KÖŞƏ

Qvami Məhəbbətoğlu

Fransa parlamenti uşaq bağçasıdır, yoxsa?...

26 noyabr 2020 19:52
1658

Xəbər verildiyi kimi, noyabrın 18-də Fransa Senatında erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub və noyabrın 25-də müzakirə edilərək qəbul edilib. Siyasətçilərin fikrincə, Azərbaycanın döyüş meydanında və siyasi müstəvidə uğurlarını həzm edə bilməyən Senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürü, həm də bu ölkədə artmaqda olan islamofobiyanın daha bir bariz nümunəsidür.

Şübhəsiz, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa Senatı bu addımı ilə 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatın müddəalarını pozmağa və münaqişəni yenidən qızışdırmağa səylər göstərir. Başqa sözlə desək,  Senat erməni lobbisinin dedikləri ilə oturub-durmaqda davam edir. Buna da kifayət qədər dəlil var. Məsələn, həmin qətnamənin əleyhinə səs vermiş yeganə şəxsin - Fransa Senatının üzvü Natali Qulenin bildirdiyinə görə, qətnamənin lehinə səs verən senatorların çoxu Qarabağı xəritədə göstərə bilməzlər, çünki onlar heç bilmirlər o haradadır. Bu aspektdən çıxış etsək, demək olar ki, onlar BMT-nin qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməsi tələbindən xəbərsizdirlər. Onlar, həmçinin 30 il müddətində Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin nizamlanması istiqamətində heç bir addım atmadığını da bilmirlər. Yəqin, qətnaməyə səs verən həmin senatorlar Fransa prezidenti Emmanuel Makronun bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan videosunda Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycanın ərazisi olduğunu bildirməsindən də xəbər tutmayıblar. Bu mənada Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın təbirincə desək, erməni lobbisi müəyyən təsir vasitələri ilə Fransa parlamentini uşaq bağçası səviyyəsinə endirməyə nail olublar.

Şübhəsiz, beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsinin və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulmasını özündə əks etdirən həmin kağız parçasını   Fransa Senatının Azərbaycanın daxili işlərinə burun soxmaq kimi də dəyərləndirmək olar. Bu məqamda Prezident İlham Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşərdi: “…Bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”. Həmin güzgüyə baxanda isə Fransa bir zamanlar Ruandada, Əlcəzairdə və digər ölkələrdə törətdiyi soyqırımları görə bilər. Yəni, bu gün Azərbaycana qarşı ittihamlar irəli sürən Fransanın müharibə cinayətlərinin tarixi daha qədim, coğrafiyası isə olduqca genişdir. Bu mənada separatçı erməniləri və işğalçı Ermənistanı dəstəkləyənFransa Senatı, ilk növbədə, bu əməllərinə siyasi qiymət verməlidir. Amma onlar güzgüyə baxmaq istəmirlər.  Yaxud da baxırlar. Baxanda da həqiqətləri olduğu kimi deyil, öz məqsədlərinə uyğun şəkildə görürlər. Görünür, onların güzgüsü, əgər belə demək mümkünsə, fransuzskidir.

Qətnamə layihəsinin mətnində diqqəti çəkən bir məqam da qardaş Türkiyəyə qarşı hücumların olmasıdır.  Görünən budur ki, Fransa Senatı heç bir dəlilə əsaslanmadan soyqırımda günahlandırdığı Türkiyənin Cənubi Qafqazda güclənməsinin qarşısını almaq üçün bütün beynəlxalq qanunlara tüpürməyə hazırdır.

Siyasətçilərin fikrincə, Senatın qəbul etdiyi qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur. Lakin indiyə qədər dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatı, hətta Ermənistanın özü tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası” nın müstəqilliyinin tanınmadığı halda, ATƏT-in Minsk qrupu həmsədrlərindən birinin, daha doğrusu, vasitəçi mandatı daşıyan bir ölkənin  Senatının belə canfəşanlığı təəssüf doğurur. Əbəs yerə deyilmir ki, milçək bir şey deyil, amma ürək bulandırır.