09 oktyabr 2019 18:50
1424

Əsər kimi oxunan məktub

Ötən ilin sərin bir payız günündə ön xətdə ezamiyyətdəydim. Səngərdə yenə Vətəndən, dövlətdən, dövlətçilikdən danışmışdıq. Bu gərəkli söhbətdə torpaqla, döyüş əzmiylə, qələbə ruhuyla bağlı çox mətləblər çözülmüşdü - sualsız cavablar biçimində keçən o könül söhbətini mən də unutmamışam, heç zaman unutmayacam da.

Biri digərinin davamı olan mətləblər əsgər analarının oğullarının timsalında ordumuza qədərsiz ehtiramımı, bu ehtiramın  dönməz sevgi olduğunu  ifadə edən fikirlər tamamlanmaqdaydı. Onda komandir kifayət qədər dolğun, duyğusallığı yaşadılmalı bir hadisəni - əsgər anasının oğluna yazdığı məktubu xatırlamışdı. Sözarası yada düşsə də onu vətənpərvərliyi ifadə edən dolğun, məzmunlu, məfkurəvi bədii sənəd bilmişdim. Kifayət qədər dolğun, məzmunlu, məfkurəvi bədii sənəd  bilmişdim. Bu vətənpərvərlik məktubu yazanın vətənpərvərliyiydi, onu oxuyanda duyğulananların vətənpərvərliyiydi, belə bir məktubu xatırladanın vətənpərvərliyiydi.

Aradan illər keçsə də komandirin dedikləri az qala söz-söz, kəlmə-kəlmə yadımdadı:

-Əsgərlərdən birinə məktub gəlmişdi. Məktubu oxuyanda əsgərin haldan-hala düsməsi, arada kövrəlməsi yoldaşlarının diqqətindən yayınmayıbmış. Eşidəndə ağlıma minbir fikir gəldiyinə görə məktubla zabit kimi, komandir kimi deyil, ərki çatan, canı yanan böyük qardaş kimi maraqlandım. Öyrəndim ki, məktubu anası yazıb. Əsgər mənim də məktubu oxumağımı istədi. Oxudum. Adi məktub deyildi. Azərbaycanlı ananın azərbaycançılığa sevgisinin, sədaqətinin təsdiqiydi, cümlələrin ifadə etdiyi fikirləri Vətənin adından deyilir kimi oxumuşdum, belə də dərk etmişdim. Məktub bir əsgərə yazılmışdı, istədim ki, o, bütün əsgərlərin olsun. Əsgərlərin hamısı məktubu doğmalıqla oxumuşdular. Əsəgər anasının yazdığı məktubun mahiyyətini min-min illərin o üzündən bu tarixə çatan doğma səs bilib oxumuşdular. Qüruru da, ana həyəcanı da, ana narahatlığı da aydınlığıyla hiss edilən bu məktubu laylalarıyla böyüdüyü anasının kəlmələri kimi oxumuşdular. İran hökmdarı Kirin yaşamına ölüm qılıncı vuran Tomrisin, fateh İsgəndəri ağlıyla, dərrakəsiylə, məntiqli düşüncəsiylə heyrətləndirən Bərdə hökmdarı Nüşabənin, Ağqoyunlu hökmdarı Uzun Həsənin anasının - Şərqin ilk diplomat  qadını olan Sara Xatunun,... ANA kəlamları kimi oxumuşdular. Onu həm də əsgər anasının əsgər oğuluyla uzaqdan uzağa kəlmələsməsi bilmişdilər. Hamısı duyğulanmışdı...

Zabitin dedikləri məni də duyğulandırmışdı. Məktuba marağım artmışdı. “Kaş onu mən  də oxuya biləydim...”, - demişdim.  Zabitin baxıslarını incə bir təbəssüm bürümüşdü. Məlum olmuşdu ki, xatirə qalsın deyə, sabahın əsgərlərinə də çatdırılsın deyə komnadir azərbaycançılıq məfkurəsinin qeyri-rəsmi cəfakeşi olan ananın məktubunun bəzi hissələrini əsgərin razılığıyla köçürübmüş...

“...Orta məktəbdə oxuyanda Sgməd Vurğunun “Ananın öyüdü” şeirini sən də həvəslə əzbərləmişdin. Oğluna “...bir anan mən, biri Vətən” deyən analardan biri də mənəm. Vətənimizi anan qədərincə, ondan da üstün sevən oğullardan ol, oğlum...” - ananın iltimasını analar adından oğullara deyilən öyüd-nəsihət bilmişdim. Zabit də, əsgərlər də bu qənaətimi bəyənmişdilər.

Hardansa “7 oğul istərəm” bədii filmini xatırlamışdm, hansı duyumla xatırladımsdımsa, həmin duyumla da xatırlatmışdım. Sarı Şəmistanın Bəxtiyara dedikləri də yadıma düsmüşdü: Sinən olan yerdə kürəyini gülləyə çevirmə. Ananın məktubunda yazılmayan bu fikrin də işığını görmüşdüm. Dediklərim hamını duyğulandırmışdı. Sarı Şəmistanın dediklərini (və Ananın yazmadan qəlbindən keçənləri!) xalqın düşüncəsi bilmışdik. “Xalqımız min illəri belə dünyəvi düşüncələrlə tarixləşdirib” fikri düşüncələrimizin sığalına dönmüşdü...

Həmin məktubu olduqca dəyərli, vətənpərvərlik duyğuları aşılayan bir əsər bilmişdim. Ruhumuzun zərrəsi olan bu məfkurəvi, dəyərli əsərin əsgərlərimizin döyüş əzmini, qətiyyətini, qələbə ruhunu necə ovxarladığını hiss etmişdim. Oxusa, çağırışçıların əsgər olacağı günə tələsəcəyinə, yeniyetmələrin daha tez böyümək istəyəcəyinə əminliklə əsgərlərə baxdım. Bu məktub-əsərin mahiyyətində təbiblik, loğmanlıq olduğunu da gümanlamağın suç olmadığını qət etdim - ANA qürurunun, ANA qətiyyətinin, ANA inamının ifadəsibildiyim bu kəktubun mahiyyətində çırpınan bir mətləbi duyanlar işğaldan azad edəcəyimiz torpaqlarımızın yaralarının qalib əsgərlərimizin nəfəsiylə qaysaqlayacağına inananlar, Vətən kəlməsini yaşantılarına bağayarpağı bilənlər məni qətiyyən suçlamaz...

Zabit də, əsgərlər də dedilər ki, bu məktubun hər cümləsi Vətənə sevginin, Vətən sevgisinin ifadəsidi: “Vətəni sevirsən, səni belə böyütmüşəm. Vətənə dəyən daşları ürəyinin başında hiss etməyən oğula oğul deyilməz. Sənə oğul deyilməyəcəksə, hayıf yaşadığım illərə. Mənə təəssüf yaşatma, oğlum...”. Duyumum mənə diqtə etdi ki, Ana kəlməsinin, Ana kəlməsiylə qoşa səslənən Vətən kəlməsinin müqəddəsliyinə sədaqətlə ifadə edilən bu kəlmələrə qüdrət nuru sarılıb...

Əsgər anasının məktubundan xatırladıqlarım təkcə könül xoşluğu olmadı, həm də düşüncələrimizin sığalına-tumarına döndü. O duyğuları Ana səsi kimi, ana nəfəsi kimi, Ana təması kimi və bir də Ana kəraməti kimi yenidən yaşadıq.

Məktubda ad çəkilmədən qəhrəmanlar xatırladılmışdı - “...qəhrəmanlıq, qəhrəmanlar həmişə olub...”. Mənə belə gəlmişdi ki, ana əsgər oğluna “qəhrəmanların yolunu davam etdirin” - demək istəyib. Vəzir Orucovun, Şirin Mirzəyevin, Etibar Hüseynovun, Yusif Mirzəyevin, Rasim İbrahimovun, Mübariz İbrahimovun, ... döyüş yolunu davam etdirəcək əsgərlər ananın əsgər oğluna yazdığı məktubu öyüd kimi, nəsihət kimi oxumuşdular. Bu əsgərlər də o əsgərlər kimi həmin nəsihəti Vətənə sevgi bildilər...

Əsgər anasının oğluna məktubu mənəvi dəyərlərimiz haqqında əsər kimi oxunmusdu. Aylar sonra mənim xatırlatmam o qüdrətdə əsər kimi oxunmuş məktub haqqında fikir, rəy kimi dinlənildi...

Hər əsgər anasının əsgər oğluna yazdığı və yazacağı məktubunda da belə nur olacağına zərrəcə şübhəm yoxdu...

Rəşid Faxralı