18 fevral 2020 20:49
1592

Fakt, yoxsa cəfəngiyyat: Saçlar doğrudan da stresdən ağarır?

1793-cü ildə Fransa inqilabı zamanı gilyotinlə edam olunmaq üçün aparılan Mariye Antoynettenin saçları gecəyarı birdən-birə ağappaq ağarmışdı. Yazıq kraliçanın adı o zamandan saçlarının stresdən ağarması hadisəsi ilə yadda qalıb.

Belə ağarmanın arxasında dayanan bioloji mexanizm uzun illər sirr olaraq qalmışdı. Ötən həftə alimlər bu sirri açmağa müvəffəq olublar. Belə ki, məlum olub ki, saçların birdən-birə ağarması bədənin təhlükəyə qarşı “savaşı” və ya “təhlükədən qaçışı” hesab edilə bilər.

Tədqiqatçılar siçanlar üzərində təcrübələrindən istifadə edərək, stresin saça qara, qəhvəyi, sarı, qırmızı və s. rəng verən melanositləri-piqment istehsal edən hüceyrələri meydana gətirən saç follikullarında kök hüceyrələrə necə təsir etdiyini araşdırdılar. Qeyd edək ki, insanların ümumiyyətlə, baş dərilərində təxminən 100.000 saç kökü var.

Alimlər məməlilərin “mübarizə və ya qaçış” reaksiyasını tənzimləyən simpatik sinir sisteminin burada əsas rol oynadığını tapdılar. Simpatik sinir sistemi dəri də daxil olmaqla bədənin hər bir nöqtəsinə gedən sinir ucları şəbəkəsindən ibarətdir, bunlar hər bir saç follikuluna lent kimi sarılmışdır və melanosit kök hüceyrələrinə çox yaxındır.

Təcrübə zamanı siçanlar qısamüddətli ağrı hiss edən kimi və ya gərgin laboratoriya şəraitinə yerləşdirildikdə onların sinirləri kimyəvi norepinefrin maddəsi ifraz etməyə başlayıb və həmin maddə melanositlərin əsas mənbəyi olan saç folikulu tərəfindən udulub. Norepinefrinin təsirinə məruz qalan kök hüceyrələr yenidən piqment hasil edə bilmirlər.

Beləcə saçların ağarması stresin bədənə vurduğu zərbələrdən biri hesab edilə bilər.

Lakin stress saçların boz və ya ağ rəngə çevrilməsinin yeganə səbəbi deyil. Təbii yaşlanma prosesi, irsi mutasiyalar, immun hücumları və s. də saçların öz rəngini itirməsinə səbəb ola bilər.

Hazırda alimlər stresin yaşlanmanı sürətləndirməsi və yaşlanma prosesində melanosit kök hüceyrələrinin məhv olması arasındakı maraqlı əlaqəni araşdırıb tapmağa çalışırlar.

Nubar Süleymanova, “İki sahil”