20 avqust 2019 12:02
226

Ermənilər Ermənistan rəhbərliyinin cəbhə yalanlarını ifşa etdi

Spiker Mirzoyan erməni ordusunun Qazax tərəfdə irəlilədiyi haqda “şar üfürdü”

Azərbaycan Dövlət Sərhəd Xidmətinin “Qazax” sərhəd diviziyasının Ermənistanla sərhəddə yeni taktiki və strateji yüksəkliklər tutduğu haqda Bakıdan verilən açıqlamalardan sonra erməni tərəfi də öz ordusunun “şücaəti” barədə lovğa bəyanatlara çıxış edir.

Belə ki, bir gün əvvəl hərbi ekspert və tarixçi Artur Yegizaryan “Ermənistan ordusunun Azərbaycanla sərhədə 140 hektar torpaq azad etdiyini” bildirib. Və iddia edib ki, bu “irəliləmə” nəticəsində Ermənistan-Gürcüstan qaz kəmərinə təhlükə sovuşub, üstəlik Azərbaycandan Gürcüstana gedən şosse yoluna nəzarət imkanı yaranıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan isə “konkret hektarlar haqda” danışmaq istəməsə də erməni mövqelərinin həmin istiqamətdə möhkəmləndirildiyini deyib.

Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan ordusunun “140 hektar torpaq azad etməsi” haqda iddiaları rədd edib, belə bəyanatların istehza doğurduğunu bildirib.

Lakin Ermənistanda bu dəfə meydana parlamentin spikeri, hərbi xidmət üzü görməyən Ararat Mirzoyan çıxıb. Mirzoyan özünün Facebook səhifəsində yazıb ki, Ermənistan ordusunun hərəkətləri nəticəsində Tavuş vilayətinin Çinari kəndinin təhlükəsizliyi tamamilə təmin edilib. “Çinari daha atəşə tutula bilməz. Ermənistana gedən qaz kəməri də təhlükəsizdir”,-spiker bildirib.

Qeyd edək ki, Çinari kəndinin ətrafındakı hakim yüksəklik Azərbaycan ordusunun nəzarətindədir və həmin yüksəklikdən nəinki bu kəndi, eləcə də Ermənistanı Gürcüstanla birləşdirən əsas magistralı, habelə erməni ordusunun üzbəüz mövqelərini nəzarət altında saxlamaq mümkün olur. O zaman sərhədin həmin istiqamətində nə baş verib ki, Mirzoyanın iddia etdiyi kimi Çinari kəndi daha atəşə tutula bilməz?

Bu məsələyə çox keçmədən hərbi sahə üzrə ixtisaslaşmış Razm.info saytının koordinatoru Karen Vrtanesyan aydınlıq gətirib. O, dərc edilmiş informasiyanın mötəbərliyini sual altında alıb, üstəlik spikerin hərbi məsələlərdən qətiyyən baş çıxarmadığını ortaya qoyub.

“1. Çinarinin qaz kəməri ilə heç bir əlaqəsi yoxdur. Onlar bir-birindən 50 km. aralıdır. 2. Bizim Çinari istiqamətində mövqelərimiz müəyyən qədər yaxşılaşıb, amma düşmənin bütün mövqeləri də öz yerində qalır və kəndin üzərində yüksəlir. Atəş təhlükəsi əvvəlki kimi qalır. Kim Çinari kəndind nə vaxtsa olubsa başa düşməlidir ki, atəş təhlükəsi düşmənin kəndin üzərində yüksələn mövqeləri qaldıqca davam edəcək”,-Vrtanesyan yazıb.

Və əlavə edib ki, bu cür “şar üfürmək” Azərbaycan tərəfini cavab tədbirləri görməyə məcbur edə bilər.

“Hər bir belə axmaq və məsuliyyətsiz hay-küy bizim hərbi qulluqçular üçün əlavə ciddi risklər yaradır”,-o yazıb.

Məsələyə Artsurun Ovanisyan da münasibət bildirib. Bildirib ki, düşmənlə təmas şəraitində heç bir mövqe və ya yaşayış məntəqəsi tam müdafiə olunmuş sayıla bilməz. Amma Çinari kəndi rayonunda onların mövqeləri indi həqiqətən daha əlverişlidir. Amma Ovanisyan Ararat Mirzoyanın dediklərini şərh etmək istəməyib.

Musavat.com