07 noyabr 2019 14:19
115

Füzulidə imzatoplama kampaniyasını 20 YAP fəalı həyata keçirir - FOTO

Azərbaycanda bu ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatında nəzərdə tutulmuş tədbirlər ardıcıllıqla həyata keçirilir. Namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən şəxslərin qeydə alınması üçün rayonda imzatoplama kampaniyası uğurla həyata keçirilir.

YAP Füzuli rayon təşkilatından verilən məlumata görə, rayon üzrə Dairə Seçki Komissiyası tərəfindən seçici imzalarının toplanması məqsədilə partiya fəallarının hər birinə imza vərəqi və onun doldurulması üçün müvafiq təlimatlar və yaddaş kitabçaları verilib, imza vərəqələrinin doldurulması qaydası ətraflı izah olunub, suallar cavablandırılıb.

YAP rayon təşkilatının sədri Almaz Həşimova məlumat verib ki, bir müddət öncə YAP Mərkəzi Seçki Qərargahının Füzuli rayon şöbəsi yaradılıb: “Qərargahın rayon şöbəsinin 13 nəfər üzvü var ki. Onlar mütəmadi olaraq toplaşırlar. Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onların hər biri gördüyü işlər barədə mütəmadi olaraq məlumat verir. Noyabrın 5-dən imza toplanılması prosesinə başlanıb. Bu prosesi 20 partiya fəalı həyata keçirir. Onlar evlərə gedərək imza toplayırlar. Füzuli bələdiyyəsinin 189 üzvü var və partiyamız tərəfindən hər bir yer üçün namizəd irəli sürülüb. Hər bir irəli sürülən namizədin qeydə alınması üçün minimum 15-35 seçici imzası tələb olunur.”

Seçki Məcəlləsinə uyğun olaraq həyata keçirilən prosesdə bütün füzulililər yüksək fəallıq nümayiş etdirirlər. Dövlətə və dövlətçiliyə daim sadiq olan Füzuli sakinləri böyük məmnuniyyətlə Yeni Azərbaycan Partiyasının namizədlərinə öz imzalarını verməklə bunu dövlətimizin parlaq gələcəyinin təminatı kimi qiymətləndirirlər.

Orxan Vahidoğlu, “İki sahil”