Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
30 oktyabr 2020 17:12
484

Ermənistanın bugünkü reallığı: Qarabağa getmək ölümə bərabərdir

Ermənistanın baş naziri Nikol Paşinyan erməni kişilərini onun əmrlərinə tabe olmağa və hərbi xidmətdən yayınmamağa çağırıb. Bunu işğalçı ölkənin rəhbəri “Facebook” səhifəsində canlı yayım zamanı deyib.

Nikol Paşinyan bütün fərariləri həm də ictimai qınağa məruz qoymağa çağırıb: “Cəmiyyətimizdə döyüş meydanından qaçanların ciddi töhmət almaları üçün əhval-ruhiyyə olmalıdır. Bizdə ümummilli konsensus olmalıdır. Öz postunu tərk edən hər kəs bilməlidir ki, onlara ictimai töhmət veriləcək.”

Paşinyanın sözlərinə görə, həkim və vətəndaşın oğlan uşağına çağırışdan yayınmaq üçün koronavirus diaqnozu təyin edilməsi barədə razılığa gəlmələri yolverilməzdir.

Şübhəsiz ki, N.Paşinyanın bu müraciəti artıq ermənilərin müharibədə iştirak etmək istəməmələrinin, kütləvi fərariliyə meyilli olmalarının göstəricisidir. Sentybarın 27-də düşmən ölkənin başlatdığı müharibənin gedişində Ermənistan silahlı qüvvələri ciddi itkilər verib. Bununla bağlı Ermənistan hökuməti yanlış rəqəmlər açıqlayır. Müəyyən hesablamalar göstərir ki, minlərlə erməni əsgəri Qarabağda məhv edilib. Ermənistan tərəfindən itkilərin nə qədər çox olduğunu məhv edilən hərbi texnikaların sayından da təxmin etmək mümkündür. Yaralıların sayı isə məhv edilən canlı qüvvə sayından dəfələrlə artıqdır. Ermənistanda artıq iki dəfə elan olunan səfərbərlik dönəmində orduya çox az sayda adam toplaya biliblər. Böyük canlı qüvvə itkisinin fonunda, hansı dövlətdən silah almalarına baxmayaraq, həmin silahları istifadə etməyə canlı qüvvə çatışmır.

N.Paşinyanın son vaxtlar orduya 60 yaşından yuxarı adamları, həmçinin qadın və uşaqları cəlb etməsi işğalçıların vəziyyətinin çox acınacaqlı olduğunu sübut edir. Bütün bunlar sosial şəbəkələrdə nümayiş olunur. Paşinyan erməni qadınlarına müraciət edərək onları döyüşə getməyə səsləməklə, necə deyərlər, lap gül vurub.  Bir dövlət başçısına yaraşmayan bu addım artıq işğalçı ölkədə milli ruhun hansı səviyyədə olmasından xəbər verir. Bu, həm də düşmənin mənəvi-psixoloji durumundan xəbər verir. Məsələ burasındadır ki, artıq düşmən ölkədə heç kim gəlib Azərbaycan torpağında ölmək istəmir. Bir həftə təlim keçdikdən sonra onlar döyüş meydanına sıravi vətəndaşları göndərirlər. Bu, bir daha Ermənistan ordusunun resurslarının tam tükəndiyinə dəlalət edir. Ermənilər yaxşı bilirlər ki, Qarabağa getmək ölümə bərabərdir. Bu səbəbdən də bütün vasitələri işə salırlar ki, ordudan yayınsınlar.

Paşinyanın özü etiraf edir ki, həkimlər xəstələrdən pul alıb, onlara saxta COVID-19 diaqnozu qoyurlar. Bütün bu narazılıqlar Ermənistanın daxili rəyinə sirayət edib və artıq özünü biruzə verməyə başlayıb. Bütün bunlar ondan xəbər verir ki, ordudakı uğursuzluqla bağlı reaksiyalar Ermənistanın siyasi həyatında daha açıq etiraz formalarında özünü göstərməyə başlayıb. Paşinyanın öz həyat yoldaşını orduya göndərməsinə və özünün də ön cəbhədə döyüşməyə hazır olduğuna dair verdiyi açıqlama isə artıq aqonya vəziyyətində olan düşmənin tam tükəndiyindən xəbər verir.

Cavid Əkbərov, “İki sahil”