08 fevral 2019 10:56
353

Ərzaq alarkən diqqətli olun

Nə qədər ki  fırıldaqçılar məşhur və nəhəng kupyurları saxta yolla ərsəyə gətirirlər, elə bir o qədər də, istehsalçılar ən bahalı və tələbatlı  məhsulların saxtasını alıcılara satırlar. Buna görə də aşağıda sadaladığımız məhsulları alarkən diqqətli olmağa çalışmalıyıq.

Bal

Saxta bal hazırlayan istehsalçıların xəyal gücü hüdudsuzdur. Bal fruktozadan hazırlanan siroplarla qarışdırılır, içərisinə nişasta və patka (tam şəkərlətməmiş nişastadan ibarət qəliz maddə) adlandırdığımız maddə qatılır. Dünya bazarında saxta bal istehsalı üzrə ən böyük tədarükçü Çindir. Lakin bu kimi hallarda alıcı özü günahkardır. Arıçılar xəbərdarlıq edirlər ki, böyük və ya kiçik market rəflərində gördükləri albalı, şokolad və s. kimi məhsullardan hazırlanan ballar saxtadır. Qarğıdalıdan, çobanyastığından, çiyələkdən, qaragilə kimi giləmeyvələrdən bal olmur. Onların hamısı şəkər siropundan, nişastadan hazırlanan şirin qarışımdır.

Bəs necə yoxlamaq lazımdır?

Balın təmiz olub-olmamasını yoxlamağın üsulları çoxdur: balı qaşığa dolayaraq götürmək (təmiz bal uzun müddət qaşıqdan yerə düşmür), bir damcı yod əlavə etmək (balın rənginin göyərməsi nişastanın olduğunu müəyyən edəcək), dadına baxmaq  (boğazı acışdıracaq). Lakin ən yaxşı yöntəm arıçılıq ilə məşğul olan tanıdığınız və inandığınız adamdan almaqdır.

Pendir

Pendir nə qədər bahalı olsa, bir o qədər onu süni olma ehtimalı azdır.  Məsələn, məşhur parmezan adı ilə tanınan bərk pendir növünü istehsalçılar böyük məmnuniyyətlə palma yağı əlavə edib onun əmələgəlmə prosesini ucuz başa gətirərlər. Lakin palma yağı qatılmış pendir yumşaq olur. Lakin əsl parmezan pendiri o qədər bərk olmalıdır ki, onu kəsmək çətin olsun.

Pendir alarkən tərkibini yaxşı təhlil edin. Pendir yalnız süddən, qursaq fermentindən və mayadan ibarət olur.  Əgər bir dilim pendirə bir damcı yod əlavə eləsək və pendir bal kimi göy rəngə boyansa, bu, içərisində kraxmal olduğundan xəbər vermiş olur. Bu o deməkdir ki, bu pendir deyil, pendirli məhsuldur. Bundan başqa, bir dilim pendiri odda yandırın, əsl pendir yaxşı əriyəcək və yanmış süd qoxusunu verəcək. Süni olsa adi şəkildə yanacaq.

Zeytun yağı

Yağdan anlayanlar yaxşı bilirlər ki, zeytun yağı tünd rəngli şüşədə və ya tənəkə qutuda olanını almaq lazımdır. Artıq xərcə düşmək istəməyən istehsalçılar günəbaxan, qarğıdalı və soya yağına rəng  və dadlandırıcı qataraq zeytun yağı adı ilə satışa buraxırlar.

Şüşə qabda olan yağı soyuducuya qoyun. Əsl məhsul qoyulaşır və yağ tortası əmələ gəlir. Dadına əsasən yağı yalnız yaxşı mütəxəssis müəyyən edə bilər.

Şokolad

Şokoladın bütün məğzi, mükəmməlliyi və mənası kakao- yağdan ibarətdir. Dadı məhz elə bu məhsullar verir. Həqiqi kakaonun tərkibi antioksidantlardan, polifenoldan və alkaloiddən ibarətdir. 

Müasir dövrdə kakao-yağı digər bitki mənşəli yağlar ilə əvəz olunur. Məsələn, palma və ya raps yağları, sintetik emulsiyalar.

Qaydalara əsasən şirniyyatın təkibində belə əvəzedicilərin miqdarı 5%-dən yuxarı olmamalıdır, yox, əgər çoxdursa artıq bu şokolad deyil, qənnadı məhsuludur.

Aldığınız şokolad plitkasına diqqətlə baxın: şokolad plitkası parlaq, səthi hamar olsun,  plastilini xatırlatmasın. Təkibində palma yağı olan şokoladı böldüyünüz zaman səs çıxmır, keyfiyyətli şokoladı böldüyünüz zaman çıqqıltı səsi gəlir. Bir dilim şokoladı əlinizdə saxladığınız zaman, əgər keyfiyyətlidirsə tez əriməlidir.

Balıq

Rənglənmiş balıq artıq bir klassikaya çevrilib. Bütöv balıq da artıq zəmanət demək deyil. Balıqlara rəngləndirici fermerlər tərəfindən artıq birbaşa  qidalarına əlavə olunur. Hisə verilmiş balıqlar haqqında da yaxşı xəbər azdır. “Maye tüstü” aromatizatoru əsl kanserogendir, hansı ki, donu açılmış balığı sutka ərzində qızılı rəngli hisə verilmiş balığa çevirir.

Yaxşı qızıl balıq ailəsinin uzun üzgəcləri olur. Bu o deməkdir ki, bu balıq dənizdə böyüyüb, fermada yox. Onların pulcuqları tünd rəngli olur, gözləri işıqlı olur, (fermada yetişdirilən balıqların gözləri bulanıq olur), əti bozumtul çəhrayı rəngdə olur. “Maye tüstü” yə batırılmış balıqların kəskin qoxusu olur, keyfiyyətlisinin səthi nahamar olur, rəngi isə qeyri-bərabər rəngdə paylanır.

Xama və kəsmik

Sadaladığımız süni məhsullar sırasına xamanı, kəsmiyi də əlavə etmək olar. Market rəflərində gördüyünüz xamalar bitki mənşəli yağların nişasta ilə qatılaşdırılmış  qarışımıdır. Onların üzərində “Südlü içki” və ya “kəsmikli məhsul” yazılsa da, əslində onlardan əsər-əlamət belə yoxdur. Bəzən məhsulun qutusunun üzərində xırda hərflərlə yazılmış “süd tərkibli” və ya “kəsmikli  məhsul” sözünü görmək mümkündür. Lakin onlar elə utancaq şəkildə gizlədilir ki, görmək belə  çətin olur.

Bir qaşıq xamanı qaynayan suya saldıqda təbii məhsul tam şəkildə suya qarışır. Yox, əgər çöküntü şəklində ərimədən suyun dibinə çökürsə, deməli, süni smetandır.

Süni kəsmik qızdırıldığı zaman yağ ayrılır və fışıldıyaraq sıçramağa başlayır.

Kofe

Dən şəklində olan kofenin sünisini yaratmaq çətindir.  Buna görə də saxtakarlar üyüdülmüşünə üstünlük verirlər.    Kasnı (bitki), qovrulmuş şəkər, arpa, soya paxlası kimi tərkibin əsl kofe adı ilə heç bir əlaqəsi yoxdur. Lakin “kofe” adı ilə qutularda satışa buraxılır.

Dəyməz. Ən yaxşısı dən kofe alıb müstəqil şəkildə üyütməkdir.

Ədviyyatlar

İstiot, darçın, vanil və xüsusilə də zəfəran çox bahadır. Hələ Orta əsrlərdə ədviyyat bazarında insanlar ucuz olması üçün süni ədviyyatlar satırdılar.

Əgər hələ o dövrlərdə ədviyyatlara nələrsə qatılırdısa, indi daha nələrin qatıldığını təsəvvür belə etmək olmur. Qara istiotun yerinə kül, qırmızı istiot yerinə isə əzilmiş kərpiç, zəfəranın yerinə isə qurudulmuş çuğundur qatırlar.

Bacardığınız qədər üyüdülməmiş ədviyyat almaq lazımdır. Təbii ədviyyatların əlamətlərini bilmək lazımdır. Məsələn, əsl darçın çubuqlarının iki burulma yeri var. Əsl istiot dənəsi əzildikdə iri tikələr səpələnir və özəyi biraz yağlı olur.

Şübhəli ədviyyatları suda yoxlamaq olar: əzilmiş kərpic çöküntü yaradacaq, kraxmal suyu bulandıracaq.

Kürü

Təbii ki, bu məhsul tez-tez alınan məhsullar sırasında deyil. Səbəbi isə həddindən artıq baha olmasıdır. Elə məhz buna görə də, bayram süfrəsi üçün çoxlu pul ödəyib əvəzində süni məhsul almaq insana ağır gəlir. Əsl qara və qırmızı kürü xeyirli maddələr dəryasıdır. Lakin təbii olanı.

Süni kürü jelatin və rəngləndiricilərdən hazırlanır. Bəzən görüntü mükəmməl olur, təbii olanından seçmək olmur. Əsl kürü dənələri ağızda partlayır, jele kimi çeynənmir. Təbii məhsulda maye çox az olur.

Bir iki kürü dənəsini qaynayan suya atın: əsl olan suda ağımtıl şleyf qoyacaq və formasını itirməyəcək, sadəcə qaynayacaq. Süni kürü isə deformasiya olacaq və suda əriyəcək.

Könül Əliyeva, “İki sahil”