KÖŞƏ

Mənsumə Babayeva

Ermənistan da it yiyəsini, yiyəsi də itini tanımır

12 noyabr 2020 18:56
2382

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq ordumuzun başladığı əks-hücum əməliyyatları müvəffəqiyyətlə başa çatdı, Vətən müharibəsi xalqımızın böyük qələbəsi ilə yekunlaşdı.

Ölkəmizin hər yerində vətəndaşlar qələbəni böyük coşqu ilə qeyd edirlər. Ermənistanda isə tamamilə başqa mənzərədir. İnsanlar məğlubiyyətin acısını yaşamaqdadır və onlar ölkə rəhbərliyinə qarşı etiraz aksiyaları keçirirlər. Yəni, ermənilərin öz məğlubiyyətlərini etiraf etməsi açıq-aşkar ortadadır. Həmçinin Paşinyanın yarıtmaz siyasəti nəticəsində ölkədə yaranan vəziyyətlə bağlı müxalifət də ayağa qalxaraq mitinqlər keçirir.

Belə ki, 17 partiyanın iştirakı ilə keçirilən mitinqdə etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər. Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, polis aksiya iştirakçılarının bəzilərini saxlayıb. Saxlanılanlar arasında Respublika partiyasından Eduard Şarmazanov, Boqdan Baqdasaryan, Korena Açemyan da var. Etirazçıların kim olmasından asılı olmayaraq, polis onlara qarşı zorakılıq göstərir. Ermənistan baş prokurorluğunun açıqlamasında deyilir ki, hazırda ölkədə hərbi vəziyyətdir və buna görə də belə iğtişaşlar, mitinqlər yolverilməzdir. Aksiya iştirakçıları isə paytaxtın mərkəzindən çəkilmək istəmirlər. Son məlumatlarda müxalifət lideri, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Sarukyanın da həbs edildiyi bildirilib. Gecə də İrəvan küçələrindən etirazçıları təmizləmək mümkün olmayıb. Etirazçılar paytaxtın 3 əsas küçə və prospektində - Prezident iqamətgahı, parlament binası və hökumət evinin yerləşdiyi Azadlıq meydanında hərəkəti tam dayandıraraq şəhəri iflic vəziyyətinə salıblar. Narazı kütlə arasında deputatlar və tanınmış ziyalılar da var. Bəzi mənbələrin məlumatına görə, Paşinyanın ətrafında olan məmurlardan da bəziləri etirazçılara qoşulub. Bunlar arasında 3 gün əvvəl Ermənistan milli təhlükəsizlik xidmətinin rəisi təyin edilən Armen Abazyanın da adı hallanır. Deputat, “Çiçəklənən Ermənistan” partiyasının sədr müavini Naira Zöhrabyan bildirib ki, Ermənistanda təcili növbədənkənar parlament seçkiləri keçirilməlidir. O, qeyd edib ki, yaranmış vəziyyətdən çıxış yolu baş nazir Nikol Paşinyanın və prezident Armen Sarkisyanın istefasıdır. Əks təqdirdə, yaranmış vəziyyətə görə bütün məsuliyyət hazırkı rəhbərliyin üzərinə düşür.

Narazı və hiddətlənmiş erməni xalqından qaçıb bunkerlərdə gizlənməyə çalışan Ermənistanın müdafiə naziri David Tonoyan isə factor.am portalına verdiyi müsahibəsində acı məğlubiyyəti etiraf edib: “Etiraf edirəm ki, Azərbaycan tərəfi daha müasir, daha güclü silahlarla təchiz olunub. Hətta deyə bilərəm dünyanın ən müasir silahlarından istifadə edirdi. Xüsusən də bu, hava hücumundan müdafiə sistemində daha açıq-aşkar hiss olunurdu. Əgər siz məndən soruşsanız ki, Ermənistan niyə bu cür silahlarla təmin olunmayıb mən deyərdim ki, biz iqtisadi cəhətdən o cür səviyyəyə çatmamışıq. Döyüş başladığı ilk günlərdə mən ali baş komandana bildirmişdim ki, bizim ordumuz müasir silahla təchiz olunmuş Azərbaycan Ordusu qarşısında çox tab gətirməyəcək. Müdafiə naziri kimi əlimdən gələni etdim. Əgər döyüşlər bir neçə gün də davam etsəydi biz daha acınacaqlı vəziyyətlə üzləşəcəkdik. İtkilərin sayı ay yarımda olan hesablardan qat-qat daha çox olacaqdı”. O, həmçinin qeyd edib ki, ən optimal variant müharibənin dayanması idi. Qarşı tərəf bütün istiqamətlərdə bizi üstələyirdi.

Göründüyü kimi, Azərbaycanın qələbəsi hərbi, iqtisadi böhran məngənəsində çapalayan Ermənistanı daha da böyük siyasi xaosa sürüklədi. Belə ki, hərbi, siyasi, diplomatik məğlubiyyət yaşayan Ermənistan vətəndaş müharibəsi girdabında çapalayır. Eyni zamanda, tənəzzülə uğrayan ölkənin “böyük Ermənistan” xülyası da tam iflasa uğradı. Bundan sonra Ermənistan ordusunun və dövlətinin özünə gəlməsi üçün hətta uzun illər lazım olacaq.