23 sentyabr 2020 19:25
786

Ermənilərə işləyən “televizyonşiklər” dəstəsi

Məlum olduğu kimi, ermənilərin Tovuz təxribatından sonra dünyanın bir çox ölkəsində erməni millətçiləri diaspor təmsilçilərimiz olan soydaşlarımıza hücumlar etdilər. Təbiidir ki, diaspor fəallarımız onların hücumlarını cavabsız qoymadı. Soydaşlarımızın bu fədakarlığı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Ancaq bəzi “sapı özümüzdən olan baltalar” həmişə olduğu kimi bu məsələdə də ermənilərin mövqeyindən çıxış etdilər. Xüsusilə də özünə bloger adını qoyan və xaricdə oturub daima Azərbaycan dövlətini təhqir edən bəzi yutuberlərin bu istiqamətdə “fəallığı” nəzərə çarpdı. Gündüzlər xaricdə öz qaranlıq işlərini görən, gecələr isə şəxsi kanalları vasitəsilə ölkəmizin simvollarını təhqir edən bu adamlar son rəzilliklərini mill məsələdə belə dövlətlərinin yanında olmamaqları ilə sübut etdilər.

Təəssüf doğuran faktlardan biri də odur ki, baş nazir Nikol Paşinyana qarşı amansız mübarizə aparan erməni blogerlər və xaricdə yaşayan siyasi mühacirlər Ermənistana qarşı hər hansı bir tənqidi fikir səsləndirmədilər, əksinə, Azərbaycana qarşı hər bir ermənini birliyə çağırdılar. Xüsusilə qeyd etmək yerinə düşər ki, hansı ölkədə yaşamalarından asılı olmayaraq, erməni erməniliyində qalır. Nə qədər bir-birinə rəqib olsalar da, Azərbaycanla mübarizə məsələsində birləşirlər. Amma bizim xaricdəki bəzi müxalifətçilər belə həssas və məsuliyyətli məqamda birliyə və erməni təcavüzünə qarşı həmrəy olmaq əvəzinə Azərbaycan hökumətini ləkələməyə və rəsmi Bakını ittiham etməyə başladılar. Bütün bu hərəkətlər bir daha təsdiqləyir ki, belə satqın adamların ermənipərəst qüvvələrə bağlılıqları var və Azərbaycana düşmən olan dairələr tərəfindən maliyyələşirlər. ABŞ-da və Belçikada ermənilərin təxribatları daha aydın şəkildə müşahidə edildi. Radikal qüvvələr tərəfindən çoxsaylı aksiya iştirakçılarına fiziki güc tətbiq olundu, onlara xəsarət yetirildi, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozuldu.

Belçikada keçirilən dinc aksiyada jurnalist xanıma xəsarət yetirildi. Ancaq Sevinc Osmanqızı kimilər Azərbaycanı qaralamağa can atırlar. Ermənilərin Los-Anceles terrorunu ABŞ hakimiyyəti etiraf etdiyi, səfir azərbaycanlılardan üzr istədiyi halda, Sevinc Osmanqızı ermənilərin günahkar olmadığını “sübut” etməyə çalışdı. Həmin hadisələr zamanı canlı yayımda çıxış edən Sevinc Osmanqızı, şübhəsiz, erməni siyasi mətbəxinin tezisləri əsasında danışaraq deyirdi ki, sizi inandırıram, heç erməni tərəfində belə təxribat niyyəti yoxdur və bu gün sivil mübarizə qaydasını pozan, bu qarşıdurmanı təşkil edən rəsmi Bakıdır. Azərbaycan dövlətinin və xalqının ünvanına yağdırılan bu şər-böhtanın adı açıq düşmənçilikdən başqa bir şey deyil. Sevinc Osmanqızı ilə yanaşı, Ramiz Yunus, Cəmil Həsənli, Tural Sadıqlı kimi “sapı özümüzdən olan baltalar” da bu cür iyrənc fikirləri bölüşdülər. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyalarını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da, necə deyərlər, ermənilərin dəyirmanına su tökür, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edirdilər. Bir sözlə, həmin günlərdə bizim söyüşçül yutuberlərin fəaliyyəti erməni təbliğatı ilə tam sinxronluq təşkil etdi.

Göründüyü kimi, həmin adamlar fəaliyyətlərini hakimiyyətlə deyil, bütöv dövlətlə mübarizə üzərində qurublar. Əksər hallarda isə bu fəaliyyət dövlətin dayaqlarının linc edilməsinə cəhdlə müşahidə olunur. Buna baxmayaraq, ötən aylar ərzində müxtəlif xarici ölkələrdə, o cümlədən Avropa ölkələrində və ABŞ-da uzun illərdən bəri formalaşan erməni diasporu Azərbaycan diasporunun ortaya qoyduğu birlik, həmrəylik və cəsarət nümunələri qarşısında aciz duruma düşdü. Erməni diasporunun qəfil aldığı bu zərbə onu dərindən sarsıtdı. Hətta vəziyyət elə bir şəkil aldı ki, Nikol Paşinyan Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı apardı. Təmizləmə əməliyyatı zamanı, rəhbər vəzifəli şəxslər də daxil olmaqla, 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın şəkildə ortaya qoyur.

Çox təəssüflə qeyd etməliyik ki, Ermənilərin böyük təxribata hazırlaşdığı indiki məqamda da “sapı özümüzdən olan baltalar” ənənəvi təbliğatlarına başlayıblar. Onlar verilişlərində və apardıqları təbliğatda, bir kəlmə də olsun, Ermənistanın təxribatlarından danışmırlar. Lakin bütün bu çirkin kampaniya Azərbaycan cəmiyyətində sabitliyi poza bilməz. Çünki dövlətini və millətini sevən hər bir vətəndaş, xüsusilə də gənclər bu cür təxribatların arxasında nəyin dayandığını gözəl anlayırlar. Sosial şəbəkələrdə fəal gənclər bu çirkin kampaniyaya öz etirazlarını bildirir, dövləti müdafiə etdiklərini bəyan edirlər. Azərbaycan gəncliyi həmişə dövlətçiliyin daha da möhkəmləndirilməsinə öz töhfəsini veriblər. Gənclərimiz dövlətimizin ərazi bütövlüyü və müstəqilliyimiz uğrunda döyüşüb və canlarını fəda ediblər. Vətənpərvərlik ruhunda yetişən Azərbaycan gəncliyi bu cür anti-Azərbaycan ünsürlərin sosial şəbəkələrdəki “fəal”lığını kəskin şəkildə qınayır. Anti-Azərbaycan qüvvələrin “virtual” fəaliyyəti ölkəmizin nüfuzuna xələl gətirmək və cəmiyyətimizdə qarşıdurma yaratmaq cəhdləri isə həmişəki kimi yenə də uğursuzluğa məhkumdur.

Sevinc Azadi, “İki sahil”