10 iyul 2019 10:28
1093

Erməni snayperləri dinc sakini atəşə tutub - FOTO

Erməni snayperləri Berd rayonunun Çinari və Muses kəndləri ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən təsərrüfat işi ilə məşğul olan Tovuz rayonunun Əlibəyli kənd sakini 35 yaşlı Rəşad Əliyevin idarə etdiyi traktoru atəşə tutublar.

Kənd sakini Ordu.az-a bildirib ki, günorta saatlarında biçin sahəsində ot bağlaması yığan zaman ona snayper tüfəngindən atəş açılıb. Atılan güllələrdən bir neçəsi traktorun kabinəsinə dəyib. Daha bir neçə güllə isə texnikanın şininə dəyərək, onu partladıb. Hadisə zamanı Rəşad Əliyev sürətlə yaxınlıqdakı xəndəyə girib və xəsarət almayıb. 

Dinc sakinləri hədəf alıb, cəbhədə vəziyyəti daim gərgin saxlamaq istəyən Ermənistan ordusu yenidən ciddi təxribatlar törədə bilər. Kənd sakinləri bildirir ki, son bir həftə ərzində həyətyanı sahələrə də ara-sıra atəş açırlar. 

Bütün bunlara baxmayaraq, Əlibəyli kəndində həyat öz axarı ilə davam edir. Onlar bilirlər ki, cəbhəboyu vəziyyət ordumuzun nəzarəti altındadır, düşmənin törədəcəyi istənilən təxribatın qarşısı anında alınacaq. 

Fakt Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.