KÖŞƏ

Sevinc Azadi

Erməni terroru sərhəd tanımır

25 aprel 2019 11:01
2257

Bir qrup erməni terrorçusu PKK/PYD-nin himayəsi altında yenidən təşkilatlanıb

Bu gün sivil dünyanın əsas probleminə çevrilmiş terrorizm sərhəd tanımırsa, demək artıq beynəlxalq terrorizm ilə qarşı-qarşıya qalmışıq. Ekspertlər həyəcan təbili çalırlar. Onlar statistik göstəricilərə əsaslanaraq qeyd edirlər ki, zaman keçdikcə, terror üsulları daha da təkmilləşir. Yeni texnologiyaların, silah və partlayıcı vasitələrin meydana çıxdığı dövrdə terrorçular da öz niyyətlərini həyata keçirmək üçün müxtəlif qüvvə və üsullardan yararlanırlar. Məhz bu baxımdan terrorizmi təkcə kamikadze hücumu və ya partlayışlarla əlaqələndirmək yanlış olardı. Artıq terrorizmin kimyəvi və bioloji üsullar, kiberterrorizm, maliyyə terrorizmi və digər növləri də geniş yayılıb. Bu şəbəkədə adi, savadsız insanlarla yanaşı, din xadimlərinə, elm ictimaiyyətinin nümayəndələrinə, hərbçilərə, keçmiş güc strukturlarının nümayəndələrinə qədər rast gəlmək olar. Ümumilikdə, terror aksiyalarının təhlilini apardıqda müxtəlif məkanlarda törədilən cinayətlərin hədəflərində fərqləri görmək mümkündür. Bəzi xarici ekspertlər terrorçuları əsasən “humanist” və “radikal” qruplara ayırırlar. Məsələn, bəzi Avropa ekspertləri bask separatçılarının İrlandiya Azadlıq Ordusu, GRAPO və ETA təşkilatını “humanist”lərə aid edir. Onların fikrincə, ETA partlayışlar zamanı insan kütlələrini hədəfə almır, əksinə, kütləyə hadisə barədə öncədən xəbərdarlıq edir. İnsanlığa qarşı ən qatı cinayətkarların “yuvası” ASALA və PKK-nı da “humanist”lərdən sayırlar. ASALA-nın konkret şəxslərə, PKK-nın isə əsasən hərbçilərə və güc strukturlarına qarşı terror planladığını əsas gətirən bəzi antiterror ekspertləri erməni terror təşkilatı olan ASALA-nın Qarabağda törətdiyi soyqırımları da görməzlikdən gəlirlər.

Ötən əsrin 70-ci illərində törətdiyi ağlasığmaz terror aktları ilə tarixə düşən ASALA erməni terror təşkilatı bütün dünya tərəfindən terror təşkilatı kimi tanınıb. Milyonlarla dinc vətəndaşın qətlinə səbəb olan erməni terrorunun 100 ili ötən tarixi var. Erməni terror təşkilatının törətdiyi 22 terror aktı nəticəsində 2000 nəfərdən artıq insan həyatını itirib. XX əsrdə Daşnaksütyun partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur. Bu erməni terror təşkilatlarının fəaliyyəti keçən əsrin 70-80-ci illərində  daha da genişlənib. 1975-ci ildə  -  Livanda yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı  təşkilatın üzvləri həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədiblər və nəticədə yüzlərlə günahsız insanlar erməni terrorizminin qurbanı olublar.

Bu günlərdə ermənilər özlərinin qatı terrorçu olduqlarını təsdiqləyən növbəti sensasion addım ataraq dəhşətli planlarını reallaşdırmaq üçün silahlı dəstə yaradıblar. Özlərini 104 il öncə - 1915-ci il hadisələrindən sonra Suriya və Livana köç edənlərin nəvələri adlandıran bir qrup erməni PKK/PYD terror təşkilatının himayəsi altında yenidən təşkilatlanıb. Daha əvvəl müxtəlif terrorçu qruplarla birlikdə fəaliyyət göstərən ermənilər bu dəfə öz taborlarını qurmağa cəhd göstərir. Təxminən, 200 nəfərdən ibarət qrupa Suriyada öldürülən terrorçu Nubar Ozanyanın (Orxan Bakırcıyan) adı verilib. Taborun liderlərindən olan Masis Otanyaf Suriyada Qamışlı, Haseki, Sərəkaniyə, Dırbəsiyə və Amudə kimi şəhərlərə dağılan erməniləri bir araya gətirən şəxsdir. Hər gün hərbi və psixoloji təlimlər keçən terrorçuların qaldığı qərargahın divarlarında qəribə yazılara və fotolara rast gəlinir. Bunlardan biri 1982-ci ildə 9 nəfərin həlak olduğu, 72 nəfərin yaralandığı Əsənboğa hücumunu gerçəkləşdirən ASALA terror təşkilatının üzvü Levon Ekmeçiyanın fotosudur. Terrorçular Türkiyədə qaranlıq bir sui-qəsdə qurban gedən jurnalist Hrant Dinkin fotolarını da təxribatları üçün istifadə edir. Erməni terrorçular hədəflərinin Türkiyə olduğunu gizlətmirlər. Onlar qondarma “erməni soyqırımı”nın intiqamını alacaqlarını bildirirlər.

Qeyd edək ki, PKK terror təşkilatı ilə ermənilərin radikal qrupları arasında münasibətlər bununla məhdudlaşmır. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gələn PKK-çılar işğalçı qruplara dəstək vermişdilər. Kandil və Qamışlıdan gələn birliklər Ağrı bölgəsindən Ermənistana keçmişdi. Göyçə (Sevan) gölü bölgəsindən PKK üçün ayrılan Vardenes düşərgəsində qonaq olan 400 nəfərlik qrup Qarabağda müharibənin alovlanması ilə birlikdə qaynar nöqtələrə göndərilmişdi.