KÖŞƏ

Vəli İlyasov

Erməni əsgəri niyə Azərbaycan Ordusuna təslim oldu?

23 avqust 2019 10:50
1934

Sıravi əsgər Aro Kazaryanın Ermənistandan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə dislokasiya olunan hərbi birləşmədən fərarilik edərək ağ bayraqla Azərbaycan Ordusuna təslim olması Nikol Paşinyan hakimiyyətinin erməni ordusu haqqında yaratmaq istədiyi mifi dağıtdı. Paşinyanın “dünyanın ən güclü 20 ordusundan biri” etmək istədiyi erməni ordusu təkcə qeyri-qanuni münasibətlər, zorakılıq və dəhşətli hadisələrin yaşandığı yox, həm də ağır vəziyyətə dözməyən əsgərlərin hərbi hissədən qaçmalarının mütəmadi baş verdiyi hərbi birləşmədir. Bədənində zədələr, əllərində siqaret kötüyünün söndürülməsi Kazaryanı bu vandalism hərəkətlərindən xilas olmaq üçün Azərbaycan tərəfinə qaçmağa vadar edib. Bu faktın özü erməni ordusunda hökm sürən anarxiya və xaos mühiti barədə yazılanların təbliğat yox, təkzibedilməz fakt olduğunu bir  daha təsdiqlədi.

Aro Kazaryan bir neçə gün əvvəl səhər saatlarında cəbhənin Füzuli istiqamətində hərbi hissədən qaçaraq Azərbaycan Ordusuna sığınıb. O, xidmət etdiyi hərbi hissədə olan özbaşınalıq, əsgərlərə qeyri-insani münasibətə, komandirlərinin və “dedovşinanın” təzyiqinə məruz qaldığı üçün fərarilik etdiyini deyir.

Yəqin ki, Aro Kazaryan üzləşdiyi təhqirlərə dözməyərək şüurlu şəkildə qaçmaq planı qurub və səhər saatlarında postda olanda tək qalan kimi silahını ataraq qaçıb. Erməni əsgərin bədənindəki zədələr, xüsusilə əlində siqaret kötüklərinin söndürülməsi və digər işgəncələr nəticəsində yaranan izlər erməni hərbi birləşmələrində baş verənləri əyani şəkildə göstərir. Görünür, 19 yaşlı erməni əsgər üçün yeganə çıxış yolu Azərbaycana sığınmaq olub.

Bu hadisədə üç məqam diqqət çəkir.

Birincisi, Aro Kazaryan Ermənistan vətəndaşıdır və bu, işğalçı ölkənin Dağlıq Qarabağdakı separatçı rejimin “özünümüdafiə dəstələri” uydurmalarını ifşa edən növbəti faktdır. 19 yaşlı əsgər Ermənistanın Vayotsdor rayonunun Yexeqis kəndindəndir və digər kasıb ailələrin uşaqları kimi, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə hərbi xidmətə göndərilib. Bu fakt bir daha təsdiq edir ki, Ermənistan vətəndaşları işğal altındakı bölgədə hərbi xidmət keçir və Dağlıq Qarabağa separatçı rejim yox, İrəvan nəzarət edir.

İkincisi, Kazaryan amili Ermənistan ordusunda acınacaqlı vəziyyətin keçmiş rejimin dövründəki kimi davam etdiyini əyani şəkildə sübut edir. İndiyə qədər erməni mediası orduda korrupsiyanın, özbaşınalığın, qeyri-insani münasibətlərin olduğunu yazır, komandirlərin əsgərləri təhqir etdiyini, əsgərlərdən əxlaqsız əməllər üçün istifadə olunduğunu qeyd edirdi.

Son illər Ermənistan cəmiyyətində silahlı qüvvələrin nüfuzu sürətlə düşür. Çoxsaylı əsgər ölümləri təkcə ön cəbhədə yox, həm də arxada, döyüşün getmədiyi yerlərdə də qeydə alınır. Zabitlər tərəfindən əsgərlərin təhqir edilməsi, genişmiqyaslı korrupsiya, “dedovşina”, normal qidalanma və geyimin yoxluğu, antisanitarya və digər hallar erməni gənclərinin ordudan qaçmasına səbəb olur. 2016-cı ilin “aprel müharibəsi”ndə çoxlu erməni əsgərinin ölümünü də əlavə etsək, erməni gənclərinin belə orduda xidmət etmək istəməməsi təbiidir.

İnqilabdan sonra ermənilər bütün sahələrdə olduğu kimi orduda da vəziyyətin düzələcəyinə ümid edirdilər. Lakin bütün sahələrdə olduğu kimi orduda da vəziyyət düzəlmədi, hətta əvvəlkindən daha da pisləşdi. Erməni mediası yazır ki, Sarkisyan rejimi heç olmasa itkilərin sayını açıqlayırdı, Paşinyan rejimi isə bunu qadağan edib və döyüş, eləcə də qeyri-döyüş şəraitində ölən əsgərlər bir çox halda gizli dəfn edilir, faktın üstünü açmamaları üçün ailələrinə təzyiqlər olunur. Kazaryanın fərarilik etməsinə müdafiə naziri David Tonoyanın  münasibəti Paşinyan hakimiyyətinin orduya necə yanaşdığını göstərir.

“Hazırda istintaq gedir, lakin mən əminəm ki, əsgərimiz azıb”, - Tonoyan Kazaryanın fərarilik edərək, Azərbaycan tərəfinə keçməsinə belə münasibət bildirib. Hərçənd, Kazaryanın əlində ağ bayraqla Azərbaycan Ordusuna tərəf keçməsi Tonoyanın axmaqladığını göstərir. Ermənistan mediası isə müdafiə nazirinin açıqlamasını biabırçılıq adlandırıb.

“Armenian report” saytı yazır ki, Tonoyan Nikol Paşinyanı təkrarlamaqla məşğuldur.

Erməni şərhçi Qalust Qriqoryan isə yazır ki, Kazaryanın fərariliyi fövqəladə hadisədir, lakin müdafiə naziri yalan danışmağa davam edir. “Tonoyan ordudakı problemləri gizlətməyə çalışır. Korrupsiyanın, zabit özbaşınalığının olmadığını iddia edir. Xalqın əlində dəmir kimi faktlar var, bunu necə inkar etmək olar?! 2016-cı ilin “aprel müharibəsi”ndə itkilərin sayı gizlədilirdi və bu gün də eyni şeylər təkrarlanır. Görünür, hakimiyyət Robert Koçaryanla mübarizəni daha üstün tutur”.

Bu faktlar işğalçı orduda ciddi çaxnaşmanın, acınacaqlı və dözülməz vəziyyətin  olduğunu təsdiqləyir. Buna rəğmən Ermənistanın hərbi-siyasi rəhbərliyi ağır vəziyyətin qarşısını almaqda da acizdir.