17 fevral 2020 20:40
1545

Erməni ekspert: Paşinyan Ermənistanın qapısına avtoqol vurdu

“Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir” söyləyən Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı şok effekti yaradacaq faktları ortaya qoydu: “Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, - sazişin mətni internetdədir, - Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr - Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub. 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi verilməsi barədə yox. Bu da, həmçinin tarixi faktdır. Digər tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə Fərman qəbul etdi. Beləliklə, bu, tarixdir. Sonralar, 1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu. Sonra Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımız etnik təmizləməyə məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törətdi. Nəticədə aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır”.

Göründüyü kimi, panel müzakirələr zamanı Prezident İham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim etdiyi faktlar qarşısında aciz durumda qalan  Paşinyan özünü qorumaq üçün yersiz və gülünc iddialar irəli sürməyə məcbur oldu. Lakin bir dənə də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilmədi. Beləliklə, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını bir daha yüksək tribunadan beynəlxalq ictimaiyyətə bəyan etdi.

Müzakirə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyan üzərində arqument üstünlüyü ilə keçdi. Çünki bu söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirdi və burada da bütün haqq-ədalət, bütün məntiq Azərbaycanın tərəfindədir. Baş nazir Nikol Paşinyan nə qədər arqumentə və məntiqə möhtac həddinə gəlib ki, dünyanın bildiyi, canlı faktlar, sübutlarla təsdiqini tapmış, 650 nəfərdən çox qətli, yüzlərlə yaralı, yüzlərlə əsiri olan, hələ də şahidləri sağ olan və yaraları qurumamış tarixin Xocalı faciəsini inkar etməyə çalışdı. Onu da qeyd edək ki, heç bir əsası olmayan, heç bir reallığa sığmayan faktlarla çıxış edən Paşinyanın gülüş doğurucu çıxışları ölkəsində lağ obyektinə çevrilib.

Respublika Partiyasının sözçüsü Eduard Şarmzanov deyir ki, müzakirələr zamanı Paşinyan Ermənistanın qapısına avtoqol vurdu: “Əliyevlə Paşinyanın müzakirəsinə baxdınız? Bir neçə dəqiqə ərzində Ermənistan və Qarabağın qapısında avtoqollar vurdular”.

Paşinyanın ingilis dilində pis danışdığını və böyük Tiqran haqqında tarixi bilmədiyini qeyd edən Şarmazanov onu da vurğulayıb ki, mümkünsə, sən tarix haqqında danışma, qardaş.

Digər erməni politoloq Andranik Tevanyan hesab edir ki, debatda Nikol Paşinyan Prezident İlham Əliyevə məğlub oldu: “Belə debatlarda “psixoloji hazırlıq” və “bədən dili” önəmlidir. Ermənistan tərəfi açıq şəkildə uduzdu. Azərbaycan Prezidenti növbəti dəfə tələblərini aydın və möhkəm şəkildə dilə gətirdi, Paşinyan isə faktiki olaraq heç bir aydın fikir deməyi bacarmadı. Paşinyan nə biliyə, nə də operativ reaksiya vermək qabiliyyətinə malikdir. Beləliklə, o, özünün “real çəkisini” nümayiş etdirdi. Sübut etdi ki, dövlət başçısının kostyumu ona çox böyükdür”.

Siyasi ekspert Azər Həsrət məsələ ilə bağlı bildirdi ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında tarixi faktlara, arqumentlərə əsaslanan görüş bütün dünyanın diqqət mərkəzində olub: “Prezident İlham Əliyevin həm yüksək natiqlik qabiliyyəti, həm səlist ingiliscəsi, həm də ayrı-ayrı məsələlərə məntiqi və faktlar əsasında yanaşması Azərbaycan diplomatiyasının peşəkarlığının bariz nümunəsidir. Dövlətimizin başçısının fərqli olaraq isə Nikol Paşinyan tarix bilgilərinin və ingiliscəsinin nə qədər bərbad durumda olduğu heç kimin gözündən yayınmadı. Hətta ölkəmizin başçısı işğalçı ölkənin baş nazirinin Şaumyan rayonunun Dağlıq Qarabağa aid olduğunu, Xocalı soyqırımı və Xankəndi ilə bağlı söylədiyi yalan və tarixi təhriflərlə dolu fikirlərinə tutarlı cavab verdi ki, bu da bütün dünyanın qarşısında Paşinyana tarix dərsi vermiş oldu”.

Mənsumə Babayeva, “İki sahil”