KÖŞƏ

Sevinc Azadi

Ermənistan rəhbərliyi virusla mübarizədə aciz durumdadır

04 iyun 2020 10:39
1749

Ermənistan Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yaydığı məlumatlar ölkədə acınacaqlı vəziyyətin hökm sürdüyünü bir daha göstərdi. Mayın sonuna olan vəziyyətə əsasən, Ermənistan 1 milyon əhalinin hesablanması ilə koronavirusa yeni yoluxma hallarının sayına görə dünyada 6-cıdır. Ölkədə virusa yoluxanların ümumi sayı 10 009 nəfərə çatıb. Virusdan ölənlərin sayı 158-ə çatıb.

Hakimiyyətin koronavirusa qarşı mübarizəni təşkil edə bilməməsi kəskin tənqidlərə səbəb olub. Hər gün durmadan və sürətlə artan yoluxma halları, bununla yanaşı xəstəliklərlə mübarizə üçün ən adi şəraitin belə olmaması özü belə bir nəticəyə gəlmək üçün yetərlidir. Üstəlik dərman preparatları sarıdan qıtlıq, qida çatışmazlığı, əhalinin alıcılıq qabiliyyətinin aşağı, yoxsulluq səviyyəsinin isə yuxarı olması da ölkə üçün çox böyük risk proqnozlaşdırır. Nəzərə almaq lazımdır ki, belə yoxsulluq vəziyyətində, aclıq şəraitində yaşayan insanların immun sistemindən, yəni onların orqanizmlərinin xəstəliklərlə mübarizəyə hazırlığından söhbət belə gedə bilməz və bu da öz növbəsində ən yaxın zamanda ermənilərin daha böyük itgilər verəcəyinə şübhə yeri belə qoymur.

Ermənistanda problemlər təkcə sadalananlarla bitmir. Bütün bu qeyd olunanlarla yanaşı bu ölkədə antisanitariya şəraitinin hökm sürdüyü də sirr deyil. Ayrı-ayrı bölgələr bir yana, bu ölkənin paytaxtında belə zibil tullantılarının nəhəng təpələrə çevrildiyi ölkə mətbuatında öz əksini tapır. Məişət tullantılarının, zibilin daşınmasında uzun zamandan bəri mövcud olan problemlərin, narazılıqların fonunda hər tərəf antisanitariya vəziyyətindədir. Bir sözlə, Ermənistan bütövlükdə virus, bakteriya yığınıdır və bu baxımdan burada insanların bir-birini yoluxdurmasına ehtiyac yoxdur, elə mövcud vəziyyət yoluxma mənbəyidir.

Erməni mediasında hakimiyyətin koronavirusa qarşı mübarizəsinin effektiv olmadığı, ən əsası, xəstəliyin öhdəsindən gələ bilmədiyi sərt tənqid olunur. Məsələn, siyasi şərhçi Menua Harutyunyan hökumətin apardığı mübarizə ilə bağlı bildirib ki, virusun yayılmasının lap əvvəlindən Paşinyan düzgün siyasət aparmadı. O qeyd edib ki, Nikol millətin sağlamlığını və Ermənistan iqtisadiyyatının gələcəyini öz hakimiyyətini nəyin bahasına olursa-olsun qorumağa və siyasi rəqiblərini təqib etməyə qurban verib: “Ölkəni idarə etmək və millətə rəhbərlik etmək hər bir populistin ağıl işi deyil, biz bunu nə qədər tez başa düşsək, birləşməyə və Ermənistanın çöküşünü dayandırmağa o qədər tez başlayacağıq”.

Ermənistanın "Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan bildirib ki, ötən həftənin sonunda Paşinyan vəziyyətin nəzarətdən çıxdığını və İtaliya ssenarisinin özünəməxsus üslubda yaxınlaşdığını qəbul edib. O qeyd edib ki, bu dəfə də Paşinyan maska taxmayan və sosial məsafəni gözləməyən insanları günahlandırıb: “Məgər maska taxmaq infeksiyanın sürətlə yayılmasının qarşısını almaq üçün kifayət idi və ya ayrılıqda götürülmüş vətəndaşın karantin tədbirlərinin ləğv olunması şəraitində sosial məsafəni gözləmək imkanı var idi?”.

O əlavə edib ki, Ermənistanda koronavirusdan ölüm dünyada ən yüksəklərdəndir, bu, pandemiya əleyhinə mübarizənin may ayı ərzində ən uğursuz olduğunu göstərir. İki il ərzində Ermənistan sakinlərinin Paşinyandan ehtimal olunan gözləntiləri gerçəkləşmir. Görünən odur ki, koronavirusla mübarizədə Ermənistanın dövlət siyasəti iflasa uğrayır, ölkə rəhbərliyi isə virusla mübarizədə aciz durumdadır. Adıçəkilən ölkədə karonavirusla mübarizə tədbirləri, demək olar ki, görülmür. Vəziyyət o qədət təhlükəlidir ki, hətta virusdan Ermənistanın Baş naziri Nikol Paşinyan və ailəsi də canını qutara bilməyib. Belə ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” hesabında koronavirusa yoluxduğunu etiraf edib. Paşinyan bildirib ki, koronavirus testinin nəticəsi müsbət olub. Təkcə Paşinyan deyil, həmçinin onun ailə üzvləri də koronavirusa yoluxublar. Göründüyü kimi, nə Ermənistan rəhbərliyi, nə də erməni xalqı sözügedən xəstəliklə mübarizə imkanlarına malik deyillər. Ermənistanda test imkanları çox zəifdir, bu  da xəstələri müayinə edib yoluxmanı vaxtında aşkarlamağı mümkünsüz edir. Belə bir vəziyyətdə Paşinyan və ailəsinin koronavirusa yoluxması təbii haldır.