KÖŞƏ

Yaqut Ağaşahqızı

Ermənistanın daha bir ərköyünlüyü

31 avqust 2020 19:49
5709

Livandan gələn terrorçular Qarabağda məskunlaşdırılır

Ermənistanın bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atması ilk hadisə deyil. Belə ki, Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində işğalçı Ermənistanın qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. Zaman-zaman işğal altında olan ərazilərimizin qeyri-qanuni məskunlaşdırılmasına dair faktlar açıqlanmışdır. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınmışdır.

Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır.Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan sonra ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının “tarixi torpaqlarına” geri dönüşü ilə bağlı mövzu Ermənistanda yenidən aktuallaşmışdır. Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası mühüm əhəmiyyət kəsb edir.Qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirmişdir. Həmçinin müzakirə zamanı erməni ailələrinə qondarma rejim tərəfindən dəstək proqramlarının həyata keçirilməsi haqda fikir mübadiləsi aparılmışdır  (http://panarmenian.net/m/rus/news/283746). Artıq Livandan ilk iki ailə Dağlıq Qarabağa yerləşdirilib[1] və bu prosesin davamlı olacağı istisna edilmir (https://news.am/rus/news/598688.html). Beləliklə, Livanda davam edən qeyri-stabil vəziyyətdən Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejimi işğal altındakı bölgədə acınacaqlı demoqrafik strukturun yaxşılaşdırılmasında istifadə etməyi planlaşdırırlar. Dağlıq Qarabağda aparılan  köçürmə siyasəti beynəlxalq hüququn norma və standartlarına zidd şəkildə və tarixin saxtalaşdırılması kontekstində aparılır. İşğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi, erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik quruluşunu dəyişdirmək niyyəti güdür. Ermənistanın əsas məqsədi, Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsi ilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinin qarşısını almaqdır.

ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir. Beynəlxalq təşkilatlar, münaqişənin həllində yaxından iştirak edən ATƏT-in Minsk qrupu işğal edilmiş torpaqlarda aparılan süni köç fəaliyyətləri ilə bağlı niyə susurlar?

İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasətin həyata keçirilməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı Azərbaycan dövlətinin narazılığı ATƏT-in Minsk qrupunun həmsədrləri qarşısında qaldırılıb.Ermənistan dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri onun gözlədiyi nəticələri verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azərbaycanlı əhalisi öz evlərinə və mülklərinə geri qayıdacaq və işğalçı Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək.

İqtisadi və sosial böhran içərisində çabalayan və  hətta öz əhalisinin sadə problemlərini həll edə bilməyən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, o cümlədən Azərbaycanın Tovuz rayonu istiqamətində yeni hücum cəhdi təcavüzkar dövlətin həddini aşmasıdır. XX əsr boyunca dəfələrlə Azərbaycana qarşı soyqırımı, deportasiya və işğalçılıq əməlləri törədən Ermənistan bütün bu cinayətləri müasir dünyanın gözü qarşısında davam etdirir. Bütün bunların əsas səbəbi isə dünyadakı ikili standartlar, Ermənistanın cəzasızlığı, işğalçı ölkənin sərhəd tanımayan ərköyünlüyüdür.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?