KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ermənistan Türkiyədən niyə bu qədər qorxur?

12 oktyabr 2020 18:05
1669

Sentyabrın 27-də Azərbaycan Ordusunun əks-hücuma keçərək düşmənə ağır zərbələr endirib onu geri çəkilməyə məcbur etməsi, işğal altında olan bir sıra yaşayış məntəqələrimizi işğalçılardan təmizləməsi  dünya siyasətində bomba effekti yaratdı. Bu, hər şeydən əvvəl ordumuzun qələbə əzminin yüksək olmasının təcəssümü idi. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan heç bir sübut gətirmədən dünyaya feyk xəbərlər yayaraq Türkiyənin  bu münaqişəyə cəlb olunması, daha doğrusu, qardaş ölkənin döyüş bölgəsinə terrorçuları cəlb etməsi ilə bağlı sərsəm fikirlər səsləndirməyə başladı. Qərb mətbuatı da onun bu yalanından bəhrələnməyə çalışdı.

Son günlər onların nümayəndələrinin Prezident İlham Əliyevlə müsahibələrində bununla bağlı çoxsaylı suallar ünvanlamaları da bunu bir daha sübut edir. Dövlətimizin başçısı Türkiyənin münaqişədə iştirakının yanlış məlumat olduğunu onların hər birinə tutarlı faktlarla başa salır. Məsələn, Prezident İlham Əliyev oktyabrın 9-da Amerikanın “CNN International” televiziya kanalına müsahibəsində  bir daha vurğulayıb ki, bizdə türk avadanlığı var, türk qüvvələri yoxdur. Yəni Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir, bu mənəvi dəstəkdir: “Buna görə Ermənistan tərəfindən “Azərbaycana kimsə kömək edir” demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik.” Prezident, həmçinin qeyd edib ki, bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı.

Bəli, Türkiyə Azərbaycan üçün güclü müttəfiq, tərəfdaş və qardaş ölkədir. Bu çətin günlərdə də qardaş ölkə çox açıq, qətiyyətli bəyanatları ilə bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan tək deyil. Şübhəsiz, bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Bu mənada Azərbaycan Türkiyə kimi tərəfdaşa, müttəfiqə və qardaş ölkəyə malik olmaqdan çox xoşbəxtdir. Bu səbəbdən Prezident İlham Əliyev bu faktı da demək olar ki, hər müsahibəsində, hər çıxışında dilə gətirir. Məsələn, dövlətimizin başçısı CNN-Türk televiziya kanalına müsahibəsində Türkiyə Cümhuriyyəti barədə bu sözləri deyib:  “Yəni bu, əsl qardaşlıq, həmrəylik rəmzidir. Azərbaycanı Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir.”

Yeri gəlmişkən, qeyd edək ki, bu günədək iki ölkə arasında 249 sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri təkcə bizim ölkələr üçün deyil, bütün bölgə üçün mühüm layihələrdir və bunu birlikdə həyata keçirməyimiz bizim birliyimizdən, qardaşlığımızdan və dostluğumuzdan xəbər verir. Bu münasibətlərin daha da genişləndirilməsi nəzərdə tutulub. Şübhəsiz, tarixi köklərə, dostluğa, qardaşlığa əsaslanan Azərbaycanla Türkiyə arasındakı bu birlik Ermənistanı ciddi narahat edir.

Sentyabrın 27-dən başlayaraq Ermənistanın saytlarında yer alan bütün xəbər və analitik yazılarda  da Türkiyənin adı hallanır. Oktyabrın 10-da Prezident İlham Əliyev Rusiyanın  RBK televiziya kanalına müsahibəsində  bu məsələyə bir daha aydınlıq gətirərək bildirib ki, Prezident Ərdoğanın dövründə Türkiyə Qərbin itaətkar müttəfiqi olmağa son qoyub. O, həm öz regionunda, həm də dünyada öz şərtlərini diktə edir. Türkiyə ilə hesablaşırlar. Türkiyənin nüfuzu artıb. Türkiyə ordusu NATO-da ikinci yeri tutur. O, istənilən hərbi-siyasi problemi həll edə bilər: "Buna görə əlbəttə, Qərb tərəfindən bu cür açıq təzyiq göstərilir. Bu təzyiq hətta Türkiyəyə münasibətdə hansısa çox qəribə və mənfi emosional fonla bağlıdır. Yəni, birinci səbəb Türkiyəni iblisləşdirmək istəyidir.”

Siyasətçilərin fikrincə, bütün bunlar həm də xalqın həmrəyliyindən və Ali Baş Komandanın siyasi iradəsindən güc alan Azərbaycan Ordusunun bacarığını azaltmaq, aparılan uğurlu əməliyyatların qarşısını almaq, həmçinin dünyanın üçüncü ölkələrini bu münaqişəyə cəlb etmək məqsədi daşıyır. Digər tərəfdən, bu  kimi addımlar həm də Türkiyə-Azərbaycan qardaşlığını pozmağa və ya müəyyən qədər zəiflətməyə yönəlib. Bütün bunlara baxmayaraq, Türkiyə Dağlıq Qarabağ uğrunda mübarizənin sonuna qədər  Azərbaycanı, onun haqq işini dəstəkləyəcəyini bildirib.