20 sentyabr 2019 20:28
770

“Əsrin müqaviləsi” dünyada bağlanan ən iri sazişlərdən biridir

Müsahibimiz iqtisadçı ekspert Vüqar Bayramovdur

- Vüqar müəllim, “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il keçir. Bugünkü prizmadan yanaşdıqda həmin müqavilənin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- 25 il bundan əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlərin nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Qısa olaraq “Əsrin müqaviləsi”nə nəzər salaq. Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti konsorsium yaradaraq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 6,5 milyard barreldən artıq neft hasil edilməsi proqnozlaşdırılır. Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-cu ildə başlanılıb. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barrel neft ixrac edilməyə başlanılıb ki, bunun da 131 min barreli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil edilib.

Yeni əsrdən isə Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon barreldən çox artırmağa nail olub. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi.

“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.

- “Əsrin müqaviləsi”nin iqtisadi tərəfindən başqa, daha hansı strateji əhəmiyyəti vardır?

- “Əsrin müqaviləsi” strateji baxımdan sadəcə neft hasilatı üzrə bağlanmış müqavilə kimi xarakterizə edilə bilməz. Sözügedən sazişdə Azərbaycanın təbii ehtiyatlarının Avropa bazarına çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq, müqavilə həm ölkə daxilində, həm də regionda geopolitik təsirlərə malikdir. Əvvəla, bu sazişdə iştirak edən şirkətlərin malik olduqları payların ardıcıllığı Azərbaycanın Qərbə yönəlik, amma balanslaşdırılmış siyasət həyata keçirəcəyinə işarə idi. “Əsrin müqaviləsi” məhz qısa müddətdən sonra Azərbaycan iqtisadiyyatında neft gəlirlərinin artacağına zəmin yaradırdı. Hal-hazırda neft sektorunun iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi də məhz 1994-cü ildə böyük həcmli investisiya qoyuluşlarını nəzərdə tutan müqavilənin imzalanması ilə bağlı idi. Praktik olaraq, son 5 ildə Azərbaycanın dövlət gəlirlərində müşahidə edilən artımlar birbaşa neft satışından daxil olmaların çoxalması ilə bağlıdır.

Sözügedən saziş Azərbaycana nəinki regional layihələrə söz sahibliyi etməyə, həmçinin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli mövqe tutmağa imkan verdi. Hal-hazırda bütün Trans-Xəzər layihələrinin müzakirəsinə Bakının dəvət edilməsi də bununla bağlıdır. Faktiki olaraq Azərbaycanın iştirakı olmadan Avropanın enerji təhlükəsizliyini təmin etmək mümkünsüz görünür.

- “Əsrin müqaviləsi” regionda yeni layihələrin işə salınmasına necə təsir göstərdi?

- Bu gün Avropa üçün təhlükəsizlik anlamına sadəcə enerji təhlükəsizliyi gəlir. Təbii ki, bu aspektdə avropalıların güvəndikləri ilk alternativ mənbə məhz Xəzər dənizində yerləşən yataqlardr. Artıq istifadəyə verilmiş TANAP və reallaşmaqda olan TAP layihələri regionun enerji xəritəsində yeni bir səhifə deməkdir. SOCAR TANAP-da əsas sərmayədar olmaqla yanaşı, TAP-da da aparıcı sərmayəçilərdən biri kimi iştirak edəcək. Bu isə təbii ki, SOCAR üçün yeni sərmayə imkanları, eləcə də yeni bazar deməkdir. Təbii ki, bu investisiyaların rentabelli olması SOCAR-ın timsalında Azərbaycana daxil olan vəsaitlərin həcmini artıracaq. Nəhayət, TAP boru xəttinin çəkilməsi onun Azərbaycan da daxil olmaqla keçdiyi ölkələrdə yeni iş yerlərinin açılması deməkdir. Layihə çərçivəsində 30 min yeni iş yerinin yaradılması nəzərdə tutulur. Yeni iş yerlərinin əhəmiyyətli hissəsi ölkəmizin payına düşəcək.

Bütövlükdə təsdiq edilmiş neft ehtiyatları 1,5 milyard ton, qaz ehtiyatları isə “Abşeron” yatağının ehtimal edilən 350 milyard kubmetrlik qaz potensialı da daxil edilməklə 2,55 trilyon kubmetr olan Azərbaycanın etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır. Hazırkı imkanlarla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın ödəmək gücünə malikdir. Azərbaycanın qaz potensialı növbəti 10 ildən sonra ixracın həcmini təxminən 60 milyard kubmetrə qədər artırmaq imkanı yaradır. Müasir iqtisadiyyatın əsas lokomotivi hesab edilən karbohidrogen ehtiyatlarının zənginliyi Azərbaycanın beynəlxalq iqtisadi və siyasi əlaqələrinin ana xəttini təşkil etməklə ölkəmizi dünya iqtisadiyyatının ciddi faktorlarından birinə çevirib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin işə salınması Azərbaycanın qlobal enerji bazarlarında statusunu möhkəmləndirməklə yanaşı, ölkəmizin Avropa dövlətləri ilə iqtisadi əlaqələrini də gücləndirdi. Ötən müddət ərzində Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş imici formalaşdıraraq, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verdi.

Cavid Əkbərov, “İki sahil”