19 fevral 2020 20:48
1529

Əynimizə geyindiyimiz “xəstəliklər”

Paltar sağlamlıq üçün zərərli ola bilərmi? Burada söhbət planlaşdırmadan geyindiyiniz bir kostyumun əhvalınızı pozmasından getmir. Qarderobunuzda olan bəzi predmetlər var ki, onlarla çox diqqətli olmaq lazımdır.

Dar cins şalvarlar

Çox dar şalvarlar dərini sıxır, qan dövranını pozur, aşağı ətrafların damarlarında tromblaşmaya səbəb olur. Nevrologiya, Neyrocərrahiyyə və Psixiatriya Jurnalında dərc edilən bir məqalə göstərdi ki, dar cinslər ayaqlarda əzələləri və sinir uclarını zədələyir.

Toksik parçalar

Süni parçalar-polyester, neylon, viskoz, akril və s. potensial toksiki rəngləndiricilərlə rəngləndirilir. Emal zamanı onlara suya, çirkə, tərə davamlı olması üçün, sürüşməməsi və s. üçün o qədər maddələr vurulur ki, geyinərkən həmin maddələr dəridən qana keçir və allergiya, qaşınma yaradır, orqanizmi zəhərləyir. Emal zamanı istifadə olunan dimetilformamid adlı maddə hətta qaraciyəri zədələyə bilir. Buna görə də, mümkün qədər pambıq, kətan, ipək və yun kimi təbii parçalardan olan geyimlər alın.

İri və ağır əl çantaları

Hər gün işə böyük və ağır çanta ilə gəlmək özünüz də hiss etmədən onurğa problemlərinə zəmin yarada bilər. Bir əlinizdə ağır çanta olduqda bədəninizin çəkini balanslaşdırması üçün çiyninizin birini qaldırmağa məcbur olursunuz. Bu isə bel və daxili orqanlara mənfi təsir edir, artritin yaranmasına səbəb olur. Buna görə də özünüzlə çox şey götürməli olduqda   kürək çantalarından istifadə edin. 

Vyetnamkalar

Son vaxtlar çox məşhurlaşan vyetnamkalar ayaqlar üçün tamamilə zərərlidir. Plyaj və hovuzda geyinilməsi nəzərdə tutulan bu ayaqqabılardan gündəlik istifadə etmək müxtəlif patologiyalara gətirib çıxara bilər. Bütün bədənin ağırlığını ayaq barmaqlarının üzərinə yönəldən vyetnamkalar güclü ağrılara səbəb olur. Xüsusilə, 40 yaşdan sonra bu növ ayaqqabılardan uzaq durmağa çalışın.

İkinci əl geyimlər

Bakteriyalar, göbələklər və parazitlər geyimdə uzun müddət qala bilir. Yoluxma riski ilə özünüzü üz-üzə qoymaq istəmirsinizsə, ümumiyyətlə, satın alınan paltarı isti suda yuyun və daha yaxşı olar ki, mümkün infeksiyanı və qurdları öldürmək üçün quruducuda ən azı 45 dəqiqə saxlayasınız. Sonra isə qaynar ütü ilə möhkəm ütüləyin. İkinci əl geyimləri bu prosedurlardan keçirmədən geyinmək olmaz.

Qırışan materialdan geyimlər

Qırışan materiallardan olan ucuz geyimlər adətən, Çində hazırlanır və parçalarının tərkibində kanserogen maddələr olur və onlar yoxlanılmadan satışa buraxılır. Əgər şübhələnirsinizsə, ilk növbədə geyinməmişdən əvvəl paltarı yuyun. Bu adi görünsə də, bir çox problemin qarşısını ala bilər.

Şərf və papaqlar

Geyimlərimizi tez-tez yusaq da, şərf və papaqları niyəsə hər fəsildə bir-iki dəfə yuyuruq. Əslində isə onların üzərinə yağış, qar düşür, küçənin tozu, asqırdığımız zaman yayılan bakteriyalar yapışır. Evə girməzdən öncə bütün üst geyimlərinizi yaxşıca çırpın və heç olmasa, ayda bir neçə dəfə onları yuyun.

Nubar Süleymanova, “İki sahil”