23 avqust 2019 18:35
1512

Ermənistan; “Məxməri inqilab”, yoxsa mənasız hakimiyyət dəyişikliyi?

Ermənistanda 8 may 2018-ci il inqilabı ilə bağlı məyusluq artır. Nikol Paşinyan hökumətindən normal iş yerləri, yaxşı güzəran gözləyən əhali indi heç vaxt olmadığı qədər xəyal qırıqlığı yaşamaqdadır. Bu xəyal qırıqlığı getdikcə özünü hökumətə qarşı daha fəal etiraz aksiyalarında göstərməyə başlayıb. Necə deyərlər, Paşinyan iqtidarı “gerisayım” mərhələsinə qədəm qoyub.

“Paşinyan xalqın ümidlərini doğrulda bilmədi. Bu, artıq göz göndədir. Yeni hökumət vaxtilə xalqa vəd etdiyi “islahatlara” xitam verdi”. Bu fikirlər “ArmenianReport” saytıda yer alan məqalədə yer alıb. Qeyd edilir ki, iqtisadi vəziyyətin ağırlaşmasına paralel olaraq baş nazir Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşür. Bildirilir ki, bu gün Ermənistanda baş nazirlə müqayisədə elə də böyük səlahiyyət sahibi olmayan prezident Armen Sarkisyanın reytinqi yüksəlməyə başlayıb. Sayt hesab edir ki, bunun səbəbi 4 il əvvəl Serj Sarkisyanın rəhbərliyi altında ölkə Konstitusiyasına edilən dəyişiklikdir. Sayta görə, bu dəyişiklik prezidenti "İngiltərə kraliçası"na çevirib: “…Bu gün Ermənistanda bütün sahələrdə səlahiyyətləri əlindən alınan ölkə prezidenti, demək olar ki, heç bir şey üçün məsuliyyət daşımır. O, təkcə ölkə parlamentinə keçiriləcək növbəti və növbədənkənar seçkilərin vaxtını təyin edə bilər. Hazırda Ermənistan prezidenti ölkədə hökuməti, nazirləri təyin etmək və ya dəyişdirmək hüququna malik deyil. Ölkənin Silahlı Qüvvələrin yüksək komandanları da artıq hesabatı prezidentə yox, baş nazirə verirlər. Çünki ölkədə ali komandan prezident yox, baş nazirdir. Xalq da Ermənistanda yaşanan iqtisadi çətinliklər, xarici siyasətdəki uğursuzluqlar və orduda çoxsaylı qeyri-döyüş itkiləri üçün məsuliyyəti prezidentin yox, məhz baş nazirin daşıdığını yaxşı başa düşür. Vaxtilə Paşinyanın tərəfdarı olan erməni vətəndaşlarının əksəriyyəti ölkənin gələcəyi və Nikol Paşinyan hökuməti haqqında optimist idi. Lakin, bu ümidlər gerçəkləşmədi və gələcəkdə gerçəkləşəcəyinə də ümidlər yoxdur.

Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan “məxməri inqilab”ı şərh edərkən bildirib ki, 2018-ci ildə Ermənistanda inqilab yox, hakimiyyət dəyişikliyi baş verib. Onun sözlərinə görə, həmin dövrdə ölkədə inqilabi şərait yetişsə də, bu hadisə heç də “məxməri inqilab” olmayıb. Minasyan əlavə edib: “İndiki hakimiyyətin dövrünü isə ən təhlükəli – dərin məyusluq və növbəti kədərli nəticələr doğuracaq şərait kimi qiymətləndirmək olar. Hakimiyyət dəyişikliyindən sonra yeni hakimiyyət xalqı birləşdirmək, tikmək və yaratmaq, bir sözlə, əsl inqilabi prosesləri həyata keçirmək imkanı qazandı. İnsanların görünməmiş dəstəyindən isə dövlətçilik və xalq naminə istifadə etmək olardı. Bunun üçün keçmişin zəncirlərindən qurtulmaq, yazılmamış qanunların əsiri olmamaq və yeni komanda yaradaraq qeyri-adi nəticələr əldə etmək lazım idi. Aprelin 23-dən sonra Ermənistan üçün uçuş zolağı açıq idi və əlverişli hava mövcud olub”.

Paşinyan hakimiyyətinin tamamilə başqa yol seçdiyini təəssüflə qeyd edən diplomat vurğulayıb ki, yeni hökumət islahatları deyil, köhnə qvardiyadan intiqam və qisas yolunu seçdi. O, əlavə edib ki, heç bir peşəkar kadr öz fəaliyyətini və həyatını qisasçı hakimiyyət ilə birləşdirmək istəməz və qisasın daha bir qisas doğuracağını hamı başa düşür. “Peşəkarların olmadığı hər hansı hakimiyyət isə öz varlığını qorumaq üçün mütləq yeni repressiyalara əl atır. Biz açıq gözlə artıq bu mərhələyə daxil olmuşuq və erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”, - deyə diplomat vurğulayıb.

Sevinc Azadi,

“İki sahil”