20 yanvar 2021 13:37
666

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi matəm konserti ilə yad olunub.

"İki sahil" xəbər verir ki, Q.Qarayev adına Azərbaycan Kamera Orkestrinin müşayiəti ilə reallaşan matəm konsertində V.A.Mosart, N.Əliverdibəyov, T.Quliyev, C.Villiam, Q.Qarayev, C.Perqolezi, Q.Fore və H.Xanməmmədovun əsərləri səsləndirilib.

“ÜNS” yaradıcılıq səhnəsinin solisti, Əməkdar artist Aqşin Abdullayev bildirib: “Azərbaycan xalqına qələbə yaraşır. Pandemiyaya görə ötən il nə qədər çətin keçsə də, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz bizə qələbə sevinci yaşatdı. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün 20 yanvarla bağlı tədbirimizdə mən Tofiq Quliyevin “Azərbaycan” mahnısını ifa etdim. Sənətkarın müharibə illərində bəstələdiyi bu mahnıda insanların saf duyğuları, Vətənə məhəbbəti tərənnüm olunur. Belə bir əsərə Azərbaycan adı verilməsi olduqca təqdirəlayiqdir çünki bu mahnı o qədər gözəldir ki, Azərbaycana yaraşır”.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Milli Konservatoriyasının nəzdində olan Respublika İncəsənət Gimnaziyası şagirdlərinin əl işlərindən ibarət kiçik rəsm sərgisi də nümayiş olunub.