04 sentyabr 2019 11:33
282

Ermənilər tanınmış gürcü yazıçısı və ictimai xadimi İ.Q.Çavçavadzenin təqdimatında

Tanınmış gürcü yazıçısı və ictimai xadim İlya Qriqoryeviç Çavçavadze 1837-ci ildə knyaz ailəsində doğulmuş, inqilabi hərəkatda iştirak etdiyinə görə universitetdən xaric edilmişdir. Daha sonra Gürcüstanda geniş ədəbi və siyasi fəaliyyət göstərmiş, 1877-1902-ci illərdə isə “İzvestiya” qəzetinin redaktoru olmuşdur.

Milli azadlıq hərəkatının görkəmli nümayəndəsi olaraq Çar üsul-idarəsi əleyhinə çıxışlar edib. Bütün bunlara görə də 1907-ci ildə Tbilisidən Saquramaya gedərkən yolda çar xəfiyyəsi tərəfindən qətlə yetirilmişdir. Redaktoru olduğu “İzvestiya” qəzetində Azərbaycanın ictimai-siyasi vəziyyətinə, ədəbiyyat və incəsənətinə dair yazılar verib, M.Ş.Vazehin şeirlərindən tərcümələr edib. O, azərbaycanlılar haqqında yüksək fikirlər söyləmiş, onların açıqürəkli, hörmətli, təmkinli və təvazökar, müdrik və hünərli olduqlarını  xüsusilə qeyd etmişdir.

Onun “Erməni alimləri və fəryad edən daşlar” əsəri isə ermənilər, xüsusən də onların üzdəniraq alimləri haqqında yazılmış bəlkə də ən sərrast xasiyyətnamədir. Xatırladaq ki, ermənilərin iç üzünün açılıb göstərildiyi, daha doğrusu, ifşa olunduğu bu əsər 1995-ci ildə tanınmış jurnalist Vasif Quliyev tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və “Azərbaycan” nəşriyyatı tərəfindən böyük tirajla nəşr olunmuşdur. Həmin əsərdən bəzi seçmələri oxuculara təqdim etməklə bütün dünyaya bir daha bəyan etmək istəyirik ki, ermənilər təkcə Azərbaycan xalqına qarşı deyil, elə digər qonşulara, o cümlədən gürcü xalqına qarşı etdikləri saysız-hesabsız naqis və namərd hərəkətləri ilə də tarixə düşüblər. Buyurun, tanış olun:

“Ermənilər sözlə və qələmlə bütün dünyaya and içirlər ki, guya, Qafqaz sıra dağlarının o biri tərəfindən Dəclə və Fərat çaylarının başlanğıcına qədər, demək olar ki, Qara dənizdən Xəzər dənizinə qədər qədimdən Ermənistan deyilən yer olub”.

***

“Bizi yer üzündən tamamilə silib atmaq üçün onlar adımızı biabır edib, bizi milli heysiyyatdan məhrum etməklə kifayətlənməyərək, bütün tariximizi də, salnaməmizi də, tarixi qalıqlarımızı və abidələrimizi, bizə məxsus hər şeyi müxtəlif fırıldaqlar yolu ilə özlərinin adına çıxırlar”.

***

“Biz əvvəllər də deyirdik, indi də təkrar edirik: Allah eləməsin, bu işlərdə bütün erməni xalqını təqsirləndirək, bu günahların hamısını onun ayağına yazaq. Bu işdə yalnız məşhur bir erməni dəstəsi və erməni kitab həvəskarları - savadlı adamları,alimləri günahkardır”.

***

“Bədbəxtlikdən, erməni xalqının şöhrəti və böyüklüyü haqqında hər yerdə car çəkən və yeri gələndə gürcüləri alçaldan və yer üzündən silən erməni alimləri bu müdrikliyə hələ çatmayıblar”.

***

“Biz ermənilərin heç bir səxavətinə və fədakarlığına həsəd aparmırıq, əksinə, bu yaxşı cəhətləri biz özümüz də arzu edirik... Biz ermənilərin şərəfini və böyüklüyünü, hətta onlar mübaliğəli, ya da başdan-ayağa gop olsa da, qiymətləndirməyəcəyik. Ermənilər nəyləsə öyünsələr də, qoy onları qadir Allah özü saxlasın, əgər bundan məhrumdurlarsa, qoy, Allah özü onlara kömək etsin. Ancaq ona məyus oluruq ki, özünü öyən erməni dəstəsi gürcülərin mənəvi və fiziki mövcudluğunu inkar edərək bizə yalnız qarşımızda geniş açılmış qəbiri göstərir, guya ki, onların mövcud olması bizim mövcud olmamağımızdan irəli gəlir”.

***

“Erməni alimlərinin, savadlılarının və onlarla əlbir olanların fırıldaqları artıq çağırılmış bayatılardır”.

***

“Erməni tarixçiləri yenə də çərənləyir və heç vaxt yaşamadıqları yerin sakinləri olurlar. Məgər, aydın deyil ki, bu dayaz alimliklə dünyanı inandırmaq istəyirlər ki, guya, bu yerləri tutmağa onların tarixi haqqı var”.

***

“Erməni dəstəsi qəsdən təhrif etməklə kifayətlənmir, onun üçün özgə həqiqətini gizlətmək azdır, öz yalanları haqqında isə həqiqət kimi car çəkirlər. Bu dəstə çox gözəl başa düşür ki, faktların üstündən nə qədər sükutla keçsən də, onları gizlətmək olmaz. O, gecmi, tezmi deyiləcək. Bütün məsələ faktı yox etməkdən, tarixi yazıları ya silməkdən, ya da qaşıyıb pozmaqdan, ya da ki, onu öz xeyrinə dəyişdirib başqa şəklə salmaqdan ibarətdir”.

***

“Ermənilərin gürcü məbədlərində və monastırlarında gürcü mənşəli izləri məhv etməyə, gürcü yazılarını daşlardan qaşıyıb təmizləməyə  və yox etməyə, daşların özünü tikililərdən çıxarıb, yerinə erməni yazıları olan başqa daşları qoymaq üçün əlləşdiklərinə çoxlu misal gətirə bilərik”.

***

“”Ac toyuq yuxusunda darı görər”zərb-məsəli, məhz, erməni savadlı adamlarına - erməni alimlərinə aiddir”.

***

“Erməni ziyalılarının hərəkətləri böyük bir çaya bənzəyir: sahildən suyun içərisinə doğru nə qədər çox gedirsənsə, suya o qədər də çox batırsan, onun enini və uzununu daha aydın görürsən. Onların cəsarəti  və həyasızlığı gündən-günə daha da artır, özlərini daha cəsarətlə öyməyə başlayırlar və bizimlə yavaş-yavaş nəzakətsizliklə rəftar edirlər”.

***

“Erməni kitabsevəri tarixi faktlarla “nə qədər tərifəlayiq” rəftar edirsə, öz sözünü, guya, tarixi dəlillərini sübut edəndə də o qədər utanmazlıqla hərəkət edir”.

***

“Özgə adlarını, dillərini, əfsanələrini və s. özlərininki ilə əvəz etmək, sən demə, lap qədim zamanlardan ermənilərin adi adəti imiş. “Adət isə adamın ikinci xasiyyətidir”.

***

“İnadkarlıq yolu ilə öz məqsədlərinə çatmaq erməni alimlərinə xas keyfiyyətdir. Öz dediklərinin üstündə duran ermənilər onların xeyrinə olmayan hər şeyin, bu, təkzibedilməz həqiqət olsa da, üstünü vurmamağa çalışırlar”.

***

“Ermənilərin, hətta pambığı guruldamalıdır, gürcülərin isə fındığı da səs salmamalıdır”.

***

“Onların Kiçik Asiyada, xüsusən də, Zaqafqaziyada ermənilərdən yaxşı, möhkəm, qabiliyyətli heç kəsin olmadığını bütün dünyaya göstərmək istədikləri, məgər, aydın deyil?!”.

***

“Biz mənşəcə və dincə müxtəlif olsaq da, bir-birimizdən çəkinməmişik, lakin gürcülüyə və erməniliyə görə bizim bir-birimizə qarşı nifrətimiz də olmayıb. Əgər indi birliyimiz laxlayıbsa, bunu erməni savadlı alimlərinin qorxaqlığına, cahilliyinə, avaraçılığına və fırıldaqlarına aid etmək lazımdır”.

***

“Biz sizə, yəni ermənilərə sığınacaq verdik, sizi saxladıq və sizinlə qardaşlaşdıq. Bizimlə öz evimizdə düşmən kimi rəftar etməyin! “Evində yaşayan düşmənin olunca, yolda uzanan şirin olsa, yaxşıdır”. 

Seçmələri təqdim etdi:

Qafar Cəbiyev,

tarix elmləri doktoru,

Əməkdar jurnalist