20 oktyabr 2020 18:24
767

Ermənistan atəşkəsin şərtlərini kobud şəkildə pozduğu üçün layiqli cavabını alır

«Oktyabrın 10-da və 17-də də biz yenə ermənilərin simasızlığının şahidi olduq. Həmişə olduğu kimi, bu dəfə də onlar simasızlıqlarını göstərərək, humanitar atəşkəs razılaşmasını heçə sayaraq 500 min əhalisi olan Gəncə şəhərini, 100 min əhalisi olan Mingəçeviri və digər çoxsaylı yaşayış məntəqələrimizi raket atəşinə tutdular. Bəllidir ki, Ermənistan heç bir hüquqa məhəl qoymadan Azərbaycanın bütün ərazilərinə bombalar yağdırır. Evlər dağılır, mülki insanlar qətlə yetirilir və bu münaqişə ilə bağlı məsuliyyət daşıyan həmsədr dövlətlər, beynəlxalq təşkilatlar susur, danışanda isə Azərbaycanı ittiham edirlər. Azərbaycan Ordusunun Qarabağ cəbhəsində zəfər, qalibiyyət yürüşü qarşısında aciz və çarəsiz qalan Ermənistanın silahsız və dinc insanlara gecə yuxuda olarkən raketlə hücum etməsi Azərbaycan xalqının mübarizlik ruhunu sarsıtmadı. Azərbaycan beynəlxalq ictimaiyyətin, BMT-nin etməli olduğu güc nümayişini özü etməli oldu. Bu gün bütün cəbhə böyu üstünlük Azərbaycan Ordusundadır. Bütün bunların fonunda müxtəlif istiqamətlərdə atılan atəşlərlə, müxtəlif təzyiqlərdən istifadə etməklə Azərbaycan Ordusunun diqqətini əsas məqsəddən yayındırmağa çalışsalar da Silahlı Qüvvələrimiz bütün diqqətini ərazilərini işğaldan azad etmyə yönəldib”.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov vurğulayıb ki,  bizim müdrik və qətiyyətli Ali Baş Komandanımız, hərbi strategiyamız var. Düşmən bizə nə etməyimizi təlqin edə bilməz. Strategiyamızı özümüz seçirik və əmin ola bilərsiniz ki,  Ermənistanın Azərbaycanda mülki əhaliyə qarşı atdığı silahların heç biri cavabsız qalmayacaq.  İllərdir Ermənistan heç bir beynəlxalq hüququ saymır. Ermənilər qadağan olunmuş silahlardan istifadə edir. O silahlardan axırıncı dəfə faşist alman ordusu Polşaya qarşı istifadə edib. Ermənistan mülki əhalini, Gəncə boyda şəhəri atəşə tutur. Ermənistanın etdiyi artıq bəşəri cinayətdir. Bu gün isə Ermənistan cəbhədə uduzmaqla yanaşı, diplomatiya masasında da uduzur. İki dəfə humanitar atəşkəsin elan edilməsinə baxmayaraq, Ermənistan atəşkəsin şərtlərini kobud şəkildə pozduğu üçün layiqli cavabını alır. Baş verənlərin fonunda Ermənistan hər gün sarsıdıcı zərbələrin hədəfində olur, geri çəkilməyə başlayır, maddi-texniki bazası durmadan zəifləyir və şəxsi heyəti tamamilə zərərsizləşdirilir. Döyüşlərin başladığı vaxtdan indiyədək ələ keçən texnikaların sayı hər gün artır. Ermənistan silahlı qüvvələri əvvəlcə taqımlar və bölüklər şəklində döyüş meydanından geri çəkilirdilərsə, bu gün artıq bütöv hərbi hissələri avadanlıqları ilə birlikdə Azərbaycan Ordusuna təslim edirlər.

B.Məhərrəmov diqqətə çatdırıb ki, Azərbaycan Ordusu düşmənin döyüş əməliyyatlarının davam etdiyi bir vaxtda biz müharibəni həm bu sahədə qəbul edilmiş beynəlxalq humanitar hüququn prinsiplərinə sadiq qalaraq davam etdiririk, həmçinin hədəfimiz minimum itki və maksimum nəticə prinsipidir. Müharibədə rəşadətli ordumuzun gücü ilə görməklə bərabər, Azərbaycan dövləti tərəfindən uzun illər hərbi sahəyə ayrılmış diqqətin bariz nəticəsini görürük. Bugünkü təhlillər göstərir ki, pilotsuz uçuş aparatları, dronlar və digər silahlarımız Ermənistanı çox ciddi itkilərə məruz qoyur və bu itkilər zamanı bizim tərəfimizdən heç bir tələfata yol verilmir. Müdafiə Nazirliyinin paylaşdığı rəsmi xəbər və videoçarxlardan aydın şəkildə görə bilirik ki, bu gün düşmən döyüş meydanında çox böyük itkilər verir, artıq Ermənistan uduzmuş dövlətdir. Təbii ki, onlar nə qədər çox dirəniş göstərsələr bir o qədər çox itki verməyə məcbur olacaqlar. Azərbaycan humanitar hüququn prinsiplərinə sadiq qaldı, dəfələrlə onlara təklif edildi ki, ərazilərimizi işğaldan azad etməkdən başqa çıxış yolları yoxdur. Dəfələrlə Ali Baş Komandan İlham Əliyev bildirib ki, erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağına gəlməsin. Lakin təcavüzkar Ermənistan hakimiyyəti nə bizim torpaqlarımızdan, nə də mənfur xislətlərindən geri çəkilmədi. İndi artıq gecdir və qəbul etdikləri səhv qərarlarının nəticələrinə də dözməlidirlər.

B.Məhərrəmov qeyd edib ki, Qarabağın Azərbaycanın tarixi, əbədi və əzəli torpağı və ayrılmaz tərkib hissəsi olduğunu heç bir ölkə və beynəlxalq təşkilat istisna etmir. Əksinə, bir çox dövlətlər haqq işimizdə bizi yaxından dəstəkləyirlər. Azərbaycanı dəstəkləyən ölkələrin sırasında əlbəttə ki, ilk yerdə qardaş Türkiyə yer alır. Həmçinin Pakistan, Ukrayna və digər dost dövlətlər də Azərbaycanla bağlı ədalətli mövqe sərgiləmişlər. Şimal qonşumuz olan Rusiya ilə də bizim çoxəsrlik dostluq, əməkdaşlıq münasibətlərimiz var. Başda Ermənistan olmaqla, digər dövlətlərdən zaman-zaman Rusiya ilə Azərbaycan arasına nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdləri olsa da bu, baş tutmayıb. Belə məsələlər heç vaxt bizim strateji tərəfdaşlığımıza kölgə sala bilməz.

B.Məhərrəmov diqqətə çatdırıb ki, torpaqların işğaldan azad olunması düşmənə ağır bir zərbədir. Biz inanırıq ki, Azərbaycan torpaqları işğaldan azad olunacaq və bir milyondan çox məcburi qaçqın və köçkün öz yurd-yuvalarına qayıdacaqlar. Çünki onlar 30 ilə yaxındır ki, bu günü həsrətlə gözləyirlər. Bizim məğrur bayrağımız tezliklə Şuşa və Xankəndidə dalğalanacaq. Allah bu yolda Ali Baş Komandan İlham Əliyevə və bütün əsgərlərimizə kömək olsun. Qarabağ Azərbaycandır! Ölkə vətəndaşları yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər. Oktyabrın 17-də xalqa müraciətində «Biz döyüş meydanında gücümüzü göstərdik, həm düşmənə, həm də bütün dünyaya. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir, Azərbaycan xalqının istedadıdır və bizim əldə etdiyimiz uğurlardır» söyləyən Prezident İlham Əliyev, eyni zamanda, bu məqamı da xüsusi qeyd etdi: «Biz xoşbəxt insanıq ki, bu sevincli günləri görə bilirik. Özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik».

Sentyabr ayının 27-dən bu günə qədər Ali Baş Komandanımız İlham Əliyev  müzəffər ordumuzun hərbi-strateji əməliyyatlarına uğurla rəhbərlik etdiyi kimi, diplomatiya, informasiya və siyasi müstəvilərdə də tarixi nailiyyətlərə imza atıb. Hərbi uğurlarımız o qədər böyükdür ki, Azərbaycan özünün son 200 illik tarixində heç vaxt sırf hərbi müstəvidə belə böyük qələbələrə imza atmayıb. Ona görə də həm mahiyyətcə, həm də məzmunca bu savaş bizim əsl qurtuluş savaşımızdır.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»