11 fevral 2019 10:32
90

“Freedom House”un antiazərbaycan hesabatları nəyə xidmət edir?

Artıq bu, çox bir pis ənənəyə çevrilib: nə vaxt ki, Azərbaycanda demokratik islahatların yeni mərhələsi başlayır və ölkəmiz sosial-iqtisadi uğurlara nail olur, bəzi antiazərbaycançı beynəlxalq təşkilatlar dərhal saxta hesabatlarla dövlətimizin imicinə zərbə vurmağa çalışırlar. Belə təşkilatlardan biri də “Freedom House”dur. Təşkilat  2019-cu il üçün hesabatında Azərbaycanı Cənubi Qafqazda yeganə “azad olmayan” ölkə kimi “qiymətləndirib”. Ümumiyyətlə, onun qeyri-obyektiv və saxta rəylərə güvənərək qərəzli hesabatlar hazırlaması bu təşkilatın çirkli siyasi oyunlarda iştirakını göstərir.

Xüsusən, hələ iki il bundan əvvəl bu təşkilat hesabatında  qondarma “DQR”i Azərbaycandan ayıraraq “qismən azad ərazi” kimi qələmə vermiş və fikrini guya belə əsaslandırmağa çalışmışdı ki, həmin ərazidə “demokratik prezident seçkiləri”i keçirilmişdir. Diqqət edin: bütün dünya ölkələrinin qondarma “DQR” tanımaqla bağlı konkret bəyanatları olduğu halda, bu təşkilat birbaşa Azərbaycanın ərazi bütövlüyünü təhdid edir. Xüsusilə 2019-cu ildə Dağlıq Qarabağ probleminin həllində mövqe üstünlüyü qazanmağa başladığımız bir dövrdə bu təşkilat Azərbaycana qarşı qərəzini yenidən ortaya qoydu. 

Təbii ki, təşkilatın hesabatında ölkəmizə qarşı böhtanları onun  ermənipərəstliyinin daha bir göstəricisidir. Daha bir nümunə: necə olur ki, hesabatda həbsxanadakı Mehman Hüseynova ciddi- cəhdlə diqqət ayrılır, ancaq Nikol Paşinyanın göstərişi ilə həbsxanaya atılan və orada aclıqdan, fiziki təzyiqlərdən ölən “Haynyus.am” saytının rəhbəri və “Erməni Qartalları: Vahid Ermənistan Partiyası”nın sədr müavini Mger Yegiazaryan yaddan çıxır.

Bu kimi antiazərbaycan təşkilatların ölkəmizə qarşı qərəzli hücumlarının dağıdıcı müxalifət  tərəfindən dəstəklənməsi də başda AXCP sədri Əli Kərimli olmaqla bəzi dağıdıcı qüvvələrin antimilli mahiyyətindən xəbər verir.

Qeyd edək ki, müstəqilliyinin 3-cü onilliyinə qədəm qoyan Azərbaycan qısa müddətdə nail olduğu inkişafın bütün parametrləri üzrə min illik dövlətçilik ənənələri olan ölkələrlə bir sıradadır. Azərbaycan BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq qurumlarda təmsil olunur. Dünyanın maraq göstərdiyi böyük miqyaslı ictimai, siyasi, mədəni tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və möhkəmləndirilməsi üçün ən qabaqcıl təcrübələr tətbiq edilir.

Ölkəmizdə qeyri-hökumət təşkilatlarının layihələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi vətəndaşların və ictimai qurumların fəallığının artmasına böyük təkan verir. Bu gün Azərbaycanda ictimai-siyasi həyatın elə bir sahəsi yoxdur ki, orada QHT-lərin fəaliyyəti və sərbəst mövqeyi görünməsin. 2500-dən çox QHT-nin qeydiyyata alınması bunu təsdiqləyir. Vətəndaş cəmiyyətinin mövcudluğunu şərtləndirən bütün seqmentlər normal və ahəngdar şəkildə fəaliyyət göstərir.

Ölkəmizdə demokratikləşmə, insan hüquq və azadlıqlarının təsbit edilməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm tərkib hissələrindən biri azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə olan bütün maneələrin tamamilə aradan qaldırılmasıdır. Ölkə rəhbərliyi milli  mətbuatın mütərəqqi və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. İnternet tam azaddır, jurnalistlər sərbəst şəkildə məlumat əldə etmək və yaymaq imkanına malikdirlər.

Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə yanaşı, siyasi partiyaların da fəaliyyəti üçün hərtərəfli imkanlar yaradılmışdır. Bu günədək 55 siyasi partiya qeydiyyatdan keçib. Cəmiyyətin hər bir üzvünün hansısa birlik, ittifaq, dərnək yaratmaq, ictimai həyatda fəal iştirak etmək hüququ ölkə Konstitusiyası və qanunları ilə təsbit olunub. Azərbaycanda vətəndaşların sosial və iqtisadi hüquqları müasir dövrün prinsiplərinə uyğun təmin olunur. Eyni zamanda, bütün bu sahələrin müvafiq mexanizmləri də dinamik bir formada təkmilləşir və inkişaf edir.

Lakin bir məsələni də qeyd etməliyik ki, biz ölkəmizin yüksəlişindən, xalqımızın rifahının yüksəlməsindən nə qədər qürur duysaq da, müstəqilliyimizi gözü götürməyən, dövlətçiliyimizi istəməyən bəzi dairələr bu inkişafa qısqanclıqla yanaşır, Azərbaycana qarşı çirkin kampaniyalar aparırlar. “Freedom House” kimi subyektiv məqsədlərə xidmət göstərən təşkilat isə Azərbaycana qarşı aparılan qərəzli kampaniyaların fəal iştirakçıları qismində çıxış edir.

“Freedom House” insan hüquqlarından, ölkələrin azadlığından danışarkən, ilk növbədə, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməlidir. Ən azından bu ölkə Azərbaycanın beynəlxalq miqyasda bütün səviyyələrdə tanınmış ərazi bütövlüyünü pozub. Nəticədə yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrilib, işğal olunmuş Dağlıq Qarabağ və digər rayonlarda maddi-mədəniyyət abidələri dağıdılıb. “Freedom House” təşkilatının sənədlərində göstərilir ki, onun əsas məqsədi demokratik dəyişiklikləri təşviq etmək, dünyada azadlığın vəziyyətini müşahidə etmək və insan haqlarını qorumaqdır. Lakin artıq bir neçə ildir ki, “Freedom House” bu coğrafiyanı daraldaraq müsəlman ölkələrini əsas tənqid hədəfinə çevirib. Anti-Azərbaycan şəbəkənin sifarişlərini yerinə yetirən bir neçə QHT-nin subyektiv məlumatları əsasında hazırladığı hesabatlarla “Freedom House” ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmaq və bu cür şər-böhtan kampaniyaları ilə Dağlıq Qarabağı Azərbaycandan qoparmaq prosesinə yardım etmək vəzifəsini yerinə yetirir.

Elçin Zaman, “İki sahil”