11 sentyabr 2020 17:31
2263

Əsas hədəf: Çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması

Dövlətimizin başçısı İlham Əliyevin son  fərmanları istər hazırkı, istərsə də postpandemiya dövründə hədəflərin real həyatda öz əksini tapmasına xidmət edir

 

Pandemiya dövrü digər ölkələr kimi, Azərbaycanın da hansı  sosial və iqtisadi imkanlara malik olduğunu nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi  sahədə vəziyyətlə bağlı müşavirədə səsləndirdiyi fikirlər,  rəqəmlər arxada qala dövrün reallıqlarının aydın mənzərəsini yaratmaqla yanaşı, postpandemiya dövrü üçün müəyyənləşdirilən hədəflərə də aydınlıq gətirdi.  «O ki qaldı, iqtisadi və sosial məsələlərə, bu məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür» söyləyən Prezident İlham Əliyev qeyd etmişdir ki,  təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Dövlətimizin başçısı bildirir ki,  bu sosial dəstək bundan sonra da davam etdirilməlidir.

   Bunlar pandemiya dövründə  görülmüş işlərin bir hissəsidir. Dünyada sosial dövlət kimi tanınan və təkmil sosial-iqtisadi islahatları ilə bu mövqeyini möhkəmləndirən ölkəmizdə  böyük sosial layihələr həyata keçirilir  və 2020-ci ildə onların həcmi rekord həddə çatıb. Çünki pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən dövlətimizin başçısı İlham Əliyev heç bir sosial layihənin təxirə salınmayacağını əsas vəzifələrdən biri kimi qarşıya qoydu.  Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması gəlirlərə çox mənfi təsir göstərib, ancaq  bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Bu il 7 mindən çox  məcburi köçkün ailəsi,  1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Həmçinin ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Bütövlükdə  9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin olunacaq.

   «Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır» söyləyən cənab İlham Əliyev bildirir ki, bütün bunlar reallıqdır və bu reallığı  özümüz  heç kimdən yardım almadan, maliyyə dəstəyi üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən yaradırıq: «Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik.»

       Dövlətimizin  başçısı İlham Əliyevin  qarşıya qoyduğu  əsas vəzifələrdən biri  şəffaflığın təminatı, korrupsiyaya qarşı ardıcıl və qətiyyətli mübarizənin aparılmasıdır.  Aparılan köklü islahatlar  dövlət sosial xidmətlərində şəffaflığın təminatına nail olmağa imkan verir ki, bunun əyani nümunəsi -  DOST mərkəzləri və onların coğrafiyasının genişləndirilməsidir.  Bu mərkəzlərin sayının artırılması şəffaflığın təminatı sahəsində yeni-yeni nailiyyətlərə yol açır.  Prezident İlham Əliyevin uğurlu sosial siyasəti insanların rifah halının yaxşılaşmasına, bu sahədə mühüm layihələrin həyata keçirilməsinə, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır. Həyata keçirilən  siyasətin mərkəzində  vətəndaşın dayandığını vurğulayan ölkə Prezidenti bunu əməli fəaliyyəti ilə təsdiqləyir.
“ASAN xidmət”, DOST, ABAD mərkəzlərinin fəaliyyətinin, həmçinin pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyevin Fərmanları əsasında  Azərbaycan İnvestisiya Holdinqinin, həmçinin İqtisadi Şuranın yaradılmasında da məqsəd əvvəlki dövrlərdə sosial-iqtisadi sahədə əldə olunan uğurların davamlılığını təmin etmək,  şəffaflığı qorumaq, səmərəliliyi artırmaq, postpandemiya dövrü üçün nəzərdə tutulan hədəflərə lazımi səviyyədə nail olmaqdır.  Dövlətimizin başçısı   İlham Əliyev bildirir ki, sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq, bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin”.  2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 “DOST” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. 
   Həyata keçirilən Tədbirlər planının digər istiqamətlərindən biri də  özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsidir.   2020-ci il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Sosial müdafiə tədbirləri  çərçivəsində  aztəminatlı ailələri üçün sosial yardım proqramının icrasını da xüsusi qeyd etməliyik. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında da bu məqam öz əksini tapır ki, Dövlət proqramlarında qarşıdakı dövr üçün vəzifələr müəyyənləşdirilməklə yanaşı, icra mexanizmləri, həmçinin ayrılacaq maliyyə vəsaiti öz əksini tapır. Cənab İlham Əliyevin  Sərəncamı əsasında təsdiqlənən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da 2006-2015-ci illəri əhatə edən  Məşğulluq Strategiyasının  davamı kimi dəyərləndirilir. Belə ki, qeyd olunan strategiyanın icrası müddətində işsizlik səviyyəsi 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əməkhaqqı 3,5 dəfə, orta aylıq nominal əməkhaqqı 3,8 dəfə artıb. İşsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabətqabiliyyətliliyinin artması, iqtisadi fəallığın yüksəlməsi üçün əlverişli şərait yaradılması sahəsində mühüm  tədbirlər həyata keçirilərək uğurlu nəticələr əldə olunub. Regionlarda məşğulluğun artırılması üçün ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına göstərilən diqqət və qayğı da bu nəticələr sırasındadır. Yuxarıda da qeyd etdiyimiz kimi,  2013-2020-ci illəri əhatə edən  mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, yüksək gəlirli ölkəyə çevrilmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır.  Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən düşünülmüş dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına  kompleks yanaşma əsas prinsiplər kimi  diqqət mərkəzində saxlanılır. Bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixracı imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının daha da yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması, cəmiyyət həyatında rolunun artırılması bu məqsədə yönəldilir ki, insan amilinə  diqqətin  göstəriciləri daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə  davamlı  inkişaf təmin edilsin. Bunun üçün  qeyri-neft sənayesinin, fermer təsərrüfatlarına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır.

      Dövlətimizin başçısı  İlham Əliyevin 7 avqust 2020-ci il tarixli «Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında» Fərmanında da məqsəd dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılmasıdır. Sənəddə də vuğulandığı kimi,  ölkəmizdə  həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir. Bu istiqamətdə ölkədə institusional və tənzimləyici çərçivə təkmilləşdirilmiş, milli iqtisadiyyatın özəyi olan təsərrüfat strukturlarında idarəetmənin sağlam prinsiplər əsasında inkişafı və tam şəffaflaşması üçün möhkəm zəmin yaradılmışdır. Sözügedən islahatlar biznes mühitinin xeyli yaxşılaşmasını şərtləndirmişdir. Həmçinin ölkədə sosial-iqtisadi infrastruktur inkişaf etmiş, yeni strateji mərhələnin çağırışlarına adekvat formada qurulan idarəetmənin çevikliyi artmışdır. Fərmanda o da bildirilir ki, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür. Buna görə də dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

     İmzalanan hər bir sənəd, gündəmə gətirilən hər bir çağırış   yeni inkişaf mərhələsinin əsas hədəfini açılqayır. Çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması istər hazırkı, istərsə də postpandemiya dövrünün əsas hədəfləridir.  Bu çağırışlar idarəçilik sistemində təkmilləşmələrə geniş yol açır ki, bu da özlüyündə ölkənin dayanıqlı inkişafını şərtləndirir.

    Cənab  İlham Əliyevin hər çıxışında idarəetmə sahəsində təkmilləşmənin priortetliyi xüsusi olaraq önə çəkilir: «Ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var.” Azərbaycan İnvestisiya Holdinqinin , onun ardınca İqtisadi Şuranın yaradılması     Azərbaycanın idarəçilik sistemində həyata keçirdiyi növbəti addımlardır.
   Dövlətimizin başçısı İlham Əliyevin 9 sentyabr  2020-ci il tarixli  “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərmanı da keçilən yolun və əldə edilən uğurların aydın mənzərəsini yaradır. Belə ki, dövlətimizin hər dövrün tələblərinə uyğun atdığı addımlar mövcud çətinliklərin aradan qaldırılmasını şərtləndirib. Bugünümüz üçün  əsas hədəf iqtisadi dayanıqlığın qorunması, postpandemiya dövrü üçün nəzərdə tutulan məqsədlərə nail olmaqdır. Məlumdur ki, Fərmanla 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində yeni struktur - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. 2016-cı ildə Maliyyə Sabitliyi Şurasının yaradılması dünyada və ölkədəki yeni iqtisadi situasiyaya ilə bağlı idi – o zaman yaşanan qlobal iqtisadi böhran və dünya bazarlarında neftin qiymətinin düşməsi, Azərbaycanda iki dəfə yaşanan devalvasiya və milli valyutanın sabitliyi üçün yaranmış təhlükə hökuməti sərt tədbirlər görmək məcburiyyətində qoydu.  Prezidentin Fərmanı ilə yaradılan və geniş səlahiyyətlər verilən Maliyyə Sabitliyi Şurasının əsas missiyası, adından da göründüyü kimi, makro-iqtisadi və maliyyə sabitliyin qorunub saxlanmasına nail olmaq idi. Artıq 2015-ci ildən makroiqtisadi göstəricilərin yaxşılaşmağa doğru getməsi və milli valyutanın kursunun sabitləşməsi bu addımın effektivliyini göstərdi. Hazırda ölkənin maliyyə bazarı sabitləşib – Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulmuş məqsədlərə nail olunub. 2020-ci ilin əvvəlindən başlanan koronavirus pandemiyası ilə bağlı əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı  qarşısında da yeni strateji çağırışlar qoyur. Hazırki əlverişsiz qlobal mühitdə son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan verməmək və postpandemiya dövründə iqtisadiyyatın artım tempinin yüksəldilməsi üçün onun yeni mexanizmlər yaratmaqdır. Qlobal böhran və pandemiya şəraitində milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək lazımdır. Məqsədə nail olmaq üçün ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsi yaradılmalıdır. Dövlətimizin başçısı İlham Əliyevin  Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması da məhz bununla bağlıdır. Yeni yaranan Şuranın qarşısında qoyulan qlobal məqsədlər daha dayanıqlı iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbi və qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsidir.

Sadaladıqlarımız əsasında bu qənaəti bildirmək istərdik ki,   Dayanıqlı İnkişaf Gündəliyindəki məqsədlərə nail olmaq üçün  ölkəmizdə məqsədyönlü  siyasət həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib.

Yeganə Əliyeva, “İki sahil”