21 yanvar 2021 16:21
591

Ermənilər Nizami Gəncəvinin əsərlərini necə oğurladılar?

Dünyanın söz xəzinəsinə qiymətli incilər bəxş etmiş dahi Azərbaycan şairi Nizami Gəncəvinin bəzi əsərləri bir çox xarici ölkə muzeylərində, o cümlədən Ermənistanda saxlanılmaqdadır. Bu əsərlərin orada tapılmasının səbəbi isə sadədir. Şah İsmayıl Xətainin sərkərdəsi və vəziri Rəvanqulu xanın  1500-cü illərdə tikdirdiyi İrəvan şəhəri 1920-ci ilə qədər Azərbaycanın gözəl şəhərlərindən və mədəni mərkəzlərindən biri idi. Ötən əsrin əvvələrində İrəvan Ermənistana verilən zaman oradakı tarixi əhəmiyyətə malik olan dini, mədəni, arxitektura, incəsənət nümunələri mənfur ermənilərin ixtiyarına keçdi. Xalq və dövlət kimi formalaşmamış və belə mədəni dəyərlərə möhtac olan ermənilər Azərbaycanın hər sahədə olan milli nümunələrini acgözlüklə mənimsəməyə başladılar. Ermənipərəst sovet hökumətinin köməyi ilə gəlmə ermənilər İrəvanda qalan Azərbaycan şair və yazıçılarının əsərlərini oğurlamaqdan belə çəkinmədilər.

Hazırda Nizami Gəncəvinin Azərbaycan türkcəsində olan əlyazmaları Ermənistanda gizli arxivdə saxlanılır. Bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev öz elmi tədqiqatlarında da qeyd edib. O, görkəmli şairimiz Nizami Gəncəvinin Azərbaycan türkcəsində yazdığı əsərlərin ermənilər tərəfindən gizlədilməsi ilə bağlı maraqlı faktları üzə çıxarıb: “1940-cı ildə İrəvan şəhərindəki Matenadaran qədim əlyazmalar muzeyində çalışan Şabanov soyadlı bir əməkdaş “№ 43,  fars əlyazmaları” bölməsində Nizami Gəncəvinin 1560-cı ildə Əbdül Əli Seyfi ibn- Abdullanın xəttatlığı ilə nəzmə çəkilən “Xəmsə”sini, 1700-cü ildə nəzmə çəkilən “Yeddi gözəl” əsərini və Azərbaycan-türk dilində Nizami Gəncəvi tərəfindən yazılan və “№ 57, fars əlyazmaları” bölməsindəki 12 beytlik qəzəlini aşkara çıxarır. Türk dilində “Ey Nizami, gözəlin dodağında olan xala bax” misrası ilə başlayan qəzəl mürəkkəblə yazılmışdı və köhnə olmasına baxmayaraq, oxunması rahat idi.

Bu sənəd üzə çıxan kimi Şərq üzrə mütəxəssis olan erməni alimləri, o cümlədən  Acaryan, Şahnazaryan və Arimfaryan dərhal muzeyə gələrək bunu analiz etməyə çalışırlar. İki əsərin fars və qəzəlin isə Azərbaycan dilində yazılmasını təsdiq edən erməni alimləri Nizami Gəncəvinin Azərbaycan dilində daha bir neçə şeirini üzə çıxarırlar. Hətta erməni alimi Acaryan rəsmən məlumat verir ki, muzeydə Nizami Gəncəvinin qəzəl və şeirlərinin çoxu Azərbaycan türkcəsində yazılıb. Erməni aliminin hesabatında yazılır ki, “Nizami Gəncəviyə Şirvanşah Axsitan tərəfindən sifariş edilən “Leyli və Məcnun” əsərinin iki versiyasına rast gəldik. Birinci fars, ikincisi isə Azərbaycan-türk dilində yazılmışdır”.

Bunu böyük ədəbi hadisə hesab edən Moskvadakı yüksək vəzifəli ermənilər ondan mümkün qədər yararlanmaq barədə düşünür və məkrli planlar hazırlayırlar. Azərbaycan tərəfindən ezam edilən alimlər Metanadarana gələrək əlyazmalarla tanış olurlar və Bakıya məlumat verirlər ki, tapılan sənədlərin içində Nizami Gəncəvinin Azərbaycan türkcəsində şeirləri üstünlük təşkil edir. Hətta o dövrdə “Kommunist” qəzetində azərbaycanlı alim Həbib Yusifovun məqaləsi də dərc edilir. O, axtarış apararaq 1940-cı ildə Leninqrad (indi Sankt-Peterburq) şəhərindəki dünyada  məşhur olan Ermitaj muzeyində də belə sənədlərin olmasını müəyyən edir. Bir qrup şəxsin ora getməsi barədə və arxiv sənədlərinin əldə edilməsi üçün müzakirələr aparılır. Lakin müharibənin başlanması bu planları pozur.  Matenadaranda isə qarışıqlıqdan istifadə edən ermənilər Nizami Gəncəvinin Azərbaycan türkcəsində olan əlyazmalarını, kitablarını və o zaman bu muzeydə tapılan və saxlanılan qədim sənədləri üzə çıxarmaqdan imtina edirlər. Azərbaycan tərəfinin dəfələrlə təkidli xahişlərinə baxmayaraq, bu sənədlər bir daha Azərbaycan alimlərinə və tədqiqatçılarına  göstərilmir və onlar bu günə qədər də Matenadaranda məhbəs həyatı yaşamaqdadır.

Bunun səbəbi isə yuxarıda dediyimiz kimi olub. Yəni, 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi SSRİ miqyasında keçirilməli idi. Lakin iyunun 22-də Almaniya-SSRİ müharibəsinin başlanmasına görə yubiley tədbirləri təxirə salındı və keçirilmədi. Ancaq oktyabrın 19-da Leninqradda SSRİ-də tanınmış  95 nəfər  alimin, şairin və tədqiqatçının təkidi və iştirakı ilə tədbir keçirilmişdi. Tədbir o zaman mühasirədə olan Leninqrad Vilayət Partiya Komitəsinin birinci katibi Andrey Jdanovun xüsusi icazəsi ilə baş tutmuşdu. Tədbir iştirakçılarından elələri vardı ki, döyüşdən çıxarılaraq blokadada olan şəhərə gətirilmişdilər. Hətta bir nəfəri yarası sağalmamış hospitaldan çağırmışdılar ki, həmin alim tədbirdə hesabat məruzəsi ilə çıxış etmişdi.

Beləliklə,  ölkədə yaranmış ağır vəziyyətdən  istifadə edən namərd ermənilər Ermənistanda Nizami Gəncəvinin əsərlərini gizlədərək özlərində saxladılar.

Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi dahi şairimizin ruhuna böyük ehtiramın ifadəsidir. Şübhəsiz, bu il saysız-hesabsız mədəni-kütləvi tədbirlər keçiriləcək, dahi şairimizin həyatı və zəngin yaradıcılığı barədə yeni tapıntılar və təfərrüatlar üzə çıxacaq, onun əzəməti həm bizim, həm türk xalqlarının, həm də bütün bəşəriyyətin gözləri önündə bir daha ucalacaqdır.

Vəli İlyasov, “İki sahil”