27 yanvar 2020 20:39
1064

Eriksen “İnter”ə müqavilə imzalamaq üçün Milana gəlib

İtaliyanın “İnter” klubunun transfer etmək üçün danışıqları başa çatdırdığı İngiltərənin “Tottenhem” komandasının futbolçusu danimarkalı Kristian Eriksen Milana gəlib.

AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, hücuma meyilli yarımmüdafiəçini “Berqamo” aeroportunda bir qrup azarkeş qarşılayıb.

Mənbənin bildirdiyinə görə, futbolçu tibbi müayinədən keçdikdən sonra “neradzurra” ilə dördillik müqavilə imzalayacaq. Bu transfer Milan təmsilçinə 20 milyon avroya başa gələcək. İyirmi yeddi yaşlı futbolçunun illik məvacibi 10 milyon avro olacaq.

K.Eriksen 2013-cü ildən “Tottenhem” klubunda çıxış edir. O, cari mövsümdə 27 oyunda 3 dəfə fərqlənib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.