03 dekabr 2019 19:40
1088

Faşist Njdenin abidəsinin sökülməsi: tarixi ədalətin addım-addım bərpası yolunda...

Azərbaycanın uğurla həyata keçirdiyi xarici siyasət kursu işğalçı Ermənistanda yaxından izlənilir. Ermənistan mətbuatına ötəri nəzər salmaq kifayətdir ki, orada əksər xəbər manşetlərinin Azərbaycanın regionda və dünyada güclənən roluna, uğurlu  xarici siyasətinə dair  olduğunu görəsən.

Azərbaycanın son dövrlərdə,  xüsusilə Rusiya ilə münasibətlərinin yeni strateji müstəviyə qaldırılması, respublikanın Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın sözügedən ölkəyə rəsmi səfəri və orada yüksək səviyyədə qarşılanması haqqında erməni mətbuatında durmadan yazılar, analitik şərhlər yayımlanmaqdadır.

Bugünlərdə Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində Qareqin Njdenin erməni kilsəsi ərazisində yerləşdirilən xatirə lövhəsinin sökülməsi isə işğalçı ölkədə xüsusilə hiddət doğurub. Erməni KİV-lərinin məlumatına görə, dərc olunan sənədə əsasən, erməni kilsəsinin baş keşişi Terteryan Armavir şəhər başçısı müavininin tələbinə cavab olaraq sökülmə barədə xəbər verib. Sənədin həqiqiliyi dərc edilmiş digər sübutlarda da təsdiq olunub. Ermənistan tərəfi bu məsələdə xüsusilə ona görə qəzəblidir ki, bu üzdəniraq abidənin sökülməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna rolu var. Erməni terrorçusu, faşist Njdenin iç üzünün ifşası ilə bağlı Azərbaycan Prezidenti son dövrlərdə həm müxtəlif beynəlxalq tədbirlərdə, həm də ölkə daxilində gerçəkləşən mərasimlərdə öz prinsipial mövqeyini nümayiş etdirib.

Xatırladaq ki, Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması ilə bağlı məsələni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında gündəmə gətirib. Prezident faşistlərin qəhrəman kimi qələmə verilməsini qətiyyətlə pisləyərək MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını bəyan edib.

Məlumdur ki, Ermənistan paytaxtının mərkəzində faşist cəlladı və əli minlərlə günahsız insanın qanına batmış beynəlxalq terrorçu  Qaregin Njdeyə heykəl qoyulmasını kəskin şəkildə pisləyən və bunu faşizmin təbliği kimi dəyərləndirən Azərbaycan Prezidentinin bu çıxışı beynəlxalq ictimaiyyətdə geniş  rezonans doğurmuşdu. Bu rezonans fonunda Rusiyanın Armavir vilayətində faşist cəlladı, türk düşməni Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ciddi hadisə olmaqla bərabər,  həm də Azərbaycanın dövlət başçısının möhkəm siyasi iradəsini, prinsipiallığını və  qətiyyətini,  eyni zamanda, beynəlxalq siyasətdə özünəməxsus yeri olduğunu, dövlət başçısının  fikrinə xüsusi əhəmiyyət verildiyini  bir daha sübut etdi.

Bundan başqa Njdenin xatirə lövhəsinin sökülməsi həm də Moskvanın Paşinyan hökumətini ciddiyə almadığını, dinamik yüksəliş mərhələsini yaşayan Rusiya-Azərbaycan münasibətləri fonunda Ermənistanın regional blokadasının getdikcə sürətlənməsi deməkdir. Məhz buna görə də terrorçunun xatirə abidəsinin sökülməsi sadəcə bir lövhənin yığışdırılması məsələsi olmaqla qalmır, işğalçı tərəf üçün geosiyasi müstəvidə daha bir məğlubiyyət arqumenti kimi qəbul edilir və bu fakt onları xüsusilə qıcıqlandırır.

Üstəlik rus  siyasi ekspertlərinin xatirə lövhəsinin sökülməsi münasibətilə mətbuata verdikləri açıqlamada bu addımın  Rusiya və Azərbaycan hakimiyyətlərinin ortaq qələbəsi kimi xarakterizə edilməsi işğalçı Ermənistanın qəzəbini birə -min artırıb.

Ermənistanın “armenianreport” saytının aqressiv şərhləri ilə “məşhur olan” Tevos Arşakyan yenə qəzəbindən “cilov gəmirib”:  “Azərbaycan hakimiyyəti daha bir uğur qazandı. Getdikcə dərinləşən Azərbaycan -Rusiya münasibətlərinin  daha bir bəhrəsini gördük: Rusiyada Njdenin xatirə lövhəsini sökdülər. Azərbaycan hakimiyyəti yenə öz istədiyinə nail oldu, Ermənistan isə  növbəti rəzaləti yaşadı. Bu gün Rusiya hakimiyyəti və rus siyasi elitası açıq şəkildə Azərbaycanı dəstəkləyir, onun rəyi ilə hesablaşır. Ermənistan isə çoxdandır heç kimin, o cümlədən böyük qardaş və srateji müttəfiq hesab etdiyi Rusiyanın maraq dairəsinə daxil deyil”.

Erməni şərhçi  beynəlxalq terorçu və faşist cəlladı olan Njdenin abidəsinin Rusiyada sökülməsini həyasızcasına vandalizm aktı adlandırmaqdan çəkinməyib və rəsmi Bakının səyləri nəticəsində rəsmi Moskvanın Rusiya -Ermənistan münasibətlərində qırmızı cizgini keçdiyini hiddətlə vurğulayıb: “Yaxşı, tutalım ki, Rusiya hakimiyyəti ilə məsələ məlumdur, bəs Ermənistan rəsmi şəkildə buna hansı mövqe sərgilədi? Baş nazir postuna dırmaşmış  Nikol Paşinyan Njde ilə bağlı Soljenitsın və Molotov müqayisəsi kimi gülünc bir arqumentdən başqa heç bir mövqe ortaya qoya bilmədi.  Ermənistan hakimiyyəti Rusiyanın və Azərbaycanın qarşısında sanki ağzına su alıb. İndiki halda Ermənistanın “inqilabçı” hökumətinin qorxaq susqunluğu   fonunda Rusiyanın ermənilərin milli heysiyyəti ilə necə oynadığnı görürük...”

İşğalçı ölkənin digər bir internet resursunda- “zham” saytında da Ermənistan hakimiyyətinin  uğursuz xarici siyasəti tənqid edilib, eyni zamanda, Azərbaycanın xarici siyasət uğurları haqqında xüsusi narahatlıq və qəzəb hissilə qeyd edilib. 

David Mkrtçyan sözügedən saytda yer alan “Əliyev niyə Paşinyanı lağa qoymağı özünə rəva bilir?” sərlövhəli yazısında hazırkı Ermənistan hakimiyyətini klounluqda ittiham edib və Nikol Paşinyanı cahil təlxək kimi səciyyələndirib. Yazıda rəsmi Bakının Yerevandan xarici siyasət sahəsində dəfələrlə  üstün mövqeyi hiddətlə etiraf edilib. Baş nazir Paşinyanın yersiz və absurd açıqlamaları sayəsində Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında rəzil vəziyyətə düşməsi qeyd olunub. 

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqini xatırladan müəllif yazır ki,  “Azərbaycan faktiki olaraq Paşinyanın bizə məlum olan, amma xaricdə bilinməyəcəyinə ümid etdiyimiz tarixi savadsızlığını ortaya qoydu. Cənab İlham Əliyev yenidən bu məsələdə Azərbaycanın mövqe üstünlüyü qazandığını qeyd edərək, Paşinyanın Njdeni Molotov və Soljenitsınla müqayisə edərək tarixi həqiqətlərlə bağlı cahilliyini göstərdiyini söylədi”.

D.Mkrtçyan yazısında etiraf etməli olub ki, yalnız cahil bir insan Molotovu Njde ilə müqayisə edə bilərdi: “Soljenitsın ilə müqayisə isə, azərbaycanlılar üçün sadəcə bir hədiyyə oldu. Çünki bu, ruslar üçün ən həssas məqamlardan biridir və bu cür savadsız müqayisələri görəndə, bu gün Ermənistanı hansı şəxsin idarə etdiyini başa düşürlər. Bu təlxəkliyin Ermənistanda nə qədər davam edəcəyini söyləmək çətindir. Bir şey aydındır: Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi, cəhalətə görə, bizim düşdüyümüz təhlükəni başa düşmür...”

Sonda mətləbimizin əvvəlinə qayıtsaq,  xatirə lövhəsinin sökülməsi ilə bağlı  məsələ öz məntiqi sonluğunu və tarixi ədalət bərpasını tapdığı kimi, tezliklə Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səyləri də öz müsbət nəticəsini verəcək, əzəli yurdlarımız tezliklə işğaldan azad ediləcək. Və təkcə işğal faktı aradan qaldırılmaqla qalmayacaq, o zaman həm də tarixi Azərbaycan torpaqlarını işğal edən erməni quldurları, əli xalqımızın qanına batmış, törətdikləri vəhşi qətliamlar nəticəsində minlərlə soydaşımızın ölümünə bais olan müasir faşist njdelər də beynəlxalq hüquq və ilahi ədalət qarısında cavab verməli olacaqlar...

Sevinc Abdullayeva, “İki sahil”