07 oktyabr 2020 18:19
1093

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur

Mehriban Əliyeva: Biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik


Azərbaycanın Birinci vitse-prezidentinin vurğuladığı kimi, hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir


Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin  törətdiyi hərbi təxribata cavab olaraq uğurlu əks-hücum əməliyyatını davam etdirir. Hər gün yaşayış məntəqələrimizin, kəndlərimizin, strateji əhəmiyyət kəsb edən yüksəkliklərimizin azad olunması xəbəri harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları qürurlandırır, «Eşq olsun Ali Baş Komandana!», «Eşq olsun Azərbaycan əsgərinə!» çağırışları ilə öz dəstəklərini ifadə edirlər. Bu gün paytaxt Bakımızın küçə və meydanlarını bəzəyən üçrəngli bayrağımızın tezliklə bütün işğal olunmuş ərazilərimizdə qaldırılacağına əminik. Döyüş meydanında uduzan düşmən ölkəmizə, əhalimizə qarşı yeni-yeni təxribatlar törədir. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan Ermənistana hazırkı vəziyyətdə də «gözün üstə qaşın var» deyilmirsə, bu, artıq ikili siyasətin, ədalətin  maraqların arxasında əriməsinin pik həddidir. Ermənistan silahlı qüvvələrinin  sentyabrın 27-dən indiyədək  Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub, həmçinin 141 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Ermənistanın bu təxribatları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının ciddi şəkildə pozulmasıdır.

Azərbaycanın hər zaman istər Dağlıq Qarabağ proboleminin həllində, istərsə də demokratik islahatlar sahəsində dünyanın ikili siyasəti ilə üz-üzə qalması məlum olaylardandır. Beynəlxalq hüquq müdafiə təşkilatlarından «Freedom Hause», «Amnesty İnternational»  daim Azərbaycana qərəzli, işğalçı dövlətə isə dəstəyini ifadə edən hesabatları ilə gündəmdə olublar.  Hazırda cəbhə bölgələrində  döyüşlərin dərinləşdiyi, erməni təxribatlarının miqyasının  genişləndiyi bir zamanda «Amnesty İnternational» təşkilatının həqiqəti bir tərəfə qoyub yenə də özünün maraqlarına, yəni Ermənistanın müdafiəsinə xidmət edən hesabatı ilə diqqətdə olması ikrah doğurur.

Atılan bu kimi addımlar ermənilərin və onların havadarlarının məyusluğundan irəli gəlir. Bu gün diqqət yetirdikdə görürük ki,  erməni lobbisində daha çox fəallıq nümayiş olunmaqdadır. Onların ABŞ Konqresinin Nümayəndələr Palatasının müzakirəsinə qətnamə təqdim etməyi planlaşdırması da deyilənlərin təsdiqidir. Qətnamənin həmmüəllifləri Konqresin erməni qrupunun həmsədrləridir. Onlar  məsələni Nümayəndələr Palatasının müzakirəsinə çıxarmaq üçün 46 palata üzvünün dəstək razılığını da  alıblar.

Bu qətnamənin heç bir əsası yoxdur. Hər zaman Ermənistanı ərköyün uşaq kimi əzizləyən dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar, bilavasitə demokratik prinsiplərin inkişafı, insan hüquq və azadlıqlarının qorunması, müdafiəsi ilə məşğul olan qurumlar bu gün də ənənələrinə  sadiqlik nümayiş etdirməklə açıq-aşkar onların bu günədək hesabatlarının qərəz üzərində hazırlandığını təsdiqləyir.

Azərbaycan işğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpaqları işğal olunan ölkədir. Azərbaycanın tam haqqı var ki, beynəlxalq səviyyədə tanınan ərazilərini qorumaqla yanaşı, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Bu, ölkəmizin suveren hüququdur. Heç bir  ölkə, beynəlxalq təşkilat bu hüququmuzu inkar edə biməz. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi ABŞ Dağlıq Qarabağın Azərbaycanın  ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləyir. 1993-cü ildə  qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin dəstəklənməsi də bunun göstəricisidir. Son hadisələrlə bağlı qətnamənin qəbulunda fəallıq göstərən həmməruzəçilər ötən il ABŞ Konqresində qəbul olunan qondarma «erməni soyqırımı» qətnaməsini hazırlayanlardır. Reallıqlar göstərir ki, bəzi dairələr  ədalətsizlikdən ideoloji və təbliğat vasitəsi kimi istifadə etməyə çalışırlar. Azərbaycan 28 ildir XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsini dünyaya soqırımı kimi qəbul etdirmək üçün  diplomatik mübarizə aparır. Erməni vəhşiliyinin ən yüksək, insanlığa sığmayan forması olan bu faciəyəyə biganə yanaşan əksər dövlətlərin heç bir araşdırma aparmadan qondarma «erməni soyqırımı»nı tanıması, ölkəmizlə bağlı hansısa ədalətsiz, heç bir əsası olmayan qətnamənin qəbuluna səy göstərməsi birmənalı qarşılana bilməz. ABŞ Konqresi hər il demokratiyaya dəstək adı altında Ermənistana və qondarma «Dağlıq Qarabağ respublikası»na maddi  yardım ayırır və onun həcmi ilbəil artırılır. Bir məqamı da qeyd etmək yerinə düşər ki, ABŞ Konqresi erməni diasporunun  yalanlarını əsas tutaraq 1992-ci ildə Azərbaycana qarşı «Azadlığı müdafiə aktı»na ədalətsiz «907-ci düzəliş»i əlavə etmişdir. Həmin düzəlişə əsasən Azərbaycan işğalçı, Ermənistan işğala məruz qalan tərəf kimi təqdim olunurdu. Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti, həmçinin  2001-ci il 11 sentyabr terror aktı ABŞ hökumətinin ölkəmizə qarşı siyasətində dəyişikliklər etməsini şərtləndirdi. Belə ki, həmin il qeyd olunan qərarın ədalətsizliyi təsdiqlənərək fəaliyyətinin bir illik dondurulması ilə bağlı qərar qəbul olundu. Bu günədək qərarın birdəfəlik ləğvi müşkülə çevrilsə də, hər il birillik fəaliyyətinin dondurulması barədə qərar yenidən təsdiqlənir.

Bunları qeyd etməklə bir daha belə bir reallığı diqqətə çatdırırıq ki, ermənilərin başına  daim dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar sığal çəkib və bu qayğıdan daha da ruhlanaraq əsassız iddialara düşüblər. Bugünkü yeni müharibə planları da deyilənlərə əsaslanır.

Bu gün müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür.  Onlar Azərbaycan həqiqətlərini özündə əks etdirən müraciətləri bütün beynəlxalq təşkilatlara, konqresmenlərə, senatorlara ünvanlamalıdırlar. Bəyan edilməlidir ki,  Azərbaycan haqq  mübarizəsi aparır. Sonuncu erməni əsgəri işğal altında olan torpaqlarımızı  tərk edənə qədər  mübarizə aparılacaq. Azərbaycan Ordusu qələbələri ilə bir daha qüdrətini,  gücünü işğalçı dövlətə və havadarlarına  nümayiş etdirdi.

Bu fakt da məlumdur ki, Amerikada yaşayan azərbaycanlılar 2013-cü ildən  etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə Ağ Evin rəsmi veb-səhifəsində “Biz xalqıq” bölməsində petisiya yerləşdirdilər. Qısa müddətdə petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atdı. İndiyədək ABŞ-ın 50 ştatından 21-i Xocalı ilə bağlı sənəd qəbul edib. Bu kimi reallıqlar nəzərə alınaraq dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızdan daha fəal olmaq, təbliğat kampaniyalarını sürətləndirmək və Azərbaycan əleyhinə qətnamənin qəbuluna imkan verməmək tələb olunur. Bunun üçün internet resurslarının yaratdığı imkanlardan maksimum istifadə edərək belə qərəzli təbliğatlara qarşı  öz həqiqətlərimizi qoyaq.

Azərbaycan həqiqətlərinin təbliğində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fond tariximizi faktların dili ilə özündə əks etdirən kitabların müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmasında, müxtəlif təbliğat xarakterli vəsaitlərin paylanmasında, tədbirlərin keçirilməsində fəal iştirak edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın «Xocalıya ədalət!» kampaniyasının coğrafiyası genişlənməkdə, bu aksiyaya qoşulanların sayı artmaqda, ən əsası keçirilən tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bir sözlə, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Heydər Əliyev Fondunun fəaliyyətinin əsas xəttini təşkil edir.  

Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım  Əliyeva 12 iyulda Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində Tovuz istiqamətində  törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətində «Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı, ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi. Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir. Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram» fikirlərinin ardınca bu çağırışı da etmişdir ki, yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər. Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır. Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq: «Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.»

Mehriban  xanım Əliyeva bu günlərdə Ermənistan silahlı qüvvələrinin təxribatlarının, Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınması nəticəsində əksər kəndlərimizin işğaldan azad olunması ilə bağlı  “Instagram” səhifəsində paylaşımında bildirmişdir ki, bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik: «Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir! Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!»

Yeganə Əliyeva, «İki sahil»