KÖŞƏ

Mənsumə Babayeva

Fransanın erməni sevgisi...

18 noyabr 2020 20:07
2238

Paris meriyası açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirir

Bu günlərdə daim ermənilərin saxtakarlığı dəstək verən Fransada Azərbaycana qarşı daha bir addım atılacağına dair xəbər yayılıb. Məlumata görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşır. Bu prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Çünki Parisin meri Enn İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir. Aparılan qısa araşdırma göstərir ki, Fransa meri Enn İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır. Hətta Paris meri seçkiləri keçirilən zaman Enn İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri olması barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıblar.

Məlumata görə, Enn İdalqo Fransa ermənilərinin təşkil etdiyi bütün tədbirlərdə iştirak edib. Bir çox tədbirlərdə isə bu ölkənin prezidenti Makronun yanında yer alıb. Konkret olaraq mer Fransada erməni kilsəsinin açılışında iştirak edib. Bununla kifayətlənməyərək ermənilərin sevgisinin qazanmaqdan ötrü qondarma “erməni soyqırımı” ilə bağlı tvittlər paylaşıb. Qondarma soyqırımla bağlı paylaşdığı tvitterlərdə erməniləri dəstəkləməsi də İdalqonun anti-Türkiyə mövqeyini bir daha təsdiqləyir. O, paylaşdığı tvitterdə yazıb: “Yüz il əvvəl minlərlə qadın, uşaq və kişi erməni olduğu üçün öldürülüblər”.

Göründüyü kimi, sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq şəkildə nümayiş etdirməyə başlayıb. Belə ki, Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədi ilə ciddi səylər göstərib. Fransa Xarici İşlər Nazirliyi ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəkləyib. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik kimi də qiymətləndirmək olar.

Onu da qeyd edək ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, münaqişənin həlli ilə bağlı beynəlxalq vasitəçi rolunda iştirak edir. Ancaq bu ölkə son illərdə nümayiş etdirdiyi mövqeyi ilə tərəfsiz olmadığını, Ermənistanı açıq-aşkar dəstəklədiyini göstərib. Hətta rəsmi Paris Türkiyənin Dağlıq Qarabağ məsələsinin həllində iştirakından qıcıqlandıqlarını da gizlətmir. Bu məsələdə beynəlxalq normalara əməl etməyən Fransa unudur ki, Türkiyə ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Bu səbəbdən onun prosesdə fəallığı da məntiqidir. Ancaq Parisin Ermənistanın Cənub Qafqazda oynadığı pozuculuq rolunu, işğalçılığını müdafiə etməsi anlaşılmazdır.

Görünür, Fransa ilə Ermənistan soyqırımlar törətməklə bir-birinə oxşayır. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini məhv edib. Özünü “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib.

Ermənistan da son yüz ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla Fransaya çox bənzəyir. Görünür, onları birləşdirən ümumi dəyər məhz bu cəhətləridir.