12 sentyabr 2019 10:52
293

“Əsrin müqaviləsi” olmasaydı...

25 il əvvələ qayıtsaq, həmin vaxt imzalanan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Saziş və ya  “Əsrin müqaviləsi” böyük güclərin regionda maraqlarından qaynaqlanan gərginliyin pik həddə çatdığı, Azərbaycanın iqtisadi çətinliklər və Ermənistanla elan olunmamış müharibə  ilə  üz-üzə qaldığı dövrə təsadüf edirdi. Belə vəziyyətdə yaranmış xoşagəlməz siyasi-iqtisadi məngənədən  qurtulmaq üçün yeganə vasitə ölkənin təbii sərvətlərinin dünya bazarlarına çıxarılması amili idi ki, bunu da reallaşdırmaq elə də asan məsələ deyildi. Çünki iqtisadi çətinliklər və müharibə şəraiti  Azərbaycanın daxili imkanlarını məhdudlaşdırmaqla bərabər, xarici sərmayələrdən də məhrum etmişdi. Lakin Azərbaycan nə olursa-olsun bütün bu çətinlikləri arxada qoymalı, beynəlxalq aləmin etimadını qazanmağa nail olmalı idi.

Belə bir məqamda məhz  ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” nəinki sözügedən çətinliklərin öhdəsindən layiqincə gəlməyə, yeni neft strategiyasının təməlinin yaranmasında vasitəyə çevrilməklə Azərbaycanın sürətlə inkişaf edərək Avropanın enerji xəritəsini dəyişdirə bilən mühüm qlobal enerji təchizatçısına çevrilməsinə imkan yaratdı.

Söhbət ondan gedir ki, “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycana qoyulan sərmayələr ölkə iqtisadiyyatının inkişafına təkan verməklə yanaşı, sonrakı sərmayə axını üçün də stimul oldu. Belə vəziyyətdə Qərbin nəhəng neft şirkətlərinin sərmayələri ölkəmizin   inkişafında böyük rol oynamaqla bərabər, regionda qüvvələr balansının yaranmasına da şərait yaratdı.

Bu amil sonradan Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlarda  Azərbaycanın haqlı mövqeyini möhkəmləndirdi. Məsələ bundadır ki, “Əsrin müqaviləsi”nin imzalanmasından sonra bəzi Xəzəryanı ölkələr  “status” məsələsini ortaya atmaqla Azərbaycanın neft strategiyasının reallaşmasına- neft anlaşmasına qarşı  ciddi maneələr törətməyə çalışsalar da, görünəni odur ki, heç nəyə nail ola bilmədilər. Xəzərin hüquqi statusuna dair Konvensiya isə bundan nə az, nə çox, düz 24 il sonra, yəni ötən ilin avqust ayında imzalandı. Bu isə o deməkdir ki, “Əsrin müqaviləsi”nin taleyi “status” məsələsinin ixtiyarına buraxılmış olsaydı, böyük ehtimalla, hazırda “qara qızıl”ın Azərbaycanın inkişafındakı rolundan  danışmaq qeyri-mümkün olardı.

Qeyd edək ki, 1994-cü ildə ölkənin illik ümumi daxili məhsulunun həcmi 374,4 milyon manat, dövlət büdcəsinin gəlirləri isə cəmi 101 milyon manat olsa da, hazırda bu göstəricilər (2018-ci ildə ÜDM istehsalı 79 milyard 797,3 milyon manat, dövlət büdcəsinin gəlirləri 22 milyard 110 milyon ) dəfələrlə yüksəlib. 

Ötən müddət ərzində neft gəlirləri dövlət gəlirlərində əhəmiyyətli yer tutub, onun mühüm bir hissəsi ölkə iqtisadiyyatının inkişafına və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilib. 2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin mühüm bir hissəsi hər il dövlət büdcəsinə transfer edilir, bir hissəsi isə birbaşa Fondun özünün layihələrinə yönəldilir. 2018-ci ilin sonunadək Fonddan xərclənən ümumi vəsaitin 88,6 milyard manatı, yaxud 86,8 faizi dövlət büdcəsinə transfer olunub.

Neft gəlirlərinin kəskin artdığı  2005-2013-cü illər dövlət başçısı tərəfindən təhsil sektorunda çalışanların əmək haqlarının artırılması ilə bağlı 6, səhiyyə sektorunda çalışanların tarif maaşlarının artımı ilə bağlı 5, pensiyaların minimum məbləğinin artımı ilə bağlı 9, minimum əmək haqqının artırılması ilə bağlı 9 sərəncam imzalanıb. Həmin sərəncamlar nəticəsində təhsil işçilərinin məvaciblərinin nominal məbləği 2,5 dəfəyədək, səhiyyə sistemində çalışanların əmək haqlarının nominal məbləği 50 faizədək, minimum pensiyaların nominal məbləği 4 dəfə, minimum əmək haqqının nominal məbləği 5 dəfə artıb. Təsadüfi deyil ki, neft gəlirlərinin iqtisadi və sosial problemlərin həllinə yönəldilməsi əhalinin gəlirlərinin yüksəlməsinə, ölkədə yoxsulluq səviyyəsini 2003-cü ildəki 44,7 faizdən 2014-cü ildə 5 faiz səviyyəsinə salmağa imkan verdi.

2001-ci ildən bu il avqustun 1-dək AÇG yatağı üzrə mənfəət neftinin satışından 146,366 milyard dollar gəlir əldə olunub. Nəticədə ARDNF-yə toplanan neft gəlirləri hesabına Azərbaycan indiyədək  sosial-iqtisadi infrastrukturun yenidən qurulmasına və bərpasına, sosial problemlərin həllinə və qeyri-neft sektorunun inkişafına nail olmaqla yanaşı, onun bir hissəsinin də toplanması ilə neft gəlirlərindən gələcək nəsillərin də  yararlanmasına  şərait yaradıb. Elə “XXI əsrin müqaviləsi” hesab edilən “Cənub Qaz Dəhlizi” layihəsində Azərbaycanın iştirak payının bir hissəsi bu Fondun vəsaitləri hesabına maliyyələşdirilir. Ölkənin xarici valyuta ehtiyatlarının əksər hissəsini özündə cəmləyən Fond, eyni zamanda, maliyyə sabitliyini təmin edəcək “təhlükəsizlik yastığı” rolunu oynayır. 

Həmin dövrdən etibarən 25 ildə neft-qaz sahəsində 30-dan çox hasilatın pay bölgüsü sazişi imzalansa da, “Əsrin müqaviləsi” miqyasına, eyni zamanda, ölkənin hərtərəfli inkişafındakı roluna görə əhəmiyyətini qoruyub saxlamaqdadır. 

Nəticə etibarilə Azərbaycan “qara qızıl”ını indiyədək siyasi alətə çevirmədən  ölkəmizin inkişafına yönəldib və bu proses indi də davam etməkdədir. Bu amil özü-özlüyündə xarici investorlar üçün də böyük maraq kəsb edir. Elə 30 il müddətində qüvvədə olan müqavilənin bitməsinə  7 il qalmış  2017-ci ildə bu müddətin daha 32 il artırılaraq 2050-ci ilə qədər uzadılması bu marağın ən böyük real göstəricisidir.

Lakin neft ixrac edən ölkələrin təcrübəsi göstərir ki, bu təbii sərvətdən səmərəli istifadə etməyin özü də böyük bacarıq tələb edir. Bu cür ölkələrin çox da uzaq olmayan tarixinə nəzər salsaq, bir çox hallarda neftin iqtisadi inkişafdan çox iqtisadi və maliyyə böhranlarına, hərbi münaqişələrə səbəb olduğunu görmək olur. Azərbaycan isə  postneft dövrünə keçid etməklə ümumi daxili məhsul istehsalını qeyri-neft sektorunun inkişafı hesabına artırmağa çalışır. Bununla belə, “Yeni əsrin müqaviləsi”nin imzalanması  göstərdi ki, “qara qızıl”ın ölkəmizin inkişafındakı rolunu davam etdirəcək.

Ceyhun Piriyev,

“İki sahil”