21 oktyabr 2020 01:31
748

Ermənistan ordusu humanitar atəşkəsi pozaraq Gəncə şəhərini raket atəşinə məruz qoyub - Qətərin “Əl-Raya” qəzeti

Qətərdə ərəb dilində nəşr olunan “Əl-Raya” qəzetində Gəncə şəhərinə edilmiş hücumla bağlı məlumat dərc edilib.

"İki sahil"-in məlumatına görə, Azərbaycanın Qətərdəki Səfirliyindən AZƏRTAC-a bildirilib ki, yazıda erməni ordusunun oktyabrın 17-də gecə vaxtı Gəncə şəhərini raket atəşinə məruz qoyması və nəticədə13 mülki şəxsin həyatını itirdiyi haqqında məlumat verilir.

Yazıda qeyd olunur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə iki yaşayış binasına endirilmiş raket zərbələri 13 nəfərin həyatını itirməsinə, 45 nəfərin ağır yaralanmasına, çoxlu bina, ev, iş yerləri, nəqliyyat vasitələri və s. zərər görməsinə səbəb olub.

Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) dərc edilən xəbərlərə istinadən verilən məlumatlarda qeyd olunub ki, erməni qoşunları humanitar atəşkəsi pozaraq növbəti dəfə döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini raket atəşinə məruz qoyub.

Yazıda dağıntılar altından həlak olanların cəsədlərinin çıxarılması üçün axtarış və yararlıların xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib, bu vaxta qədər 52 nəfərin dağıntılar altından çıxarıldığı diqqətə çatdırılıb.