14 yanvar 2020 20:55
598

Füzuli rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Füzuli rayonunda silsilə tədbirlər davam edir. Faciənin ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət evləri və kitabxanalarda, muzeylərdə anma mərasimləri, xatirə gecələri, konfranslar keçirilir, sərgilər təşkil olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 Yanvar faciəsinə həsr olunmuş növbəti tədbir rayonun Zobucuq qəsəbəsindəki kitabxanada keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının, qəsəbə sakinlərinin iştirak etdiyi tədbirdə 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxış edərək 20 Yanvar hadisələrinin mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə ətraflı məlumat verib, bu hadisələrin müstəqilliyimizə aparan şərəfli yolun başlanğıcı olduğunu diqqətə çatdırıb. Bildirib ki, o ağır günlərdə xalqının səsinə hər kəsdən əvvəl səs verən ulu öndər Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Tədbir məktəblilərin hazırladıqları kompozisiya ilə davam edib.

Sonda iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən kitab sərgisinə baxış keçiriblər.