Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Elçin Zaman

Ermənistan yalnız döyüş meydanında deyil, geopolitik sahədə də uduzur

08 oktyabr 2020 18:22
839

Vladimir Putinin son açıqlaması bir daha göstərdi ki, Paşinyan Rusiya üçün ən dəyərsiz personadır

Ermənistan bu gün yalnız hərb meydanında uduzmur, eyni zamanda, geopolitik miqyasda da ağır məğlubiyyətlərə uğrayır.  Məhz oktyabrın 7-də «Rossiya 24» kanalının verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti şərh edib. O, Dağlıq Qarabağda gedən döyüşlərdən narahat olduğunu bildirib: «Biz çox narahatıq. Ona görə ki, həm Azərbaycan, həm Ermənistan, Dağlıq Qarabağ- bütün bu ərazilər, haradakı bizə yad olmayan insanlar yaşayır. Söyləmək kifayətdir ki, bizim hesablamalarımıza görə, Rusiyada iki milyona yaxın azərbaycanlı, iki milyondan çox erməni yaşayır. Çoxlu sayda Rusiya vətəndaşı hər iki ölkə ilə dostluq, hətta qohumluq münasibətlərinə malikdir. Əlbəttə ki, bu böyük faciədir. İnsanlar həlak olur, hər iki tərəfdən itkilər var».

Putin qeyd edib: «Ümid edirik ki, ən yaxın zamanda bu münaqişə bitəcək. Əgər bu münaqişə tamam bitməsə, görünən odur ki, buna hələ çox var. Lakin bütün hallarda biz atəşi dayandırmağa çağırırıq. Bunu ən qısa müddətdə etmək lazımdır.

Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar, təəssüflər olsun ki, hələ də davam edir, amma Ermənistan ərazisində aparılmır»

Bəli, bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Hər iki ölkənin pezidentləri qarşılıqlı görüşlər keçirib, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadilələri aparıb, razılaşmalar, sazişlər imzalayıblar. Ən əsası isə Rusiya Federasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və həmişə Azərbaycan xalqının, dövlətinin Rusiyaya xoş, isti münasibətini görür. Bu münasibət indi də yüksək səviyyədədir, gələcəkdə daha da möhkəmləndiriləcək.

Bu gün Azərbaycanla Rusiya strateji tərəfdar olmaqla iki ölkə arasında çoxşaxəli əlaqələr və imkanlar mövcuddur, hər iki ölkə arasında bir sıra regional və beynəlxalq məsələlərdə müzakirələr aparılır, müəyyən razılıqlar əldə olunur. Həmçinin Azərbaycanda böyük rus icması yaşayır və onlar burada özlərini çox rahat, xoşbəxt, firavan hiss edirlər. Ölkəmizdəki rus icmasının nümayəndələri Azərbaycanı özlərinin Vətəni hesab edirlər.

Təbii ki, döyüşlərin qızğın çağında regionda ən böyük hərbi-siyasi imkanları olan Rusiyanın belə mövqeyi Bakını tamamilə qane edir. Çünki Rusiya burada beynəlxalq hüquq prinsiplərindən çıxış edir, Ermənistanla strateji müttəfiq olsa da, Azərbaycanın haqlı mövqeyini gözardı etmir. Moskvanın postsovet məkanında etnik münaqişələrdəki rolu məlumdur, Kreml uzun müddət mövcud status-kvonun qalmasında maraqlı olub. Bu məqsədlə münaqişə tərəflərini sərt təzyiq altında saxlamağa çalışıb. Amma indi Rusiyanın xarici siyasətində ən azı Qarabağ münaqişəsinə münasibətdə ciddi dəyişikliklər müşahidə olunur. Putin administrasiyası bölgədəki yeni gerçəklikləri nəzərə alır. Məhz  Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə sahib olan Azərbaycan Rusiya ilə etibarlı tərəfdaş roluna həmişə sadiq olub. Bakı xarici siyasətdə həmişə Rusiyanın mövqeyini nəzərə alıb, müxtəlif maraqları balanslaşdıra bilib. Ticarət dövriyyəsi ilbəil artıb, iqtisadi, humanitar əlaqələr genişlənib. Xüsusən, Rusiya başqa qonşulardan fərqli olaraq Azərbaycandan kiçik istisnalarla heç vaxt narazılıq bildirməyib. İki ölkənin müvafiq strukturları sərhədlərdə vaxtaşırı birgə əməliyyatlar həyata keçirir. Əlbəttə, Moskvanın daha artıq gözləntiləri mövcuddur. Azərbaycan Rusiyanın Avrasiya İttifaqına qoşulması, KTMT üzvlüyü kimi istəkləri təbii səbəblərdən qəbul etmir, bu da Moskvada anlayışla qarşılanır.

Türkiyənin Cənubi Qafqazda fəal xarici siyasət yürütməyə başlaması, Azərbaycanla hərbi-siyasi əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəltməsi də Moskvada diqqətlə izlənilir. Türkiyə ilə Azərbaycan təbii müttəfiqdirlər, bir-birinə sıx tellərlə bağlıdırlar. Qarabağ müharibəsinin ilk günündən Ankaradan verilən qətiyyətli dəstək bəyanatları Bakını ruhlandırır, eyni zamanda, Rusiya kimi regional oyunçuları da ehtiyatlı olmağa vadar edir. Əlbəttə, Rusiya və Türkiyə böyük dövlətlərdir, son illər iqtisadi, siyasi əlaqələri dərinləşib, müxtəlif konfliktlərdə qarşı-qarşıya gəlsələr də, optimal çıxış variantı tapa biliblər. Beləliklə, Moskva başqa regionlarda olduğu kimi, Cənubi Qafqazda da Türkiyə faktorunu qəbul edir, onun maraqlarını nəzərə alır.

Bu arada daha bir önəmli açıqlama isə ABŞ-dan gəlib .Belə ki, ABŞ Prezidenti Donald Trampın Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya ilə ABŞ-ın eyni tərəfdə olduğu mövzulardan biridir»

Həmçinin ABŞ Konqresindəki erməni lobbisinin Azərbaycan əleyhinə hazırladığı qətnamənin rədd edilməsi və Böyuk Birtaniyalı parlamentarilərin mütləq çoxluğunun Ermənistanın hərbi təxribatlarını pisləməsi, ən başlıcası isə Rusiyanın Qarabağdakı döyüşlərə qatılmaqdan imtina etməsi işğalçı ölkəyə ən ağır zərbə oldu.

Mənsumə Babayeva
28 illik işğala son
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?