KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ermənistanı məhvə yuvarlayan cütlük

22 dekabr 2020 16:54
1880

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər  Azərbaycan Ordusu 44 günlük möhtəşəm əks-hücum əməliyyatı ilə düşmənin başını əzdi. Daha doğrusu, dövlət başçımızın qürurla dediyi kimi, dəmir yumruğa dönüb 20 il ərzində Robert Koçaryanın və Serj Sarkisyanın yaratdığı Ermənistan ordusunu tamamilə darmadağın etdi. “Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik” deyən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Ermənistan ordusunu Robert Koçaryanın və Serj Sarkisyanın timsalında xarakterizə etməsi heç də təsadüfi deyil. Belə ki, həqiqətən, iki il öncə hakimiyyətə gəlmiş Nikol Paşinyan praktiki olaraq bunu edə də bilməzdi, bunun üçün zamana ehtiyac vardı.

Bu mənada darmadağın edilmiş ordu Nikol Paşinyanın ordusu deyil, Robert Koçaryanın və Serj Sarkisyanın uzun müddət hakimiyyətdə olduqları illərdə yaratdıqları və təbliğ etdikləri “məğlubedilməz”ordu idi. Halbuki Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan Ordusu bu yalançı mifi 44 gün ərzində tamamilə yox etdi.

Bəli, Prezident İlham Əliyevin bildirdiyi kimi, ordumuz Koçaryan-Sarkisyan ordusunu sıradan çıxardı. O Robert Koçaryan və Serj Sarkisyan ki, azərbaycanlıların geri qayıdacağı düşüncəsi ilə işğaldakı ərazilərdə səngər qazmaqla, həmin yerlərə külli miqdarda silah daşımaqla məşğul olublar. O faşist xislətli Robert Koçaryan və Serj Sarkisyan ki, soydaşlarımıza soyqırımı faciələrini, qaçqınlıq, didərginlik taleyi yaşadıblar. O Koçaryanla Sarkisyan ki, Prezident İlham Əliyev dəfələrlə dünyanın ən ali kürsülərindən əlləri Azərbaycan xalqının qanına bulaşan bu vəhşilərin  işğalçılıq siyasətini ifşa edib. Hətta onları öz adları ilə çağırıb. Belə ki, dövlətimizin başçısı dəfələrlə bu vəhşiləri Xocalı soyqırımı törədən cinayətkarlar, hakimiyyətlərini qaniçən, quldur, kriminal xunta rejimi kimi dəyərləndirib. Qarabağda xunta başçısı olan bu cinayətkar cütlük daha sonra hakimiyyətə gələrək 20 il Ermənistanı idarə ediblər. Bu cütlük hakimiyyətdə olduqları illərdə də öz mənafeləri naminə təkcə Azərbaycana  deyil, öz xalqına qarşı cinayətlər törədiblər. Hətta erməni xalqına güc tətbiq ediblər. 2008-ci ilin mart ayında Serj Sarkisyanın öz xalqını gülləbaran edərək, prezidentlik kürsüsünü qoruyub saxlamasını buna misal göstərmək olar.

Ermənistan ordusu Azərbaycan ərazilərini işğal altında saxladığı təxminən 30 illik müddətdə böyük dağıntılar törətməklə də ölkəmizə milyardlarla dollar həcmində ziyan vurub. Belə ki, Robert Koçaryanın və Serj Sarkisyanın işğalçı və terrorçu hərbi qüvvələri Qarabağda daşı-daş üstündə qoymayıblar. Dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransa­dan olan həmsədri Stefan Viskon­tini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən dövlət başçımız onların beynəlxalq hüquq baxımından hərbi cinayət hesab olunan dəhşətli əməllərindən danışarkən bildirmişdir ki, mən işğaldan azad olunan ərazilərə səfərim zama­nı o torpaqlarımızı nə vəziyyətə sal­dıqlarının şahidi oldum: “Füzulidə bir dənə də olsun salamat bina yox idi, hər şey yerlə-yeksan edilmişdir. Bir dənə də bina tapılmadı ki, orada bayrağımızı qaldıraq.”

Dövlətimizin başçısı MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında Azərbaycan ilə Ermənistan arasında müharibənin nəticələri barədə danışarkən bir daha bu məsələyə toxunaraq demişdir ki, bizim şəhərlərimizi – Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o belə göstərişlər verməyib: “Bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi... Buna görə də indi vəziyyətdən öz siyasi məqsədləri üçün istifadə etməyə və Paşinyana hücum etməyə çalışanlar başa düşməlidirlər ki, bunu onun ordusu etməyib.”

Məqsədləri yalnız işğal olunmuş əraziləri öz nəzarətlərində saxlamaqdan, həmin ərazilərdə keçilməz istehkamlar yaratmaqdan ibarət olan bu ikilik elə bu kimi səbəblərdən xalqına gün ağlamayıb. Nəticədə, ölkənin iqtisadiyyatı çöküb, sosial problemlər dərinləşib, kriminogen durum daha da ağırlaşıb. Buna görə də hazırda xalq başına gətirilən müsibətlərin memarı kimi onları görür. Bir sözlə, erməni xalqı indi anlayıb ki, onlar Dağlıq Qarabağ kartından öz maraqları üçün istifadə ediblər. Bütün bunlara rəğmən, Ermənistandakı mövcud vəziyyətdən vaxtilə hakimiyyətdə olmuş bu hərbi xunta yararlanmağa çalışır. Hətta Sarkisyan-Koçaryan koalisiyası müxtəlif sorğu şirkətləri tərəfindən açıqlanan nəticələri gündəmə gətirməklə guya xalqın onlara etimad göstərəcəklərini nümayiş etdirirlər. Amma görünən budur ki, erməni xalqı bir daha onları hakimiyyətdə görmək istəmir. Şübhəsiz, bu məsələdə Prezident İlham Əliyevin onların iç üzlərini açan çıxışları mühüm rol oynayıb. Bu isə bir daha o deməkdir ki, dövlət başçımızın  Robert Koçaryan və Serj Sarkisyan, daha doğrusu, Ermənistandakı despotik, xunta rejimi ilə bağlı fikirləri öz təsdiqini tapmaqdadır. Bu gedişlə erməni xalqının cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəyi gün də uzaqda deyil.