlılara qənim kəsilib. Bu bəla ilə mübarizədə Azərbaycanın mühüm gücü sayılan milli dəyərlərə gəldikdə isə buna misal olaraq humanizm prinsiplərini göstərə bilərik. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və dövlətimizin başçısı bir illik əməkhaqqı məbləğini bu Fondunda ianə etdi. Böyük şirkətlərin, tanınmış şəxslərin, cəmiyyətimizin ayrı-ayrı təbəqələrini təmsil edən simaların bu yardımlaşma kampaniyasına qoşulması bir neçə gün ərzində, sözün əsl mənasında, milli birlik göstəricisinə çevrildi. Əslində, bu prosesdə ən böyük qazanc toplanan vəsaitdən çox Azərbaycan xalqının ümumi problemə qarşı mütəşəkkilliyidir. Bəli, Prezident İlham Əliyevin çağırışı ilə “böhrana qalib gələk və yaşlı nəslimizi qoruyaq” prinsipi əməli fəaliyyət istiqamətinə çevrildi.

Sözügedən infeksiyanın yayılması ilə mübarizədə Azərbaycandakı vəziyyət ürəkaçan olduğu qədər də nümunəvidir. Bu nümunəviliyin əsas meyarını dövlətin öz vətəndaşına sağlam münasibətində görə bilirik. Təşkil olunan çarter reysləri ilə vətəndaşlarımızın nizamlı qaydada xarici ölkələrdən təxliyəsi, Vətənə gətirilən insanların karantində saxlanılması kimi hallar dövlətin öz vətəndaşına göstərdiyi nümunəvi davranışdır. Bütün bunlarla bərabər, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da xalq tərəfindən böyük rəğbətlə qarşılandı.

Sonda mövzu ilə bağlı tanınmış ekspertlərin şərhlərinə müraciət etmək istərdim. Türkiyəli professor, tibb elmləri doktoru, tanınmış ictimai xadim İbrahim Öztək vəziyyəti belə şərh edib: “Azərbaycan koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün mübarizədə geniş imkanlara malikdir. Son illər səhiyyə sahəsində həyata keçirilən islahatlar, ən müasir cihazlar, müayinə aparatları ilə təchiz olunan laboratoriyalar, modern xəstəxanalar, o cümlədən yeni sağlamlıq mərkəzlərindəki ən müasir tibb avadanlıqları, son illər formalaşan kadr potensialı Azərbaycan xalqının sağlamlığının qorunmasına böyük töhfədir. Lakin heç kəs unutmamalıdır ki, öz məsuliyyəti ilə epidemiyanın sönməsinə kömək edə bilər”. Professor bildirib ki, birincisi, gündəlik həyatda təmiz olmaq, ikincisi, virusun yayılmasının beynəlxalq təhlükə mənbəyi olduğunu dərk etmək lazımdır. Bu iki məsələyə əməl edildikdə hökumətin tədbirləri güclü nəticə verəcək. Təmasların məhdudlaşdırılması, kütləvi toplaşmaqdan imtina etmək, təmizlik qaydalarına əməl etmək və s. hər kəsin milli-mənəvi məsuliyyəti olmalıdır.

Başqa bir maraqlı ekspert rəyi tibb elmləri doktoru, professor Adil Allahverdiyev tərəfindən verilib: “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) və Səhiyyə Nazirliyinin birlikdə həyata keçirdikləri tədbirlərin cəmiyyətimizin sağlamlığı üçün vacib olduğunu diqqətə çatdıran professor bildirib ki, hər bir vətəndaşımızın məsuliyyətli davranışı təkcə onun özünün yox, ailəsinin, doğmalarının, ünsiyyətdə olduğu digər insanların səhhətinin qorunması üçün vacibdir”.

...Və nəhayət, koronovirusla bağlı dünyadakı vəziyyət deməyə əsas verir ki, yaranmış böhran üç halda aradan qaldırıla bilər. Birincisi, virusun mutasiyası, yəni, təbii məhvi, ikincisi, onun müalicə və peyvəndinin tapılması, üçüncüsü isə orqanizmlərin kütləvi şəkildə bu infeksiyaya uyğunlaşması. Hər halda bu vaxtadək səhiyyə mütəxəssisləri bu versiyalardan hansının yaxında olması ilə bağlı əsaslı mühakimə yürütməyiblər. Azərbaycana gəldikdə, görünən budur ki, xalqımız dövlətimizin gücünə söykənərək bu amillərin hər üçünə hazırdır.

 

Sabir Şahtaxtı

AZƏRTAC