KÖŞƏ

Qvami Məhəbbətoğlu

“Freedom House”: əli kərimlilərin ümidinə qalmış üzdəniraq qurum

08 fevral 2019 10:37
2594

Radikal müxalifətin son mitinqlərində bir daha bəlli oldu ki, onlar sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətlərindən hələ əl çəkməyiblər. Aksiyalara qatılanların sayından aydın görünür ki, dağıdıcı müxalifəti dəstəkləyənlər olduqca azdır. Amma sosial şəbəkələrdə bu qaragüruhçu qüvvələr təşkil etdikləri aksiyaları elə təqdim edirlər ki, guya bunların keçirdikləri “tədbirlərdə” izdiham yaşanıbmış. Bu da şübhəsiz, onlara havadarlıq edən antiazərbaycan dairələri razı salmaq niyyətindən irəli gəlir.

Belə uğursuzluqlara baxmayaraq, vicdanlarını yadellilərə satan bu mənfurlar yenə əsassız ittihamlar səsləndirərək öz bəd əməllərini davam etdirməkdədirlər. Belə ki, bu günlərdə AXCP sədri Əli Kərimli sosial şəbəkələrdə bildirib ki, guya son illərdə müstəqil Azərbaycan demokratiya sahəsində geridə qalmış ölkəyə çevrilib. Özü də o, “demokratik geriləmələr”i “Freedom House”un bu günlərdə hazırladığı hesabatı ilə “əsaslandırmağa” çalışıb.

Bəri başdan qeyd edək ki, qərəzli, qeyri-obyektiv və analoqu olmayan “qiymətləndirmə” aparan bu “hüquq-müdafiə təşkilatı” əslində belə “hesabatlarla” özünü lap nüfuzdan salır. Sual olunur: “Freedom House” ölkəmizlə bağlı hesabat hazırlayarkən hansı mənbələrə əsaslanıb? Olmaya bu qurumun hansısa ekspert qrupu respublikamıza gələrək araşdırmalar aparıb? Əslində isə heç belə bir məlumat yoxdur. Bəs həmin hesabat necə ərsəyə gətirilib?

 Şübhəsiz, ölkəmizdə sabitliyi pozmaq istəyənlərin, “ələkçiyə qıl verən”lərin - əli kərimlilərin donosları, yalan məlumatları əsasında... Elə hesabatdan da  bu, aydın görünür. Halbuki ölkəmizin son illərdəki nailiyyətləri bir çox beynəlxalq qurumlar tərəfindən təqdir olunur, nümunə göstərilir. Üstəlik vurğulanır ki, əgər Azərbaycanda insan hüquqları qorunmasaydı, bir sıra dünya reytinqlərində mövqeyini yaxşılaşdıra bilməzdi. “Freedom House” isə bütün bunlara göz yumur. 

Burada bir məsələni xatırlatmaq yerinə düşərdi. Guya həbsxanada blogger Mehman Hüseynovun hüquqlarının pozulmasından danışanlar Ermənistanda cərəyan edən hadisələrə əsla reaksiya verməyərək ənənələrinə sadiq qalaraq yenə lal, kar, kor oldular. Yəni, həbsxanada keçirdiyi aclıq aksiyasından sonra ölən partiya sədrinin müavini, jurnalist Mqer Yeqizaryanla bağlı hadisə “Freedom House”un hesabatında yer almayıb. Bununla da Ermənistan demokratik ölkə kimi təqdim olunub. Yəni “qismən azad” ölkələr siyahısında yer alıb. Azərbaycan isə Cənubi Qafqazda yeganə “azad olmayan” ölkə kimi qiymətləndirilib.

Bu isə həmin hesabatın bir daha antiazərbaycan dairələrin siyasi sifarişi əsasında hazırlandığından xəbər verir. Özü də “Freedom House”un belə hesabatlarla çıxış etməsi, daha doğrusu, Azərbaycana demokratiya dərsi keçməyə çalışması  ilk dəfə deyil. Odur ki, əli kərimlilərin fikirləri əsasında formalaşmış belə təqdimatlar xalqı təəccübləndirmir, sadəcə, bu zavallıların sayaqlamaları insanlarda ikrah hissi doğurur. Çünki xalq yaxşı dərk edir ki, bütün bunlar Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyasının tərkib hissələrindəndir. Xalqı isə yalnız bir şey təəccübləndirir: necə olub ki, nəfslərinə hakim ola bilməyən, vicdanlarını qrantlara satan əli kərimlilər bir vaxtlar yüksək vəzifələrdə “fəaliyyət” göstəriblər?

Sosial şəbəkələrdə Əli Kərimli onu da bildirib ki, bəs bizdə siyasi məhbuslara işgəncə verilməsi ilə bağlı “faktlar” da var. Guya bu yolla “siyasi” məhbusları onun əleyhinə yalan ifadələr verməyə məcbur edirlərmiş. Bu əsassız, böhtan, şantaj xarakterli iddia isə bir daha ondan xəbər verir ki, mənəvi-psixoloji burulganlar girdabında boğulan, öz ambisiyalarının və şəxsi maraqlarının girovuna çevrilən Əli Kərimli siyasi məhbus alverini davam etdirməkdə, “qaz vurub qazan doldurmaqdadır”. Digər tərəfdən, onun məqsədi bəzi beynəlxalq qurumlara özünü “millət, Vətən fədaisi”,”qəhrəman”, sanballı fiqur kimi təqdim etməkdir. Amma unudur ki, fiqurun başqa bir adı var ki, onu xalq da yaxşı bilir.