KÖŞƏ

Taleh Turqut

Ermənistan danışıqlarda imitasiya niyyətindən əl çəkməsə...

23 yanvar 2019 11:28
809

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 16-da Parisdə keçirilən son görüşündən sonra səsləndirilən bəyanat ictimaiyyətdə geniş müzakirələrə yol açıb. Bugünədək onlarla analoji görüş keçirilsə də, orada səsləndirilən fikirlər bu qədər rezonans doğurmurdu. Lakin nazirlərin son görüşündə digər məsələlərlə yanaşı, “ölkə əhalisini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə” razılaşmanın əldə edilməsi sözügedən müzakirələrin genişlənməsinə rəvac verib.

Qeyd edək ki, son dövrlərdə Ermənistanda baş verən ictimai-siyasi hadisələr və hakimiyyət dəyişikliyi ictimai fikirdə münaqişənin həlli vaxtının yetişməsi barədə düşüncələr formalaşdırıb. Bu düşüncələrin yaranmasına səbəb olan amillərdən biri də etiraz dalğası ilə hakimiyyətə gələn Paşinyan hökumətinin Ermənistandakı “müharibə klanı”nı siyasi səhnədən çıxarması olub. Uzun illər “Qarabağ klanı”nın əsarətində olan Ermənistan əhalisi işğal edilmiş Azərbaycan torpaqlarını zorla zəbt etmək hesabına uçuruma yuvarlandığını anlayır. Buna görə də yeni hökumətin nəhayət bu bəlaya son qoyacağına ümidlər formalaşmağa başlayıb. Lakin ermənilər həqiqətənmi münaqişənin sülh yolu ilə həll edilməsində razılığa gəliblər? Bəzi nüanslar göstərir ki, bu, heç də göründüyü kimi deyil... Erməni məkri hər zamankı kimi burada da özünü göstərir.

Dağlıq Qarabağdakı qondarma rejimin “mətbuat katibi” David Babayanın görüşün nəticələri barədəki açıqlamaları göstərir ki, Ermənistan tərəfinin ikibaşlı oyunları hələ də davam edir və ermənilər heç də ədalətli sülhə hazır deyillər. Qurama rejimin “sözçüsü” bildirib ki, danışıqlar prosesində “konkret addımlar qismində tərəflər dialoqa cəlb edilməlidir”. Lakin D.Babayan burada “tərəflər” deyərkən Ermənistanla Azərbaycanı deyil, qondarma “Dağlıq Qarabağ respublikası”nı nəzərdə tutur. Bu, bir daha göstərir ki, Ermənistan tərəfi danışıqlarda hələ də imitasiya niyyətindən əl çəkməyib.

Digər tərəfdən, bir sıra ekspertlər hesab edirlər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında hazırda yaranmış şərait problemin tezliklə həll edilməsinə zəmin yaradıb. Şübhəsiz ki, bu zəminin yaradılmasında Azərbaycanın apardığı uğurlu siyasətin mühüm rolu olmuşdur. İndi münaqişə ilə bu və digər formada bağlılığı olan bütün tərəflər anlayırlar ki, əgər problem danışıqlar yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsə, regionda hərbi toqquşmaların yenidən qızışacağı və genişlənəcəyi qaçılmaz olacaqdır. Xatırladaq ki, bu ilin əvvəllərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz bunu nəzərdə tutaraq Ermənistanın qarşısında konkret və sərt tələblər qoymuşdu. Prezident vurğulamışdı ki, 2019-cu ildə danışıqların müəyyən nəticələr verəcəyi gözləniləndir. Əgər bu belə olmayacaqsa, o halda bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Ümumiyyətlə, istər münaqişənin həlli ilə məşğul olan beynəlxalq qurumlar və əlaqədar dövlətlər, istərsə də işğalçı Ermənistan artıq Azərbaycanın öz ərazilərinin işğalda qalmasına dözümünün tükəndiyini anlayırlar. Onu da yaxşı başa düşürlər ki, güclü hərbi kontingentə sahib olan Azərbaycan ərazilərini qısa müddətdə azad etmək əzmindədir. Lakin bu, həm regionda münaqişələrin alovlanmasına və coğrafiyasının genişlənməsinə, həm də Ermənistanın bir dövlət kimi məhvinə səbəb ola bilər...

Qvami Məhəbbətoğlu
Siyasət nəhəngi
Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...