KÖŞƏ

Nigar Orucova

Ermənistan ölkəmizə qarşı ekoloji terror həyata keçirir

04 noyabr 2020 18:39
1024

İşğalçı ölkə beynəlxalq razılaşmalardan irəli gələn öhdəliklərini kobudcasına pozur

Təcavüzkar Ermənistan uzun illər Dağlıq Qarabağ və ətraf rayonları işğal altında saxlamaqla beynəlxalq birliyin nəzarətindən kənar bölgəyə çevrilən bu ərazilərdə qanunsuz fəaliyyətlə, o cümlədən təbii sərvətlərin talan olunması, su ehtiyatlarının çirkləndirilməsi, flora və faunanın məhvi, narkotik vasitələrin əkilib-becərilməsi və qanunsuz dövriyyəsi ilə məşğul olub. Ermənistan bu ekoloji terror cinayəti ilə özünün də üzv olduğu BMT-nin Bioloji müxtəliflik haqqında, Səhralaşmaya qarşı mübarizə haqqında və digər beynəlxalq razılaşmalardan irəli gələn öhdəlikləri kobudcasına pozur.

Son günlərdə Ermənistan silahlı qüvvələri münaqişənin coğrafiyasını genişləndirərək cəbhə xəttindən kənarda yerləşən Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb. Təcavüzkar Ermənistanın törətdiyi bu terror siyasəti nəticəsində Cənubi Qafqazda füsunkar gözəlliyə malik nadir təbii gölləri və unikal landşaftı ilə zəngin yeganə təbiət ərazisi olan Göygöl o cümlədən, Ağgöl milli parklarının ərazisində yanğınlar baş verib, flora və faunaya, təbii landşafta ciddi ziyan dəyib. Ermənistan tərəfindən təbiətə qarşı törədilən bu ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan "Bioloji Müxtəliflik", "Ramsar" və "Bern" beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır. Belə bir vəziyyətdə  BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar Ermənistanın ekoloji terroruna qarşı qəti mövqe nümayiş etdirməlidir. Ermənistan ölkəmizə qarşı törətdiyi cinayətlərə görə beynəlxalq səviyyədə məsuliyyətə cəlb olunmalıdır.

Ermənistan su ehtiyatları ilə bağlı da uzun illər terrorçu fəaliyyətini davam etdirib. Ərazilərdəki çaylar və digər su mənbələri çirkləndirilib, su anbarlarından cəbhəboyu yaşayan əhalinin istifadəsinə imkan verilməyib və su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradıb. Belə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək sudan istifadədə maneələr yaradılıb, kəskin su çatışmazlığı torpaqların deqradasiyası ilə nəticələnib. Suya ehtiyac olmayan mövsümlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurub. Qeyd olunan faktları nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyası tərəfindən 2016-cı ildə Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamə qəbul edilib. Qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat işlərinin aparılmasının təmin edilməsi tələb olunub. Müxtəlif konvensiyaların tələblərinə və sözügedən qətnaməyə Ermənistan tərəfindən təəssüf ki, bugünədək məhəl qoyulmayıb.

Qürurla qeyd etmək lazımdır ki, Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq sentyabrın 27-dən başlayan əks-hücum nəticəsində Azərbaycan Ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda, ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılıb. Görünən odur ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi iqtisadiyyatın inkişafına, regional əməkdaşlığın genişlənməsinə təkan verməklə yanaşı, bölgənin ekoloji vəziyyətinə nəzarət etməyi də asanlaşdıracaq.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?