21 mart 2020 13:30
1235

Fransada COVID-19 gələn həftə daha intensivləşə bilər

Fransada koronovirusla mübarizə tədbirləri intensiv xarakter alıb. Ölkədə koronavirus pandemiyasından ölənlərin sayı 450-yə çatıb. Son 24 saat ərzində ölkədə 78 ölüm halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, ölkədə martın 20-də qeydə alınan yoluxma hallarının sayı 12 min 612 olub. Koronavirus daşıyıcılarından 5 226-sı xəstəxanaya yerləşdirilib ki, onlardan 1587-i reanimasiyadadır. Ölənlərin 87 faizi 70 yaşdan yuxarı olanlardır.

Ölkədə qarşıdan gələn 5-8 günə epidemiyanın pik nöqtəsinin gözlənildiyi bildirilib.

Daxili İşlər naziri Kristof Kastaner ölkədə karantin, eləcə də polis nəzarət qaydalarının daha da ciddiləşəcəyini qeyd edib. Eyni zamanda, karantin müddətinin uzadılacağının da qaçılmaz olduğu diqqətə çatdırılıb. Nis şəhərində komendant saatı tətbiq olunub və bu tədbirin bütün ölkəyə tətbiq olunacağı gözlənilir.

Ölkədə aidiyyətli strukturlar tibbi maska çatışmazlığı ilə bağlı həyəcan təbili çalır.

Parisdə polis tərəfindən apteklərdən birində bir tibbi maskanın 10 avroya satıldığı aşkarlanıb və 900-dən çox maska konfiskasiya edilib.