23 iyul 2019 20:25
1061

Ermənistan ordusunda fərarilik və cinayətkarlıq

Düşmən ölkənin mətbuatı xəbər verir ki, bir müddət əvvəl İrəvanın Açapnyak rayonundan orduya çağırılan Narek Stepanyan adlı 19 yaşlı gənc qanuni məzuniyyətindən sonra hərbi hissəyə dönməkdən qəti imtina edib. İş o yerə çatıb ki, valideynlərinə ordudakı dəhşətli vəziyyətdən danışan Narek məzuniyyətdən orduya geri qayıdacağı halda intihar edəcəyini söyləyib.

“Əvvəllər o, səksən kiloqram idi. Biz onu görəndə gözlərimizə inanmadıq. O, o qədər arıqlamışdı ki - cəmi əlli beş kiloqram çəkisi vardı. Narek niyə orduya dönmək istəmədiyini açıqlamır. Görünür, orduda övladlarımızla insani formada davranmırlar. O,  ölməyə razı olduğunu, amma bir daha geri dönüb xidmət etməyəcəyini deyir”, - deyə əsgərin valideynləri bildiriblər.

Hadisə Ermənistanda əsgər fərariliyini yenidən gündəmə gətirib. Deyilənlərə görə, əsgərlərə qarşı qeyri-insani hərəkətlər, onların mütəmadi olaraq zabitlər tərəfindən döyülməsi, işgəncə verilməsi, hətta güllələnməsi barədə saysız-hesabsız məlumatlar var. Həmin məlumatlarda bildirilir ki, eyni zamanda, onların tibbi xidmətdən məhrum olunmaları, antisanitar vəziyyətdə yaşamaları, rüşvətxorluq, günlərlə yarıac qalmaları, müxtəlif cəzalarla alçaldılmalara, o cümlədən cinsi istismara məruz qoyulmaları düşmən ordusunda geniş yayılıb.

Hüquq-mühafizə orqanlarına müraciət edən valideynlərin çağırışı əsasında əsgər Narek Stepanyan Muraçan hərbi hospitalına yerləşdirilib. Buraya isə hərbi polisin əməkdaşları gələrək əsgərdən ifadə alandan sonra əsgəri başqa hərbi hospitala köçürüblər.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl, həmçinin Ermənistan ordusunun hərbi hissələrindən birində Amik Vardanyan adlı erməni əsgərinin cəsədi tapılıb. 2000-ci il təvəllüdlü əsgərin ölüm səbəbi bəlli deyil. Amikin ailəsində tək övlad olduğu bildirilir. Hərbçinin ölümü ilə bağlı intihar səviyyəsinə çatdırmaq maddəsi ilə cinayət işi açılıb. Valideynlər belə hesab edirlər ki, əsgərlərin ölümündə ya birbaşa, ya da dolayısı ilə zabitlərin günahı var. Bildirilir ki, əsgərin cəsədi keşik çəkdiyi postun yaxınlığında aşkar edilib. Sağlam gəncin gözlənilmədən intihar etməsi və ya kiminsə öldürməsi hazırlanmış cinayətdən xəbər verir. Əldəki ipucu da bu ittihamın irəli sürülməsinə əsas verir.

Belə faktlar Ermənistan ordusunda, xüsusən də işğal altında olan Dağlıq Qarabağdakı hərbi hissələrdə  həddən artıq olduğu üçün erməni anaları İrəvanda kütləvi etiraz aksiyaları keçirərək hökumətə ciddi narazılıqlarını bildirirlər. Qeyd edək ki, təkcə keçən il ərzində orduda müxtəlif səbəblərdən yüz on nəfərdən artıq əsgər həlak olmuşdu. Qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların valideynləri izahat tələb etsələr də, Ermənistan Müdafiə Nazirliyi, hökumət orqanları və hərbi hissələrin komandanlıqları onların tələblərini eşitmək belə istəmirlər, çünki cavab verməyə arqumentləri yoxdur. Bu isə əhalidə həm orduya, həm də hökumətə inamsızlıq və nifrət oyadır.

Vəli İlyasov, “İki sahil”