24 noyabr 2020 10:51
528

Estoniyada müəllimlərin kütləvi test müayinəsi aparılır

Estoniyada təhsil işçilərinin koronavirusa görə kütləvi test müayinəsinin birinci mərhələsi aparılıb.

AZƏRTAC Estoniya Səhiyyə Departamentinin yaydığı məlumata istinadla xəbər verir ki, ölkədə 114 təhsil müəssisəsində 1715 təhsil işçisi test müayinəsindən keçirilib. Onlardan 10 nəfərində koronavirus infeksiyasına yoluxma faktı müəyyənləşib.

Bildirilib ki, test müayinəsi məktəb və uşaq bağçaları daxil olmaqla 44 ümumtəhsil müəssisəsində həyata keçirilib. Səhiyyə Departamenti test nəticələri müsbət çıxmış 10 təhsil işçisinin ayrı-ayrı təhsil müəssisələrindən olduğunu təsdiqləyib.

Səhiyyə Departamenti test müayinələrinin gələn həftənin sonuna kimi yekunlaşacağına ümid edir.