25 yanvar 2021 16:18
850

“Fintex Sammit Onlayn” keçiriləcək

Azərbaycan Banklar Assosiasiyası (ABA) yanvarın 28-29-da “Fintex Sammit Onlayn” (Maliyyə və Texnologiyalar sərgisi) adlı tədbiri təşkil edir.

ABA-dan "İki sahil"ə bildirilib ki, sammit Azərbaycanda ilk dəfə olaraq virtual stendlər, “networking” xüsusiyyətlərinə malik xüsusi platforma üzərində baş tutacaq. Sammit “Visa” beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Mərkəzi Bank, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə “Bank və ödəniş ekosistemində yeni trendlər: innovativ həllər, fintexlər və təhlükəsizlik” mövzusunda keçiriləcək.

Tədbir zamanı “Auditorium” otağına daxil olaraq panel müzakirələrini dinləmək və spikerlərə sual vermək, “Exibition” otağına daxil olaraq virtual sərgidə iştirak etmək, həmçinin “Networking” otağına daxil olaraq digər iştirakçılarla ünsiyyət qurmaq imkanı mövcuddur.

Qeyd edək ki, ABA tərəfindən hər il may ayında “Fintex Summit” və noyabrda Beynəlxalq Bankçılıq Forumu keçirilir - https://www.gbmevents.az/en/events. Bu tədbirlər maliyyə-bank və fintexlər sahəsində regionun ən nüfüzlu tədbirləri hesab olunur.