11 iyun 2019 10:28
1131

Ermənistan cəbhədəki təxribatlarının cavabını artıqlaması ilə alacaq

İki gün əvvəl Tərtər istiqamətindəki cəbhə xəttində düşmən tərəfindən Azərbaycanın daha bir əsgəri vurulub. 2000-ci ildə anadan olan çağırışçı əsgər, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini  Elşən Vüqar oğlu Xəlilov Ermənistan silahlı qüvvələrinin atəşkəs razılaşmasını pozması nəticəsində şəhid olub. Bundan əvvəl isə təmas xəttinin Ağdam istiqamətində düşmən snayperi Azərbaycan Ordusunun mayor rütbəli tabor komandiri Aqil Omarovu vurmuşdu.

Erməni mətbuatı isə bu hadisəni həyasızlıqla işıqlandıraraq Azərbaycan əsgərinin vurulmasına şəxsən Ermənistanın müdafiə  naziri David Tonoyanın əmr verdiyini bildirib.  Bu isə artıq işğalçı ölkənin bütün beynəlxalq qanunlara və müharibə qaydalarına ən böyük hörmətsizliyi, o cümlədən qudurğanlığıdır.

Fikir versək görərik ki, ATƏT-in  Minsk qrupu həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Omarovun qətlə yetirilmısi, hazırda  XİN rəhbərlərinin görüşü ərəfəsində daha bir hərbçimizin vurulması əsl təxribatdır. Bununla da Ermənistan hakimiyyəti bir daha göstərir ki, bu işğalçı ölkə  atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışıqlarının konstruktiv məcrada davam etməsini istəmir.

Ermənistanın müdafiə naziri David Tonoyanın həyasızlığının daha bir göstəricisi odur ki, bu rəzil general  Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verdiyini özü bəyan edir və  bu əməliyyatı icra edən erməni hərbçiləri mükafatlandırır.

Burada bir məqama  da diqqət yetirmək lazımdır. Ötən həftə  Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyandan təmas xəttindəki təxribatlar və Azərbaycan Ordusunun zabitinin vurulması barədə soruşulub. O isə təxribatları inkar etməyə çalışıb. Paşinyan deyib ki, guya zabitin vurulması faktı ilə bağlı təmas xəttinin həmin istiqamətində dayanan erməni əsgərlərinin hamısının silahları yoxlanılıb, videomüşahidə kameralarının görüntüləri izlənilib və atəşin erməni əsgərləri tərəfindən açılmadığı “təsdiqlənib”. Guya həmin dəlillər Azərbaycan tərəfinə də təqdim edilib.

Əlbəttə, Ermənistan baş nazirinin dedikləri absurddur və söhbət xüsusi təyinatlı snayperçi tərəfindən həyata keçirilmiş təcavüz aktından gedir. Burada isə “silahların yoxlanılması” barədə deyilənləri məsuliyyətdən yayınmaq da hesab etmək olar.

Təbii ki, elə həmin ölkənin  müdafiə nazirinin baş nazirin əksinə açıqlama ilə çıxış etməsi sübut edir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır və sülh danışıqlarından qaçmaq üçün yeni imitasiya variantıdır. 

İndi daha bir erməni rəzilliyi barədə: Paşinyanın müdafiə naziri Azərbaycan əsgərinin vurulması üçün əmri şəxsən verdiyini təsdiqləyir, üstəlik həmin əmri icra edənləri mükafatlandırır. Bu da düşmənin həyasızlığının miqyasının getdikcə artması deməkdir. Belə vəziyyətdə Azərbaycan təmas xəttində gərginliyin azaldılmasına dair ötən il Paşinyanla Düşənbədə əldə edilmiş şifahi razılaşmaya daha nə qədər sadiq qala bilər ki?..

Düşmənə qarşı müdafiə naziri Zakir Həsənovun bu yaxınlarda qoşunlara verdiyi göstərişdə deyildiyi kimi, bütün silah və vasitələrdən istifadə etməklə əsl qisas, cəza əməliyyatı həyata keçirməyin vaxtı çatıbdır. Azərbaycan Ordusu öz gücü və peşəkarlığı, ən müasir silahları ilə Ermənistan hərbi qüvvələrini tamamilə susdurmağa hazırdır. Bunu Ermənistanda da yaxşı anlayırlar.

Lakin bu gün Nikol Paşinyan hakimiyyəti seçki öncəsi verdiyi sosial- iqtisadi vədləri yerinə yetirə bilmədiyinə və “Qarabağ klanı”nın sərt etirazı ilə qarşılaşdığına görə erməni cəmiyyətindəki qəzəbi səngərlərə daşımağa ermənilərin hakimiyyətinə olan etimadsızlığını cəbhə xəttində yumşaltmağa çalışır.

Cəbhə xəttində baş verən son qanlı hadisələr bir daha göstərir ki,  istənilən halda Ermənistan öz yalanları ilə artıq həmsədrləri və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Ancaq aydın görünür ki, dünyadakı “ikili standartlar prinsipi” beynəlxalq gücləri hələ də Ermənistana sərt təpki göstərməyə, onun işğalçılıq planlarına ciddi şəkildə etiraz etməyə imkan vermir.

Belə olan halda Azərbaycan Ordusunun bir variantı qalır: təxribatlar davam etsə Ermənistan ordusu üzərində növbəti  Aprel zəfəri qaçılmaz olacaq.

Elçin Zaman, “İki sahil”