21 fevral 2019 19:06
868

Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir

Günter Ottinger: Azərbaycan ortaya böyük enerji təcrübəsi qoyur ki, Avropa İttifaqı bundan yalnız bəhrələnə bilər


Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı  dünyanın diqqətini yenidən Azərbaycana yönəldib. 2015 -cü il fevralın 12-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk görüşü keçirilmiş və layihənin reallaşması istiqamətində görüləcək işlər müzakirə olunmuş, bəyanat qəbul edilmişdi.

Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçilərinin- ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavinin müşaviri xanım Sandra Oudkirkin, Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottingerin,  digər ölkələrin nümayəndələrinin iştirak etdikləri beşinci toplantı ölkəmizin təşəbbüsü ilə reallaşan, vədinə nəzərdə tutulduğu vaxtda əməl edən Azərbaycanın  Avropa ölkələrinin enerji təhlükəsizliyi üçün gördüyü işlərə  verilən “əla” qiymət,  göstərilən dəstək idi.

İlk toplantıda Azərbaycanın təşəbbüsü, Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və daha sərfəli dəhlizin yaradılması təklifi tarixi hadisə kimi dəyərləndirilmiş, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, dünyanın enerji bazarında əhəmiyyəti vurğulanmışdı. İlk toplantıda ABŞ-ı təmsil edən Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn dövlətlərin enerji təhlükəsizliyi ilə bağlı fundamental hüquqa malik olmasını və dünyada hər bir ölkənin istənilən enerji mənbəyindən istifadədə sərbəst olduğunu diqqətə çatdıraraq bildirmişdi ki,  Bakı-Tbilisi-Ceyhan layihəsinin başa çatdırılması, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşası yeni mənbə kimi maraq doğuracaq.  Xəzərin təbii ehtiyatları Avropanın enerji xəritəsini dəyişəcək: “Burada söhbət yalnız TAP-ın üç ölkəsindən getmir. Bu layihə Bolqarıstanı, daha sonra isə Balkanları, yəni Monteneqro və Xorvatiyanı, oradan isə Macarıstanı və Ukraynanı əhatə edə biləcək.”

Bakıda təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında  artıq proqnozlardan deyil, dünyanın enerji xəritəsini dəyişən reallıqlardan ətraflı bəhs olundu. Enerji layihələrinin həllində  maddi- mənəvi dəstəyini əsirgəməyən ABŞ və Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirən Prezident İlham Əliyev bütün enerji layihələrini vahid komandanın birgə işi adlandırdı və münasibətlərin eyni səviyyədə davam etdiriləcəyini vurğuladı. “Avropa ölkələrindən Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadan olan nümayəndələri salamlayıram. Biz artıq bu layihənin reallaşdırılmasına məsul olan bir komandayıq” söyləyən cənab İlham Əliyev enerji layihələrinin həyata keçirilməsində əsas tərəfdaş olan Türkiyənin, Gürcüstanın birgə səylərini qiymətləndirdi.

Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur. Avropa İttifaqı bu layihələrin icrasında çox önəmli rol oynamışdır. 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanması ilə başlanan əməkdaşlıq nəticəsində hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın birgə səyi ilə geniş beynəlxalq əməkdaşlıq formatı yaradılıb. “Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi əminəm ki, növbəti mərhələdə bu layihəyə qoşulacaqlar” söyləyən cənab İlham Əliyev bildirdi ki, Cənub Qaz Dəhlizinin qolları olmalı, ixrac imkanlarımız genişlənməlidir.

Təcrübə göstərdi ki,  “Azərbaycan qazı üçün isə ən əlverişli bazar Avropa ölkələridir” deyimi özünü doğruldur. Layihələrlə bağlı müzakirələrin daimi iştirakçısı olduğu üçün ölkəmizlə əməkdaşlıqda maraqlı oluğunu bildirən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottingerin qeyd etdiyi kimi, bu cür iddialı, tarixi infrastruktur layihələri çox deyil: “ Bu gün biz təkcə geriyə baxmaq istəmirik, biz gələcəyə baxmalıyıq. Cənub Qaz Dəhlizi təkcə Avropanın enerji şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb etmir. O, həm də dəhliz boyunca yerləşən ölkələrdə və onların hüdudlarından kənarda dinamik proseslərə start verib. Söhbət təkcə qazdan deyil, daha çox məsələlərdən- qonşuluq və tərəfdaşlıqdan gedir.” Azərbaycanı enerji istehsal və ixrac edən mühüm ölkə kimi diqqətə çatdıran, Məşvərət Şurasını müxtəlif ölkələri və təşkilatları birləşdirən nadir çoxtərəfli platforma adlandıran   Günter Ottingerin “ Azərbaycanın enerjidən savayı, çox mühüm geosiyasi rolu var və bu ölkənin yerləşdiyi məkan ona nəinki beynəlxalq enerji qovşağı kimi, eyni zamanda, mühüm nəqliyyat qovşağı kimi də fəaliyyət göstərməyə imkan verir. Azərbaycan öz limanlarına və dəmir yolu şəbəkələrinə sərmayə yatırır. Azərbaycan Avropa İttifaqına Mərkəzi Asiyaya və Çinə çıxış əldə etmək üçün mühüm bir yol açır” sözləri ölkəmizin enerji diplomatiyasına və xarici siyasətinə verilən ən dəyərli qiymətdir.

Günter Ottingerin “Azərbaycan ortaya böyük enerji təcrübəsi qoyur ki, Avropa İttifaqı bundan yalnız bəhrələnə bilər” sözlərinin daha bir təsdiqi keçən il “Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri” adlı mühüm sənədin imzalanmasıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlərin müsbət xarakter aldığı sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur.

Cənub Qaz Dəhlizinin yeni enerji damarı adlandırılması da təsadüfi deyil.  Əsas məqam maraqlar balansını tənzimləmək, Azərbaycan qazını alacaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığı təmin etməkdir.

Cənub Qaz Dəhlizinə maraq göstərən Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumunun imzalanması da bu istəkdən qaynaqlanır. Əlbəttə, üzvlərinin sayı artan format sayəsində Azərbaycanın enerji resurslarının nəqli, yeni infrastruktur şəbəkəsinin coğrafiyası genişlənəcək. Macarıstandan, Rumıniyadan, Serbiyadan, San-Marinodan və Türkmənistandan olan nümayəndələrin toplantıda iştirakı ölkəmizin enerji layihələrinə maraqdan irəli gəlir.

Neft strategiyasının bəhrəsi olan enerji xronologiyasının zənginləşməsi, yeni ünvanların əlavə olunması ilə dünyada, regionda mövqeyini möhkəmləndirən Azərbaycanın hasilatçı, tranzit ölkə kimi beynəlxalq bazarlara çıxmaq imkanları genişlənir.

Neft strategiyasının həyata keçirilməsi ilə bir zamanlar qaz idxal edən Azərbaycan artıq təbii qazı ixrac edən ölkəyə çevrilib.

Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi, Azərbaycanla Türkiyənin birgə layihəsi olan TANAP haqqında müqavilənin imzalanması, Trans-Adriatik Boru Kəmərinin çəkilişi ilə bağlı müzakirələrin aktuallaşması həm də tərəfdaşlar arasında əməkdaşlığı möhkəmləndirdi.

Ötən ilin may ayında Cənub Qaz Dəhlizinin, iyunda isə TANAP-ın rəsmi açılışlarının keçirilməsi, Trans-Adriatik boru kəmərinin inşasında işlərin 87 faizinin yerinə yetirilməsi birgə əməyin bəhrəsidir. “Yəni, bir ildə biz böyük irəliləyişə nail olmuşuq, işlər uğurla gedir və ümidvaram ki, gələn il biz yeni nəticələr haqqında danışacağıq” söyləyən cənab İlham Əliyev əminliklə bildirir ki, 2020-ci ildə istifadəyə veriləcək TAP ölkəmizin enerji diplomatiyasına yeni uğurlar qazandıracaq.

“Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsi, Avropaya enerji resurslarının nəqli baxımından yeni, dayanıqlı və uzunmüddətli mənbə, dövlətlərin inkişafına, xalqlararası əməkdaşlığa xidmət edən iqtisadi formatdır

Deyilənləri toplantıda iştirak edən dövlətlərin sayı, nümayəndələrin artan tərkibi də təsdiqləyir.

Lakin Cənub Qaz Dəhlizi sonuncu olmayacaq. 2,6 trilyon kubmetr ehtiyata malik Azərbaycan təbii qazının ixracı üçün  yeni bazarlar axtarışındadır. “Böyük qaz ehtiyatına malik “Ümid””, “Babək”” yataqları və digər yataqlar da çox ümidvericidir. Ona görə də mən əminəm ki, “Şahdəniz”” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyi olmayacaq və yataqlarımızdan nə qədər çox qaz hasil edilsə, tərəfdaşlarımızı təchiz etmək və haqqında danışdığımız təchizat şəbəkəsini şaxələndirmək üçün daha çox potensial olacaq” söyləyən cənab İlham Əliyev  enerji təhlükəsizliyi layihələrinin gələcəkdə də tərəfdaş ölkələr üçün faydalı olacağını bildirir. Artıq Azərbaycan dünyada etibarlı tərəfdaş, sabit biznes mühitinin formalaşdığı, xarici investisiyaların qorunduğu ölkə adını çoxdan doğruldub.

Enerji resurslarının satışından qazanılan gəlirlərin ölkədə iqtisadi və sosial islahatların həllinə yönəldilməsi, infrastrukturun genişlənməsi dövlət siyasətimizin əsas istiqamətlərindən olan neft amilinin insan amilinə çevrilməsi imkanlarını da artırır.

Toplantıda söylənilənlər, qəbul olunan bəyanat göstərdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasına hər zaman ehtiyac var. G. Ottingerin söylədiyi kimi, Məşvərət Şurası çevik dəyişən enerji aləmində vacib müzakirə formatını davam etdirəcək: “Biz hamımız enerji keçidinin çoxsaylı çağırışları ilə üz-üzə qalmışıq. Avropa İttifaqı Azərbaycan kimi, Paris İqlim Sazişinə qoşulub və burada səbəb bütün Avropa üçün təmiz enerji mənbələrinin qəbul edilməsidir. Beləliklə, Avropa İttifaqı nəinki özünün 2030-cu ilə qədər enerji və iqlim hədəflərinə çatmaq üçün töhfə verir və təmiz enerjiyə keçid dönəmində rəhbərlik nümayiş etdirir, eyni zamanda, yeni enerji sistemlərimizin gələcəkdə necə fəaliyyət göstərəcəyinə dair dəyişiklikliyə hazır olmaq üzərində çalışır. Fakt etibarilə Avropa İttifaqı artıq 2030-cu ildən sonrakı dönəmə nəzər yetirir.” Təbii ki, qarşıdakı illərdə də Azərbaycan enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini qoruyacaq.

Xuraman İsmayılqızı, “İki sahil”