23 aprel 2019 10:43
783

Əzəli “dostumuzun” köhnə qarın ağrısının  yeni “sancısı”

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb.

Atalar deyirlər ki, qulaq  gündə bir yeni xəbər eşitməsə kar olar.  Amma   o baxır  xəbərin yaratdığı əhvala.  Mətləb budur ki, Sərhədsiz Reportyorlar  Təşkilatı (RSF) 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb. Böhtandan, riyakarlıqdan ibarət bu  cızma-qaranı  oxumamışdan əvvəl bildirək ki,   Azərbaycana qarşı  “qara piar” mövqeyini bu cür yalançı statistikası ilə  “yayan”, daha doğrusu təkrarlayan  və heç bir səlahiyyəti olmayan bu qurumun qarın ağrısının səbəbi  erməni konyakı üçün darıxmasıdar.

Gununsesi.org-un qurumun saytına istinadən verilən xəbərə görə, hesabatda dünya ölkələrində medianın mövcud durumu geniş təhlil edilib. Sənəddə bildirilir ki, jurnalistlərin tam təhlükəsizlik şəraitində işləyə biləcəyi ölkələrin sayı azalır, avtoritar rejimlər mediaya nəzarəti gücləndirirlər. Hər il 180 ölkə və ərazidə jurnalistikanın durumunu dəyərləndirən Sərhədsiz Reportyorların “sehirli çubuq” vasitəsilə hazırladığı “hesabatı” gözü bağlı adamın  qaranlıqda  yeriməsinə bənzətmək daha doğru olar.

Qurum bir çox ölkələrdə siyasi liderlərin jurnalistlərə qarşı düşmənçiliyinin tez-tez ciddi zorakılıq forması aldığını, jurnalistlər üçün qorxu və təhlükənin görünməmiş həddə çatdığını bildirir.  Hesabatda nə yazılır yazılsın, bu  “sərhədsizlərin” öz işi, kimlərəsə qarşı “ögey”, “doğmalıq” münasibətləridir. Azərbaycanın da adının daxil edildiyi hesabatda ölkəmizdə bu sahədə vəziyyətin pis olduğunun  qeyd  edilməsi “kameraları” yalnız qara rəngə hesablanmış  “reportyorların” həm də siyasi korluğunun əlamətidir.  Qaralamaya  oxşayan “ hesabatda” qeyd olunur ki, keçən il 162-ci yerdə olan  Azərbaycan 180 ölkə arasında hazırda 166-cı yeri tutub.  Guya Azərbaycanda müstəqil jurnalistlər və bloqqerlərə təzyiqlər var.   Bəzi müstəqil media iqtisadi baxımdan boğulub və sair. Amma həqiqi mənada  mətbuata qarşı təzyiqlərin, jurnalistlərə qarşı təhdidlərin artdığı Ermənistan guya 9 pillə irəliləyərək 61-ci yerdədir.  Yalançının atasına lənət!

Prezident İlham Əliyevin “Çünki dəfələrlə olub ki, ilk dəfə Azərbaycana gələn və mənimlə görüşən hansısa xarici nümayəndə heyəti öz təəccübünü gizlədə bilməyib. Deyirlər ki, bəs biz tam başqa fikirdəydik, bizə başqa şeylər deyirdilər. Amma biz gəldik, gördük ki, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan necə gözəl ölkədir, Azərbaycan vətəndaşları necə qonaqpərvər və gözəl insanlardır. Bir çoxları bir məsələni də xüsusilə qeyd edir ki, cəmiyyətdə çox gözəl ab-hava var. Bu, doğrudan da belədir. Biz buna öyrəşmişik. Bu bizim üçün adi haldır. Ancaq bəzi başqa ölkələrlə müqayisədə Azərbaycanda ictimai vəziyyət, fikir azadlığı və cəmiyyətdə hökm sürən ab-hava doğrudan da çox müsbətdir” sözləri  “sərhədsizlər” də daxil olmaqla  mətbuat azadlığının nə olduğunu bilməyənlərə tutarlı cavab olsa da bəzi reallıqları  da xatırlatmaq yerinə düşər.

“Sərhədsizlərdən” başqa  ölkəmizə gələn bütün qonaqlar,   dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri  bildirirlər ki,  tolerant ölkə kimi  müxtəlif xalqların, millətlərin,  dinlərin, konfessiyaların birgə yaşadığı Azərbaycanda söz, vicdan, dini azadlıq heç bir ölkədə  müşahidə  olunmayan demokratik prinsiplərə sadiqlikdir. Azərbaycanın multikulturalizm  məkanı olmasının özü  ölkəmizdə  birgəyaşayış qaydalarının  mövcudluğunu təsdiqləyir. Heç bir ölkədə Azərbaycanda  olduğu kimi   qəzetlərin çapı üçün redaksiyaların  nəşriyyatlara borcu dövlət tərəfindən ödənilmir.  Ən əsası isə heç bir ölkədə  jurnalistlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına  ölkəmizdə olduğu qədər diqqət yetirilmir. Mətbuat işçiləri üçün dövlət tərəfindən binalar tikilib,  siyasi əqidəsindən asılı olmayaraq bütün jurnalistlərə təhvil verilir. Uzun illər mətbuatda çalışan təcrübəli, peşəkar jurnalistlər  Fəxri adlar, orden və medallarla təltif olunur.  Gənc jurnalistlərin peşə hazırlığı üçün kurslar təşkil  edilir, xarici dillər öyrədilir, başqa ölkələrin təcrübəsindən yararlanmaq məqsədilə ezamiyyətlərə göndərilir.  Ən inkişaf  etmiş ölkələrin bəzilərində  internet şəbəkələrindən istifadəyə məhdudiyyətlər qoyulduğu halda Azərbaycan  əhalisinin 80 faizi internet istifadəçisidir. Müstəqil mətbuatın inkişafına diqqət daha da artırılır.  Bir neçə ali məktəbdə  jurnalistika peşəsi  üzrə mütəxəssislər yetişdirilir. 

“Söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur. Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaqdır.” Prezident İlham Əliyevin bu sözləri Azərbaycanda  mətbuat azadlığını daim qara rəngdə  təqdim edən “sərhədsizlərə”  ən tutarlı cavabdır.  Belə ki,  yenə də “it hürər, karvan keçər”  məsəli yada düşür. Demokratiyanı, mətbuat azadlığını Ermənistanın timsalında “dəyərləndirən” Sərhədsiz Reportyorlara bundan başqa sözümüz yoxdur.

Xuraman İsmayılqızı, “İki sahil”