15 oktyabr 2019 11:08
876

Ermənipərəst qüvvələrin anti-Azərbaycan kampaniyasının heç bir nəticəsi olmayacaq

“Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir” Milli Məclisin deputatı Azər Badamov İkisahil.TV-yə müsahibəsində bildirdi ki, inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir. Ancaq bu inkişafı gözü götürməyənlər də az deyil...

- Azər müəllim, günümüzün əsas çağırışlarından biri konstruktiv müxalifətin olmamasıdır. Çox təəssüflər olsun ki, bu gün dağıdıcı qüvvələr siyasi meydanı tərk etmək əvəzinə köhnə ənənələri və əqidələri ilə çıxış edirlər...

- Bugünkü  müxalifət 1990-cı illərdə formalaşmış radikal mövqedə və dağıdıcı fikirləri olan bir qrup siyasi ünsürlərdən ibarətdir. Onlar hələ də başa düşə bilmirlər ki, Azərbaycan yüksək səviyyədə inkişaf etmiş bir dövlətdir. Bu gün Azərbaycanda hüquqi dövlət qurulub. Hüquqi dövlətin üstünlüyü odur ki, insanlara azadlıq verilir və bu azadlıq qanun çərçivəsində idarə olunur. Lakin radikal müxalifətin təfəkkürü 90-cı illərin təfəkküründədir. Bu təfəkkürün mərkəzində hakimiyyət davası, hakimiyyəti güc yolu ilə ələ keçirmək və yaxud ictimai asayişi pozmaq və s. durur. Son zamanlar  radikal müxalifətin  insanları iğtişaşlara cəlb etməyə cəhd göstərməklərinin  şahidi oluruq. Təbii ki, bu çağırışların məqsədi ictimai-siyasi sabitliyi pozmaq və ölkədə gedən inkişafa kölgə salmaqdır. Lakin onlar bilməlidirlər ki, biz hüquqi dövlət yaratmışıq və bizim dövlətimizdə bütün hərəkatlar qanunla tənzimlənir, piketlərin, mitinqlərin qanun çərçivəsində keçirilməsinə heç bir maneə yaradılmır. Burada başlıca məqsəd ictimai asayişin pozulmaması, insanların əmin-amanlığına ziyanın dəyməməsidir.  Hər şey qanun çərçivəsində idarə olunmalıdır.

-Daxildə olduğu kimi, xaricdə də ölkəmizin inkişafını gözü götürməyən antimilli ünsürlər şər-böhtan xarakterli fəaliyyətlərini artırmaqdadırlar. Onların bu fəaliyyətlərinə münasibətinizi öyrənmək istərdik...

-Qeyd etdik ki, bu gün Azərbaycan dinamik inkişaf edən bir ölkədir. Ölkəmizdə insanların sosial vəziyyəti və sosial infrastrukturu müasirləşir. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə rəqabət apara biləcək bir dövlətə çevrilmişdir. Təəssüflər olsun ki, bunu gözü götürməyən qüvvələr ölkəmizin daxilində olduğu kimi, xaricdə də mövcuddurlar. Xaricdə olan ünsürlər, müəyyən vəsaitlər və maliyyə hesabına daxildəki  radikallar vasitəsilə öz  çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Onların istəkləri bugünkü inkişafımıza zərbə vurmaqdır.  Ancaq onların bütün bu iyrənc cəhdlərinin baş tutmasına imkan verilməyəcək. Çünki Azərbaycan xalqı indiki müxalifətdə olanların iqtidar zamanını görüb. Onların kimliyi haqqında yaxşı bilirlər.

- Azər müəllim, qarayaxma kampaniyaları əsasən sosial şəbəkələr üzərindən həyata keçirilir. Ümumiyyətlə, qanunvericilikdə bu kimi neqativ halların qarşısının alınması üçün hər hansı bir tədbirlərin görülməsi zəruridirmi?

- Bu gün söz azadlığı ölkəmizdə yüksək səviyyədə təmin olunub və hər bir şəxs sərbəst şəkildə öz fikrini ifadə edə bilər. Müasir dövrdə insanlar daha çox sosial şəbəkələrə üstünlük verirlər. Bu gün sosial şəbəkələr insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Lakin bundan sui-istifadə edənlərin də sayı az deyil.  Sosial şəbəkədən sui-istifadə edən ünsürlər bu yolla Azərbaycanda siyasi sabitliyə kölgə salmağa çalışırlar. Təəssüflər olsun ki, qanunvericilikdə məhdudiyyət yoxdur, sosial şəbəkələr açıq bir efirdir və bu efirdə hər hansısa bir məhdudiyyətin qoyulması istiqamətində heç bir addımlar atılmayıb. Lakin bu cür özbaşınalıqlara yol vermək olmaz. Düşünürəm ki, gələcəkdə qanunvericilikdə ölkəmizə qarşı radikal mövqedə olan insanların təhqiramiz fikirlərinə qarşı müddəalar tətbiq olunmalıdır. Bu kimi neqativ halların qarşısı alınmalıdır ki, ölkəmizin dinamik inkişafına xələl gəlməsin. Biz dünya praktikasında da müşahidə etmişik ki, bir çox ölkələrdə hakimiyyət çevrilişlərinin kökündə sosial şəbəkələrə xarici qüvvələrin təsiri dayanır. Bu gün biz həmin ölkələrin yaşayış səviyyəsinin də şahidiyik. Buna görə də, xalqımız dünyada gedən bütün prosesləri izləyir və düşünürəm ki, heç zaman radikal fikirli ünsürlərin arxsınca getməyəcək. Bu gün Azərbaycan dövlətinin yaratdığı imkanlar insanların rifah halının yaxşılaşdırılması istiqamətinə yönəlib. Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə, qaçqın və məcburi köçkünlərə qayğı, minimum əməkhaqqının, minimum pensiyanın və sosial müavinətlərin artırılması istiqamətində görülən işlər, problemli kreditlərin həll olunması  dövlətin öz vətəndaşlarına olan qayğısının təzahürüdür. Bütövlükdə 3 milyona yaxın insan dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının əyani nümunəsidir.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, 
“İki sahil”