10 iyul 2020 19:01
1175

Əsas məqsəd insanların həyatını bu xəstəlikdən qorumaqdır

COVID-19-a qarşı mübarizə tədbirləri davamlılığı ilə diqqət çəkir. Əsas məqsəd   müalicə  olunanların sayının yoluxanların sayını üstələməsidir.  Diqqət yetirsək,  dinamikaya uyğun olaraq karantin rejiminin sərtləşdirilməsi, yaxud  yumşaldılması  kimi addımlar atılır. Ümumbəşəri bəlaya qarşı mübarizə  daim  müqayisəli təhlili bir zərurət kimi qarşıya qoyduğundan dünya ölkələrinin statistikasına gündəlik  diqqət yetirilir. Dünyada bir çox ölkələr artıq yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Səbəb həmin ölkələrdə yoluxanların sayının hər an artmasıdır.

Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. İlk gündən  bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyətə nəzarət yüksək səviyyədə həyata keçirildi  və bu gün də nəzarət davam edir.  Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı çərçivəsində televiziya kanallarına müsahibəsində diqqəti statistikaya yönəldərək bildirmişdir ki, baxmayaraq hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır. O da qeyd edilmişdir ki, fevral ayında  cəmi altı laboratoriya var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib. Laboratoriyaların sayı 44-ə çatacaq. Bu daha çox test aparmağa imkan yaradır.  Məhz laboratoriyaların sayının artması fonunda  bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.

   Koronaviruslu xəstələrin müalicəsi üçün bütün zəruri addımlar atılır. Xəstələrin ixtiiyarına verilən  45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir. Bu xəstəxanalar regional inkişaf proqramı çərçivəsində tikilib və bu gün ən yüksək standartlara cavab verir. Xəstələrin tam müayinə olunmaları, müalicələri üçün hər cür şərait yaradılıb.  Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən  dövlətimizin başçısı İlham Əliyev bu çağırışı etdi ki,  əsas məqsəd  insanların sağlamlığının təminatıdır. Yəni, iki seçim qarşısında qalan dövlətimiz iqtisadiyyatın deyil, insanların sağlamlığının prioritetliyini diqqətə çatdırdı. Qeyd olundu ki, növbəti mərhələlərdə iqtisadiyyatın davamlı inkişafını təmin etmək mümkündür.  Dövlətimizin başçısı İlham Əliyevin  19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq  4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən, 10  məşğulluq və sosial  tədbirləri  ehtiva edən Tədbirlər Planının uğurlu icrası bu həqiqəti ortaya qoydu ki,  ölkə Prezidenti insanların sağlamlığı ilə yanaşı, sosial rifah hallarının yaxşılaşdırılmasına da səy göstərir. İlk gündən heç bir sosial tədbirin, layihənin icrasının təxirə salınmayacağı bildirildi və nəticələr bu gün göz önündədir.

       Təbii ki, istənilən məsələnin həllində başlanğıc mərhələ önəmli rol oynayır. Azərbaycanın ilk gündən atdığı addımların təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatının  görülən işləri yüksək dəyərləndirilməsi səbəbsiz deyil. «Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır» söyləyən dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, ilk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması əsasdır. Vətəndaşlar daha məsuliyyətli olmalıdırlar. Məhdudlaşdırıcı tədbirlərin dərinləşdirildiyi vaxtları dünya ölkələrinin vəziyyəti ilə  müqayisə etdikdə   Azərbaycanda vəziyyətin daha yaxşı olduğu diqqətdən kənarda qalmırdı. Ölkəmizdə  yoluxma  və ölüm halları əhalinin sayına görə çox aşağı səviyyədə idi. Cənab İlham Əliyev bildirirdi ki, ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək.

    Ölkə Prezidentinin, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın   çağırışlarında vətəndaş məsuliyyəti əsas yer tutub və bu gün də bu çağırışlar davamlılığı ilə diqqət çəkir. Mehriban xanım Əliyeva  koronavirus infeksiyası ilə bağlı xalqımıza ilk  müraciətində  bu inamı ifadə etmişdir ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və  məhəbbət sayəsində  biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Həmin müraciətdə bu mühüm məqam da  öz əksini tapmışdır ki, biz azərbaycanlılar həmişə  böyüklərimizə xüsusi qayğı və  hörmətlə  yanaşmışıq, onları həssaslıqla  qorumuşuq: «Əminəm ki,  üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli  olacağıq. Bu gün laqeydlik yolverilməzdir.»

   Göründüyü kimi, insanların   sabit, təhlükəsiz şəraitdə yaşayışının təmin olunması, onların qayğılarının həlli istiqamətində mühüm addımların atılması, sağlamlıqlarının qorunması və bu sahədə yaranan təhlükələrin aradan qaldırılması istiqamətində səylərin göstərilməsi,  bir sözlə,  vətəndaş məmnunluğunun yüksəldilməsi bütün dövrlərdə öz aktuallığını qoruyur. Dövlətimizin vətəndaşlarını  koronavirus pandemiyasından  etibarlı müdafiəsini təşkil etmək istiqamətində  atdığı addımlar dövlət-vətəndaş birliyinin vacibliyinə bir  daha işıq salır. Bu çağırışlar günümüzün əsas tələbinə çevrilib: Özümüzü qoruyaq, böyüklərimizə sahib çıxaq, əzizlərimizə dəstək olaq. Bu dəstək üçün təbii ki, evdə qalmağımız, səbəbsiz yerə küçəyə çıxmamağımız tələb olunur. Bu halda  özümüzlə yanaşı, doğmalarımızı, ətrafmızdakı insanları virusa  yoluxmadan qoruyar, onların  sağlamlığına bir həkim kimi yox, vətəndaş kimi dəstək olarıq. 

      Aprel ayında  karantin qaydalarının sərtləşdirilməsi də vətəndaşların sağlamlığının təminatında əhəmiyyətli, ən əsası vacib amil olan «evdə qal» prinsipinin qorunmasına xilmət edirdi. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 24 martdan elan edilən  karantin qaydalarında  yaşı 65-dən çox olan şəxslərin evdə qalması məsləhəti  böyüklərimizə olan diqqətin bariz nümunəsi kimi dəyərləndirildi.  Yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstərilir. Belə ki, gündəlik tələbatlarının ödənilməsi  ilə bağlı zəruri ərzaq və avadanlıqlar, dərman vasitələrinin alınması, müxtəlif ödənişlərin edilməsi və sair kimi məsələlər dəstəklə təmin olunur.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağıraraq bildirir: «Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq  əksəriyyətində xəstəlik yüngül formada  keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəlikdən  əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir.»

    Atılan addımlar, eyni zamanda, Azərbaycan səhiyyəsinin bugünkü inkişafının təqdimatıdır. Bu baxımdan ki, dövlətimizin başçısı  İlham Əliyevin diqqət və qayğısı nəticəsində  səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini hazırda hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Dünya standartlarına cavab verən tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, həkim-tibb bacısı heyətinin yüksək səviyyədə formalaşdırılması  xəstələrin müayinəsi, müalicəsi üçün əlverişli şərait yaradır. Dövlətimizin başçısı  bu çağırışı edir ki,   hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın. Ali və orta təhsil müəssisələrinin,  uşaq bağçalarının müvəqqəti olaraq bağlanması haqqında müvafiq göstərişlərin verilməsi,  koronavirusla əlaqədar tətbiq olunan bəzi sosial izolyasiya tədbirləri, bütün sərhəd-keçid məntəqələrinin bağlanması, metronun fəaliyyətinin dayandırılması və sair kimi biri-birindən əhəmiyyətli tədbirlər  ölkəmizdə  bu xəstəliyin  miqyasının genişlənməsinin qarşısını alır. Ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb. Atılan addımlar təsdiqləyir ki, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin olunması və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib, prioritet məsələdir. Azərbaycan güclü dövlətdir, vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Hazırda Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması,  virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

   Bir məqamı da qeyd edək ki, may ayındakı müsbət dinamika  karantin rejiminin yumşaldılmasına yol açdı. Amma təəssüflər olsun ki, rəqəmlərdə nəzərə çarpan dəyişikliklər ilk əvvəl sevindirici olsa da, növbəti günlərdə koronavirusun yoxa çıxmasını düşünən əksər insanların  məsuliyyətsizliyi üzündən yoluxma halları artdı və yenidən  rejimin sərtələşdirilməsi bir tələbə çevrildi.

   Hər zaman qeyd etdiyimiz kimi, tətbiq olunan qaydalar bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Hər bir məsələdə maarifələndirmə işinin yüksək səviyyədə həyata keçirilməsi poiritetdir. Bu baxımdan hər bir vətəndaş  üzərinə düşən məsuliyyəti yerinə yetirməklə xəstəliyin  coğrafiyasının genişlənməsinin, xəstəliyə yoluxma halının qarşısının alınmasına öz dəstəyini göstərə bilər.  Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik  məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. Evdə qalaq, ətrafdakıları qoruyaq,  sabaha böyük inamla addımlayaq.

   Dövlətimizin başçısı  bu məsələyə də diqqəti yönəldir ki, bu xəstəlik bir şeyi də göstərib. Adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil: «Biz, əlbəttə, bütün addımları atanda vəziyyəti dərindən təhlil edirik. Məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda, əlbəttə ki, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır. Yəni, biz bu işi kortəbii aparmırıq, ölçülüb-biçilmiş addımlar atırıq. Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək.»

Yeganə Əliyeva, «İki sahil»