12 iyun 2019 20:23
568

Fikirlərinin əzəl mübtədası müstəqilliyimiz olan Dahi

Hər bir xalqın tarixində yaddaşlarda qoyduğu izi ilə fərqlənən illərin də özünəməxsus tale qisməti olur. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı günü ilə əlamətdar olan, yaddaşlarda əbədiyaşam haqqı qazanan 15 iyun 1993-cü il kimi. Bu qayıdış o dövrə təsadüf edir ki, sinəsində daim xalqı üçün döyünən ürək gəzdirən bu böyük şəxsiyyətin susması mümkün deyildi. Elə susmadı da.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı onun Bakıya gəlişi ilə məhdudlaşmır. Bu qayıdışı şərtləndirən, biri-birindən mürəkkəb, taleyüklü amilləri çoxları bilməsə də tarix səhifələrində o günləri yaşadır və yaşadacaq. 22 iyul 1990-cı ildə Naxçıvana gəlişi ilə ata-baba yurdunu qoruyan, ağır günlərində həmyerlilərinə dayaq olub, yol göstərən, böyüyüb, boya-başa çatdığı torpağının hər qarışı üçün fədakarlıq göstərən müdrik şəxsiyyətin o illərdə Azərbaycanın gələcəyi üçün göstərdiyi xidmətlərin hər biri xalqımızın arzusunda olduğu müstəqilliyimizi əbədiləşdirirdi.

Ulu Öndərin Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi illərdə tarixiləşən, bütünlükdə Azərbaycanın ictimai-siyasi həyatına təsir edən bəzi məqamları yada salmaqla Heydər Əliyev şəxsiyyətinin müdrikliyinin dəyərini, qədr- qiymətini bilmək olar.

Ali Məclisə Sədr seçilməzdən əvvəl ağsaqqal kimi başçılıq etdiyi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını, gerbini, himnini bərpa etməklə Şərqdə ilk demokratik respublika olan ölkəmizdə dövlətçilik ənənələrini yaşadan, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etməklə soydaşlarımızın birliyini təmin edən, Yeni Azərbaycan Partiyasını yaratmaqla ölkəmizin demokratik yolla inkişafının təməlini qoyan müdrik şəxsiyyət Heydər Əliyev uzaqgörən siyasətçi olduğunu təsdiqləyən mühüm xidmətlərinə də imzasını əbədilik yazdı.

Naxçıvanda olarkən nüfuzlu qəzetlərə verdiyi müsahibələrində, gənclərlə, sakinlərlə keçirdiyi görüşlərdə Azərbaycanın düşdüyü çətin vəziyyətdən narahat olan, ən ağır şəraitdə yaşamağına baxmayaraq yalnız Azərbaycanın gələcək taleyini düşünən Ulu Öndərin fikirlərinin əzəl mübtədası müstəqilliyimizin, suverenliyimizin qorunması idi. “ Bəri başdan deyim ki, Azərbaycan xalqının belə bir böhrana düşməsində heç bir təqsiri yoxdur. Onu bu vəziyyətə salıblar. Bunlar da ilk növbədə Azərbaycanın qonşuluğunda yerləşən Ermənistanda və Dağlıq Qarabağda fəaliyyət göstərən erməni millətçiləridir. İkinci təqsirkar həmin hadisələr başlanan dövrdə Azərbaycanda fəaliyyət göstərən rəhbərlik, bu rəhbərliyin məsuliyyətsizliyi və xalqa can yandırmamasıdır” söyləyən Ulu Öndəri daha çox narahat edən ikincilər tərəfindən soy-kökümüzə vurulan baltalar idi. “Mən”i “biz”dən irəli çəkənlərin, şəxsi mənafeyini ümumi maraqlardan üstün tutanların haqsız hücumlarına məruz qalan Ulu Öndərin arxasında dayanan xalq bu müdrik insanın ətrafında birləşməklə milləti satanları zamanında ifşa etdi.

Azərbaycan Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasında çıxış edən dahi şəxsiyyət Heydər Əliyevin sözlərini yarımçıq kəsənlər, o dövrdə muxtar respublikada Ulu Öndərin həyata keçirdiyi siyasi, iqtisadi islahatlara qısqanclıqla yanaşanlar bədbin, rəzil və gələcək taleləri üçün narahat olanlar idilər. “ Mən Azərbaycana hakimiyyətə qayıtmaq üçün gəlməmişəm” sözləri ilə belə konyukturlara Ulu Öndərin cavabı dəyişilməz idi: “Mən ancaq Azərbaycanın bu ağır dövründə, çətin vaxtında xalqıma kömək etmək, xidmət etmək üçün gəlmişəm.”

8 sentyabr 1991-ci il tarixə təyin olunmuş prezident seçkilərinin keçirilməsini antidemokratik, xalqın azadlıq səsinin boğulması kimi dəyərləndirən müdrik siyasətçi Heydər Əliyevin cəmiyyətdə daim yüksək səviyyədə olan nüfuzundan ehtiyatlanan o dövrdəki iqtidarın istəyinin əksinə olaraq Naxçıvan MR Ali Məclisinin qərarına əsasən muxtar respublikada prezident seçkilərinin keçirilməsi dayandırıldı. Təkpartiyalılıq sistemi olan kommunist partiyasının bütün strukturları ləğv olundu. Muxtar respublikaya ögey münasibət göstərən Azərbaycan KP MK rəhbərliyinin “ təşəbbüsü” ilə 40-dan artıq deputatın paytaxta çağırılması ilə Naxçıvan MR Ali Məclisinin sessiyası işini dayandırmağa məcbur oldu.

SSRİ-nin qorunub saxlanılması ilə əlaqədar referendumun keçirilməsinə çalışan Azərbaycanın kommunist rəhbərliyinin canfəşanlığına baxmayaraq müstəqillik uğrunda mübarizə aparan muxtar respublika əhalisi “yenidənqurmanın siyasi oyununda” iştirak etmədi. 25 mart 1992-ci ilə təyin olunmuş prezident seçkilərinə də eyni münasibət göstərildi.

Azərbaycanın rəsmi orqanlarının qərəzli münasibətinin əksinə olaraq təcrübəli, ictimai-siyasi, dövlət xadimi Heydər Əliyevin xalq tərəfindən prezidentliyə namizədliyinin irəli sürülməsi keçirilən mitinqlərdə dəstəklənsə də iqtidardakıları xoflandırırdı.

Bu birlikdən qorxanlar “Azərbaycan Respublikası prezident seçkiləri haqqında” Qanunun 7-ci və 1-ci maddələrinə düzəliş etməkdən belə çəkinmədilər. Həmin “ düzəlişlərə” əsasən yalnız son beş il ərzində respublikada yaşayan və yaşı 65-dən yuxarı olmayan şəxslər respublika prezidenti ola bilərdi. Bu isə açıq-aşkar Ulu Öndərə qarşı yönəldilmiş təxribat idi. Sonrakı illərdə hakimiyyətə gələn AXC-Müsavat iqtidarının Naxçıvana münasibəti sabiq dövlət başçısı Ayaz Mütəllibovdan fərqli olmadı.

Heydər Əliyevin muxtar respublika parlamentinə sədrliyi müddətində Azərbaycan Xalq Cəbhəsi platformasının bilərəkdən yaratdığı vəziyyət üzündən sessiyaların işi dəfələrlə pozulmuşdur. Araşdırmalardan aydın olmuşdur ki, xalq cəbhəsinə mənsub qrupun üzvləri Ali Məclisin sessiyasında iştirakla bağlı müzakirələrdən yayınmaq üçün başqa yerdə toplanmışlar. “ Biz bunların hərəkətlərini pisləməliyik. Bir qrup deputatın bu ağır vəziyyətdə sessiyanın işini pozmaları təxribat sayılmalı və bütün günahlar onların boynuna qoyulmalıdır” sözləri ilə Heydər Əliyevi “ Moskvanın adamı adlandıran” deputat Tofiq Qasımova, “O gəlsə, düşmənlərindən intiqam alacaq” deyən Arif Hacıyevə Ulu Öndərin cavabı belə idi: “ Mən gəlmişəm ki ömrümün ahıl çağında xalqıma xeyir verim. Gəlməmişəm ki, kimdənsə intiqam alım. Bir də, o adamdan intiqam alarlar ki, heç olmasa sənin səviyyəndə olsun.”

Ölkədə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının göstərişinə əsasən həmin qüvvələr 1992-ci il oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişi etmək, ulu öndər Heydər Əliyevə qarşı fiziki təzyiqlər göstərmək istəsələr də xalqın öz liderinə olan inamı mənfur niyyətlərin qarşısını aldı . Muxtar respublikanın Daxili İşlər Nazirliyinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binalarını müvəqqəti zəbt edən silahlılar elə xalqın dəstəyi ilə ləğv olundu. O zaman daxili işlər naziri olan İsgəndər Həmidov hədə- qorxu gələrək bildirirdi ki, üç gün ərzində nazirliyin rəhbər işçiləri tutduqları vəzifələrindən azad olunmasalar özüm Naxçıvana gələrək istədiyimə nail olacağam.

“Nezavisimaya qazeta”nın müxbirinə müsahibəsində “Nə hədələrdən, nə də rəzil niyyətlərdən qorxuram” söyləyən Ulu Öndər onu da bildirirdi ki, ölkənin siyasi həyatında, bütün dövlət strukturlarında faktiki olaraq AXC-nin monopoliyası hökm sürür. “Bütün vəzifələr yeganə prinsip, AXC-yə mənsubiyyət əsasında bölüşdürülür. Özü də nə səriştəyə, nə də professionallığa, hətta adi savada belə heç bir əhəmiyyət verilmir. Bu, nəinki səhv, eyni zamanda xalqımızın gələcəyi üçün böyük təhlükəyə aparan yoldur.”

AXC-Müsavat cütlüyünün səbatsız “kadr seçiminin” ən rəzil nümunəsi qızıl və saqqız alverçisi Becan Fərzəliyev kimi bivec adamın muxtar respublikaa baş nazir təyin edilməsi idi. Ən acınacaqlısı isə o idi ki, hakimiyyətdə olan, indiki AXCP sədri Əli Kərimli başda olmaqla antidemokratik, bəzən isə terror üsulundan istifadə edənlər özlərini demokrat adlandırırdılar. “Mən bizim indiki siyasətçilərin çoxlarının savadsızlığına təəccüb qalıram. Bəzən onların danışıq tərzi və fikirləri cəfəng səslənir. Hərf tanımayanlar əlifba öyrədirlər” söyləyən Ulu Öndər o dövrdə hakimiyyətdə təmsil olunan Pənah Hüseynov kimilərinin Naxçıvanın muxtariyyatının ləğvi ilə bağlı fikirlərini xalqa xəyanət adlandırırdı. “Müxalifət” qəzetinin 4 fevral 1993-cü il sayındakı “Özüm haqda həmişə yüksək fikirdə olmuşam” adlı müsahibəsində tarixi Qars müqaviləsinin adını çəkməyi belə özünə rəva bilməyən Pənah Hüseynovun tarixçiliyi də şübhə doğurur. Çünki bu fikrin səslənməsi, Qars müqaviləsinin Azərbaycan tərəfindən qüvvədən salınması ermənilərə xidmət idi. Amma müdrik siyasətçi Heydər Əliyev Qars müqaviləsini təzələməklə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanı erməni təcavüzündən qorudu. SSRİ-yə məxsus ordunun və sərhəd qoşunlarının muxtar respublikadan köçürülməsi ilə bu qədim diyarı imperiyanın caynağından xilas edən Ulu Öndər o illərdə xalqı arxasınca aparan sərkərdə olduğunu təsdiqlədi. Müstəqilliyimizin təhlükədə olduğu illərdə Qarabağdakı məğlubiyyətlər, Azərbaycanda tez-tez baş verən hakimiyyət dəyişikliyi, AXC- Müsavat iqtidarının səbatsızlığı, Gəncə hadisələri zamanın bir hökmünü müdrikcəsinə müəyyənləşdirdi: Azərbaycanın “ möhkəm əl”ə ehtiyacı var. O əlin sahibini də tarix özü seçdi, zaman yaşatdı, əbədiləşdirdi. Bu dahi şəxsiyyət, Azərbaycanın xilaskarı, ümummilli lider Heydər Əliyev, davamçısı isə Prezident İlham Əliyevdir.

Xuraman İsmayılqızı, “İki sahil”