KÖŞƏ

Qvami Məhəbbətoğlu

Erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə...

07 oktyabr 2020 17:50
1516

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayır ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli dövlətdir. Burada müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan xalqların nümayəndələri, o cümlədən ermənilər də yaşayırlar. Yəni, onlar da bizim vətəndaşlarımızdır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verib.

Hazırda baş verənlərin, yəni başlanan döyüşlərin baiskarı isə siyasi həyatda heç bir təcrübəsi olmayan, bütün həyatı boyu hətta kiçik bir şirkətə rəhbərlik etməyən, beynəlxalq münasibətlərdən başı çıxmayan, iki il bundan öncə Corc Soros tərəfindən maliyyələşdirilən “inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyandır. O Nikol Paşinyan ki, hakimiyyəti zəbt etdiyi gündən azərbaycanlılara qarşı təhqiramiz bəyanatlar verdi, bir sıra siyasi, hərbi təxribatlar törətdi, təhrikedici addımlar atdı. O Nikol Paşinyan ki, “Qarabağ Ermənistandır” deməklə özündən əvvəlki hakimiyyətlərin dövründə əldə olunan razılışmaların üstündən faktiki olaraq xətt çəkdi. Halbuki Nikol Paşinyan hakimiyyətə daxili çəkişmələr, iqtisadi böhran içində olan, regional və qlobal layihələrdən kənarda qalan Ermənistanda yaşanan böhrana son qoymaq iddiası ilə yiyələnmişdi. Amma göründüyü kimi, belə olmadı. Yəni, “inqilab”dan sonra baş nazirin verdiyi bütün vədlər kağız üzərində qaldı. Cənubi Qafqazın füreri kimi özünü aparan Nikol Paşinyanın yarıtmaz siyasətinə etiraz edənlər isə həbsxanalara atılmaqla susduruldu. Bununla da “alovlu inqilabçı” Nikol Paşinyan boş vədləri, cəfəng bəyanatları ilə ictimai fikri yayındırmaq üçün Azərbaycana hücum təşkil etdi, bununla da öz xalqını daha dəhşətli bəlaya saldı.

Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə erməni xalqının bədbəxtliyini ona quldur rejimin rəhbərlik etməsi ilə əlaqələndirən Prezident İlham Əliyev bildirmişdir ki, erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin. Çünki onu fəlakətlərə, o cümlədən müharibəyə  sürükləyən, xalqına qarşı istənilən təxribatı reallaşdıran, torpaqlarımızı işğal altında saxlayan  Ermənistanın faşist xislətli rəhbərliyidir. Erməni xalqı Ermənistanın rəhbərliyinin yürütdüyü bu siyasət nəticəsində özünün qurbanlıq olduğunu başa düşməlidir: “Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?”

Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində aparıcının “Qarabağ, işğal edilən torpaqlar yenidən Azərbaycana qaytarılandan sonra orada yaşayan ermənilərə nə deyəcəksiniz” sualına cavabında bildirmişdir ki, bizim mövqeyimiz dəyişməzdir: “Torpaqlarımız azad olunandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar bir yerdə yaşayacaqlar. İki toplum çərçivəsində, bir ölkə ərazisində… Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Biz onları belə tanıyırıq. Ümid edirəm ki, bu işğalçı siyasətə son qoyulandan sonra bizim xalqlarımız barışacaq.”

Son müşahidələr göstərir ki, artıq erməni xalqı ayılır. Belə ki, hakimiyyətin çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Orduda olanlar da  müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Çünki onlar başqasının torpağında ölmək istəmirlər. Ermənistanda isə hər gün aksiya, hər gün etirazlar yaşanır, siyasi gərginlik güclənir. Mediada da Nikol Paşinyan əleyhinə materialların dərci səngimir. Bütün bunlar ondan xəbər verir ki, erməni xalqı Nikol Paşinyanı yalnız vəzifəsindən uzaqlaşdırmaqla kifayətlənməyəcək, onu eyni zamanda mühakimə də edəcək.