KÖŞƏ

Vəli İlyasov

Ermənistan Diaspor Nazirliyi “oyundankənar” vəziyyətdə

29 yanvar 2019 10:34
754

Ermənistanın  baş naziri Nikol Paşinyanın Diaspor  Nazirliyinin ləğv ediləcəyi haqqında bəyanatı diaspor təşkilatları tərəfindən ciddi etirazla qarşılanıb. Xatırladaq ki, Paşinyan bu təşkilatın fəaliyyətindən narazı olduğunu hələ parlament seçkilərindən əvvəl söyləmişdi. Görünür, hakimiyyətdə möhkəmləndiyini hiss edən baş nazir  illər boyu Ermənistanın qonşularla ərazi iddialarına hər cür dəstək verən və Qafqazda xalqlar arasında nifaq salan  bu davakar təşkilatı erməni xalqının düşməni hesab edərək Diaspor Nazirliyinin ləğv olunmasına qərar verib.

Fərqli ölkələrdə yaşayan bəzi erməni diaspor  nümayəndələri Nikol  Paşinyanın bəyanatını sərt şəkildə qarşılayıblar. Argentinada fəaliyyət göstərən  erməni diasporu  Paşinyanı buna görə kəskin tənqid edib. Oradakı  erməni diasporu dərin  narahatlığını ifadə edərək buna qarşı  etiraz tədbirləri görəcəyini  elan edib.

İrticaçılığı ilə tanınmış  Daşnaksütyun  Partiyasına  yaxın “Aztağ” qəzetinin redaktoru  Şahan Kandaharyan və ABŞ-dakı “Asbarez” qəzetinin redaktoru Vaçe Brudyan Nikol Paşinyanın bu qərarının tələsik verildiyini bildiriblər. Şahan Kandaharyan iddia  edib ki, belə bir bəyanat xarici ölkələrdə yaşayan ermənilərlə keçiriləcək toplantı zamanı verilməli idi. Onun fikrincə, bu mövzuda mütəxəssislərin fikirlərinə diqqət yetirmək vacib məsələdir. Vaçe Brudyan  bəyan edib ki, Diaspor  Nazirliyinin yaxşı işləyib-işləmədiyi haqda müzakirələrin aparılması normal yanaşma olardı: “Bu nazirlik Ermənistanın xarici ölkələrdə yaşayan ermənilərlə bağlı  siyasətinin  bir göstəricisi idi. Bu nazirliyin qapanması hər hansı  bir şirkətin  açılıb-bağlanması  məsələsi deyil”.

Klikiya katalikosu Aram  isə Nikol Paşinyana məktub göndərərək Diaspor Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, xaricdə yaşayan erməni diasporunun belə bir nazirliyə  böyük ehtiyacı var.

Diaspor  üzvü olan erməni jurnalistlər də Nikol Paşinyana açıq məktub yazaraq bu qərara ciddi  etirazınlarını  ifadə ediblər.

Avrasiya Araşdırma Mərkəzinin analitiki Aslan Yavuz  Şir Paşinyan-diaspor  qarşıdurmasını tamamilə başqa aspektdən şərh edib. Analitik  qeyd edib ki,  diaspor təşkilatlarından  indiyə qədər Ermənistanda liderləri təzyiq altında saxlamaq məqsədilə istifadə edilib. Onun fikrincə, Paşinyanın diaspora münasibətdə mövqeyi onu bir qədər fərqli lider kimi təqdim edir: “Ermənistanda  Diaspor  Nazirliyi  2008-ci ildə yaradılıb.  Bu nazirlik Ermənistanın daha güclü və müstəqil ölkə olmasına deyil, asılı və vassal bir dövlət olmasına çalışıb. Paşinyan xalqdan güc alaraq əvvəlki sistemdə fəal olan partiyaları oyundankənar vəziyyətə saldı və bu fakt diasporda ciddi böhran yaratdı. İndiyə qədər heç bir erməni lider diasporun gücünü  belə kiçik saymayıb.”

Siyasətçilər belə hesab edirlər ki, diaspor təşkilatları toplayıb verdikləri ianələr və mənəvi dəstəyin əvəzində Ermənistanda dövlət başçılarını gözükölgəli vəziyyətdə saxlayaraq öz qərarlarını diktə ediblər. Ancaq bir çox qəribə qərarları ilə fərqlənən Nikol  Paşinyan bu tendensiyaya son qoymağa, müstəqil siyasət yeritməyə çalışır. Bu yolda qarşısındakılarla birdəfəlik  üzülüşmək üçün tədbirlər görür. Yüz iyirmi ildən artıq müddətdə Ermənistanda at oynadan Daşnaksütyunun sıxışdırılması, susdurulması və “oyundankənar” vəziyyətə salınması  buna ən yaxşı zəmin yaradıb.